“Mənşəyinə görə farş ətlər hər zaman risk mənbəyidir. Çünki farş bir çox hallarda köhnə ətdən hazırlanır. Belə satılan ətlərin üzərində onun keyfiyyəti, müddəti və tərkibi ilə bağlı ətraflı məlumat bir çox hallarda qeyd olunmur. Farş ətlər digər ətlərdən ona görə ucuz satılır ki, onların tərkibində keyfiyyətsiz və bəzən də xəstə heyvan ətlərinə rast gəlmək olur”.
Bu sözləri Moderator.az-a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri,sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, farşın içinə bir çox hallarda da ətin yeyilə bilməyən hissələri - heyvan dərisi, qığırdağı, yumşaq sümüyü də qatılır ki, bunlar da insanlarda həzm, sağlamlıq problemlərinə gətirib çıxarda bilər:
“Yaxşı olar ki, vətəndaşlar təzə, mənşəyi bəlli olan, baytarlıq nəzarətindən keçən, sertifikatı olan ət alsınlar”.
Qida mütəxəssisinin sözlərinə görə, bəzən şəxslər ət alarkən marketlərdə və yaxud da ət satış məntəqələrində satıcıdan onu farş halına salınmasını istəyirlər:
“Əksər hallarda ət maşınının mütəmadi təmizlənməsi həyata keçirilmir. Çünki ət maşınında öncəki çəkilən ətin bir hissəsi qalır ki, bu da yeni ətlə birləşdikdə tərkibində bir çox mikroorqanizmlər olur ki, temperatur rejiminə əməl olunmadıqda sürətlə çoxalır. Eyni zamanda , köhnə ət hissəcikləri təzə ətə qarışaraq onun da keyfiyyətinə təsir edir. Bir çox ölkələrdə farş ət ona görə qadağan edilib ki, onu hazırlayarkən süni rəngləndiricilərdən, dadlandırıcılardan və bəzən aroma vericilərdən istifadə edirlər ki, bu da ətin görünüşünü yaxşılaşdırsa da keyfiyyətini yaxşılaşdırmır. Belə əti də qəbul edən insanlarda müəyyən sağlamlıq problemləri yaranır. Ona görə farş ət hər zaman risk qrupunda aid olan qida məhsulu hesab olunur”.
Mehin Mehmanqızı