AZ

Bərabərlik hər kəsin ayaqqabısının olması deyil

İnsan hüquqlarının müdafiəçisi Malkolm X “təhsili gələcəyə pasport” adlandırırdı. Təhsildə müxtəliflik, bərabərlik və inklüzivliyin əhəmiyyəti, onun təhsilalanlar və müəllimlər üzərində təsiri haqqında çox danışılıb.

Pedaqoji ədəbiyyatda göstərilir ki, tədris materialları müxtəlif perspektivləri və təcrübələri əks etdirməlidir. Bu, müxtəlif etnik mənşəli müəlliflərin kitablarından istifadə, fərqli ölkələrə aid tarixi faktları qeyd etmək və qlobal məsələləri araşdırmaqla həyata keçirilə bilər. Müəllimlər bütün təhsilalanların bərabər öyrənmək imkanlarına malik olmasını təmin etmək üçün fərqli tədris metodlarından istifadə etməlidirlər. Bu, təhsil almaqda çətinlik çəkənlərə əlavə dəstək vermək, müxtəlif öyrənmək üslublarına uyğun fərqli tədris texnikalarını tətbiq etməyi əhatə edə bilər. Məktəblər bütün şagirdlərin özlərini dəyərli hiss edəcəyi, açıq ünsiyyət mədəniyyətinə üstünlük verildiyi, zorakılıq və ayrı-seçkiliyin olmadığı, müxtəlifliyin müxtəlif tədbirlər və fəaliyyətlər vasitəsilə qeyd edildiyi inklüziv atmosfer yaratmalıdır.

Təhsildə müxtəliflik inklüziv və ədalətli təhsil mühitinin yaradılmasında mühüm rol oynayır. Fərqli mədəniyyətlər, ənənələr və perspektivlər üçün hörmət, anlayış və qiymətləndirməni təşviq edir. Bu, stereotip, qərəz və əvvəlcədən formalaşmış fikirləri müzakirə edərək, mədəniyyətlərarası anlayışı inkişaf etdirir və diskriminasiyanın azaldılmasına yardım göstərir.

Təhsildə bərabərlik

Təhsildə bərabərlik bütün təhsilalanlar arasında resursların, imkanların və dəstəyin ədalətli şəkildə paylanmasıdır. Bərabərlik həm də hər kəsə bərabər imkanların yaradılması və potensiallarını reallaşdırmaq fürsətinin verilməsidir. Bu, fərdi öyrənmə strategiyaları, müxtəlif öyrənmə tərzlərinə və ehtiyaclarına uyğun resursların təmin edilməsi kimi məsələləri də əhatə edə bilər. Təhsildə bərabərliyin təmin olunması bəzi təhsilalanların qarşısına çıxan maneələrin aradan qaldırılmasına kömək edir. Bütün təhsilalanların ehtiyac duyduğu vasitələrə və imkanlara çıxışı olan mühit yaratmaq inklüziv öyrənmə sahələrini inkişaf etdirir.

Education Trust-un apardığı tədqiqatlar göstərir ki, təhsildə bərabərliyi təmin edən məktəblərdə müxtəlif etnik qruplardan və aztəminatlı ailələrdən olan şagirdlər daha yaxşı imtahan nəticələri göstərirlər. Şagirdlərin özlərini təhlükəsiz və bərabər imkanlara malik hiss etdiyi inklüziv siniflər psixoloji sağlamlığa müsbət təsir edir. Uşaqlar arasında zorakılığın azalması, özünə inamın artması daha müsbət məktəb mühiti yaradır.

Cəmiyyətdə bərabərlik hər kəsin ayaqqabısının olması deyil, hər kəsin ayağına uyğun ayaqqabı geyinməsidir. Təhsildə bərabərliyin də məqsədi bütün təhsilalanlara eyni resurs və dəstəyi təmin etməkdir. Nəticədə, təhsil və həyat təcrübəsindən asılı olmayaraq, bütün şagirdlərin akademik və şəxsi sahələrdə uğuru ədalətli şəkildə təmin olunur.

İnklüziv kurikulumda bərabərlik

“Teaching Tolerance” təşkilatı təhsildə bərabərliyin xüsusilə inklüziv qruplar üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. Mütəxəssislər qeyd edir ki, inklüziv təhsildə kurikulum təhsilalanların müxtəlifliyini və təcrübələrini nəzərə alaraq hazırlanmalıdır. Təşkilatın araşdırmasında göstərilir ki, belə yanaşma şagirdlərin tənqidi düşünmə qabiliyyətini inkişaf etdirir. “Hamı üçün eyni” yanaşması təhsilalanların müxtəlif mədəni, etnik, dil və sosial-iqtisadi mənşəyinə baxmayaraq bərabər imkanlar yaradır.

İnklüziv təhsildə məktəb və müəllimlər aşağıdakı səmərəli strategiyaları həyat keçirə bilərlər:

Peşəkar inkişaf: müəllimlərə fərqli tədris metodologiyaları üzrə davamlı təlimlər təqdim etmək;Əməkdaşlıq: təhsil mütəxəssisləri, məsləhətçilər və valideynlər arasında əməkdaşlıq əlaqələri qurmaq;Texnologiyanın inteqrasiyası: köməkçi proqramlar, onlayn öyrənmə platformaları və tərcümə tətbiqləri kimi texnoloji vasitələrdən istifadə;Ünsiyyət: təhsilalanlar, müəllimlər və valideynlər arasında ünsiyyəti gücləndirməklə çətinliklərin aşkarlanması və erkən müdaxiləni asanlaşdırır;Əlçatanlıq qiymətləndirmələri: məktəb binaları, kurikulum materialları və ünsiyyət metodlarının mütəmadi olaraq əlçatanlılığını ölçmək təhsilalanlar üçün öyrənmə imkanlarına bərabər çıxışı təmin edir.

Müstəqil araşdırmaçı Corc Qallapın apardığı tədqiqatlar göstərir ki, belə praktikalara malik məktəblərdə müəllimlərin iş məmnuniyyəti yüksəlib. Bu, müəllimlərə daha səmərəli və inklüziv siniflər yaratmaq üçün bacarıq və strategiyalar təqdim edir, onların özlərinə inamını artırır. Həmin prinsipləri qəbul etməklə, məktəblər yalnız ədalətli öyrənmə mühiti yaratmır, həm də gələcəyə sərmayə qoyur. Onlar müxtəlif, eyni zamanda bir-birinə bağlı dünyada uğur qazanmaq üçün hazır bir nəsil yetişdirirlər.

Seçilən
27
tehsil.biz

1Mənbələr