AZ

Azərbaycanda BOKT-ların məsafədən kreditləşməsi tənzimlənəcək

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2022-ci il 4 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda məsafədən bank hesablarının açılmasına dair tələblər müəyyən edilib. Mövcud təcrübədən Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi qaydası layihəsi hazırlanan zaman da yararlanacaq.

Fins.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq AMB-dən bildirilib.

Qeyd olunub ki, sözügedən prosesin tənzimlənməsi bank olmayan kredit təşkilatlarında məsafədən kreditləşmənin tətbiqi zamanı müştərilərinin zəruri identifikasiya tədbirlərini doğru həyata keçirməyə, bu sahədə gələcəkdə yarana biləcək neqativ halların artmamasının qarşısının alınmasına imkan verəcək:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırlanmış və qüvvəyə minmiş “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanununa əsasən, Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi qaydasına dair tələb müəyyən edilib.

Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi qaydası layihəsində kredit risklərinin idarə edilməsi siyasəti və monitorinqinə dair tələblərlə yanaşı, kredit risklərinin qiymətləndirilməsi və inzibatçılığı ilə bağlı minimum tələblər qeyd olunur.

Layihədə istehlak kredit müqaviləsinin məsafədən bağlanması zamanı tələblərin müəyyən edilməsi nəzərdə tutulur. Bu zaman “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan, eləcə də, bu Qanundan irəli gələrək hazırlanmış “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ının tələbləri də nəzərə alınacaq”.

Məlumatda vurğulanıb ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “2024-2026 Maliyyə Sektorunun İnkişafı Strategiyası” çərçivəsində rəqəmsal maliyyə təşəbbüslərindən biri olan “Müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi prosesinin təkmilləşdirilməsi” üzrə icra ediləcək fəaliyyətlərdən biri kimi Bank hesablarının açılması, aparılması və bağlanması Qaydasında məsafədən hesabların və müqavilələrin bağlanılması üçün istifadə edilən eyniləşdirmə və imzalama üsullarının təkmilləşdirilməsi planlaşdırılır:

“Risk yönümlü yanaşma əsasında, bank olmayan kredit təşkilatları istehlak kreditlərinin verilməsi zamanı qaydaların müvafiq bəndlərini rəhbər tutaraq proseslərini rəqəmsallaşdıra biləcəklər”.

“Məsafədən kreditləşmənin müsbət tərəflərinə sürətli və asan əlçatanlıq, vaxt qənaəti və prosesin rəqəmsal kanallarla aparılması sayəsində fiziki banka getmədən kredit əldə etmə imkanı daxildir. Bu üsul müştərilərə müxtəlif kredit təkliflərini müqayisə etməyə də imkan verir. Ancaq mənfi tərəfləri də mövcuddur: məsafədən kreditləşmə zamanı müştərinin kimliyinin düzgün eyniləşdirilməməsi və ya məlumat təhlükəsizliyində çatışmazlıqlar risklər yarada bilər. Həmçinin məsafədən müraciət prosesində müştəriyə daha az dəstək göstərilə bilər”, - deyə məlumatda qeyd olunub.

Seçilən
30
4
fins.az

6Mənbələr