İrəvan ümumilikdə sülh sazişini Qərbin himayəsi ilə imzalamaq istəyir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov Azərbaycan-Ermənistan sülh müqaviləsi haqda danışarkən deyib.
“Hazırda mövcud geosiyasi vəziyyət, eləcə də Rusiyanın avqust ayından etibarən Cənubi Qafqaz istiqamətində daha da aktiv səyləri səbəbindən proses mürəkkəbləşib. Gördüyümüz kimi, Rusiyanın bu səyləri onun artan rolu və Ukrayna cəbhəsindəki uğurları ilə üst-üstə düşür ki, bu, məncə, təsadüfi deyil. İrəvan və Bakının geosiyasi məsələlərdə ehtiyatlı olması da təsadüfi deyil, çünki hamımızın müşahidə etdiyimiz kimi, vəziyyətlər daim dəyişir. Təbii ki, həlledici amil Qərbin və Rusiyanın regional müttəfiqləri ilə birgə apardığı siyasətdir. Kiçik ölkələrin siyasəti nöqteyi-nəzərindən bu hadisələrin istiqamətləndirici əhəmiyyəti var”, - deyə Tarasov bildirib.
Tarasov hazırda Qərb üçün vəziyyətin daha qeyri-sabit göründüyünü düşünür:
“Gürcüstandakı seçkilərin nəticələri Qərb və Rusiya üçün gözlənilməz olmadı və bu, Rusiyaya daha inamlı hərəkət etmək imkanı verir”.
İrəvan-Bakı danışıqlarına gəlincə, Tarasovun iddiasına görə, tərəflərin təklif mübadiləsindən asılı olmayaraq, hələlik yekun razılaşma olmayacaq:
“Yaxın bir neçə ay ərzində heç bir saziş imzalanmayacaq”.