AZ

Azərbaycan dövləti Beynəlxalq Təşkilatların 30-ilə yaxın bir zamanda həll edə bilmədiyi münaqişəni 44 gün ərzində həll etdi



27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun Komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlandı və İkinci Qarabağ müharibəsinə çevrildi.
Ermənistan ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan olundu.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi.
Azərbaycan xalqı bir gün tarixi ədalətin bərqərar olunacağına , torpaqlarımızın işğaldan azad ediləcəyinə həmişə öz ümidini itirməmiş və həmin günü böyük səbirsizliklə gözləmişdir. Səriştəsiz,qaniçən,vandal erməni rəhbərliyindən fərqli olaraq, Azərbaycan dövləti savadlı , liderlik qabiliyyətli, idarəçilik bacarığına malik bir şəxsiyyət-Prezident İlham Əliyev cənabları tərəfindən uğurla idarə olunurdu. Cənab Prezidentimiz İlham Əliyevin dəfələrlə Beynəlxalq Təşkilatların tribunalarından çıxış edərək, Azərbaycan Qarabağ torpaqlarının azad olunmasında sülh danışıqlarına üstünlük verməsini, müharibə istəmədiyini bildirməsi mənfur qonşularımızda onlardan qorxduğumuza dair təsəvvür yaratmışdır. Müzəffər Ali Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu. Çünki bu hadisə ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoymasının ən mükəmməl müasir nümunəsi oldu. Bu baxımdan son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz inikallığı ilə fərqləndi.Azərbaycan müharibəni heç vaxt istisna etmirdi
Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması bütün dünyaya, hətta erməni xalqının özünə də yaxşı məlumdur.
Azərbaycan danışıqların davam etdiyi illər ərzində enerji layihələrini reallaşdırdı, inkişaf etdi və yeganə problemi olan ərazilərinin işğalının müharibə yolu ilə azad olunmasını istisna etməyərək ordu quruculuğunu həyata keçirdi. Bu mənada Azərbaycan düşmənə zərbəni öz məqamında və zamanında vurdu. Bu zərbə elə olmalıydı ki, Ermənistan ilk andan büdrəsin. Belə də oldu və müharibənin ilk günündən işğalçı elə bir zərbəyə tuş gəldi ki, illər boyu möhkəmləndirdiyi istehkamları dərhal tərk edərək qaçmalı oldu.
İndi Ermənistan özünün heç vaxt xilas ola bilmədiyi işğal siyasətinin, erməni millətçilərinin xəstə təfəkkürünün acı nəticəsini yaşayır. Düşməni bu hala salan isə güclü Azərbaycan dövləti və müzəffər Ordumuzdur.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
Artıq möhtəşəm qələbəmizdən 4 il keçir. Erməni vandalizminin, vəhşiliyinin qurbanına çevrilərək, viran qoyulan Qarabağda cənab Prezidentin rəhbərliyi ilə abadlıq, quruculuq işlərinə start verilib və bir sıra əhəmiyyətli obyektlər istifadəyə verilib. Sakini olduğum Qarabağın giriş qapısı sayılan Cəbrayıl rayonunda da bərpa, quruculuq işləri yüksək sürətlə aparılır. Bu ilin oktyabr ayında dogma rayonumuza da ilk köç karvanı yola salındı. Prezident İlham Əliyev cənablarının rayonumuzun işğaldan azad olunmasının 4-cü ildönümü münasibətilə 4 oktyabrda Cəbrayıla səfər edərək sakinlərimizə yeni mənzillərin açarlarını təqdim etməsini mən də bir vətəndaş kimi qürür hissi ilə seyr etdim.
Yaşasın Azərbaycan xalqı !
Qarabağ Azərbaycandır !

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini




Seçilən
26
aia.az

1Mənbələr