Pakistanın şərqindəki Pəncab əyaləti hava çirkliliyinin rekord həddə çatması səbəbindən Hindistanla “iqlim diplomatiyası” istəyir.
Hafta.az-ın yazdığına görə, Pəncabın Ətraf Mühit və İqlim Dəyişikliyi Naziri Raca Cahangir Ənvər Pakistanın 127 milyon əhalisi olan bu bölgəsinin Hindistan rəhbərliyinə bu mövzuda dialoqa başlamaq üçün məktub yazdığını açıqlayıb.
Pəncabın Lahor şəhərində havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "məqbul" olaraq təyin etdiyi səviyyədən 40 dəfə çox artıb və 14 milyondan çox insanın yaşadığı Lahor "ən yüksək hava çirkliliyi səviyyəsinə malik şəhərə çevrilib".
Çirklənmənin artması ilə hərəkətə keçən Ənvər də CNN-ə danışaraq, "Regional və qlobal bir məsələ olduğu üçün iqlim diplomatiyasına ehtiyac var" deyib: "Biz heç kimi günahlandırmırıq, bu təbii hadisədir. Şərqdən Hindistana doğru əsən külək bizə də təsir edir”.
Məlumdur ki, Pakistanın şərqində və Hindistanın şimal bölgələrində havanın çirklənməsi hər qışda güclənir. Kənd təsərrüfatı tullantılarını yandıran fermerlər, kömürlə işləyən elektrik stansiyaları, nəqliyyatın hərəkəti və küləksiz günlər vəziyyəti daha da pisləşdirir.
Hinduların işıqlar festivalı olan Divali həftə sonu keçirildi və onun səbəb verdiyi çirklənmənin Pakistanda da əks olunduğu təxmin edilir.
ÜST bildirir ki, havanın çirklənməsi ağciyər xərçəngi, insult və ürək xəstəliklərinə səbəb ola bilər. Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, bu hava yüz milyonlarla insanın ömrünü xeyli qısalda bilər.
Pakistanın Pəncab əyalətinin səlahiyyətliləri hava çirkliliyinin rekord həddə çatdığı Lahorda müxtəlif tədbirlər görməyə çalışır. Ştat rəsmiləri hava keyfiyyətinin pis olması səbəbindən şəhərdəki bütün ibtidai məktəblərdə təhsilin bir həftəlik dayandırılacağını açıqlayıb.
Havanın çirklənməsinin uşaqlar üçün təhlükəsini vurğulayan Pəncabın Baş naziri Məryəm Aurangzeb məktəblərdə maska taxmağın məcburi edilməsini istəyib.
Pəncab hökuməti oktyabrın 30-da Lahorda intensiv hava çirkliliyi olan ərazilərdə havanın keyfiyyətini aşağı salan fəaliyyətlərə məhdudiyyətlər qoyduğunu elan edib.