AZ

Tarixi Zəfərimizin dördüncü ildönümünü böyük qürur hissi ilə qeyd edirik ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən dörd il ötür. Tarixi Zəfərimizin dördüncü ildönümünü böyük qürur hissi ilə qeyd edirik.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və qərarlı liderliyi müharibə ərzində bütün strateji qərarlarda özünü göstərdi. Onun qətiyyəti sayəsində Azərbaycan xalqı və ordusu böyük bir inamla irəliləyərək qələbəyə doğru addımladı.Cənab Prezident İlham Əliyevin diplomatik sahədə apardığı məqsədyönlü işlər, xarici ölkələr və beynəlxalq təşkilatlar qarşısında Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi müharibədə qazanılan uğurlara güclü dəstək oldu.

Cənab Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarı ilə ifadə olunan iradəsi və əzmi bütün Azərbaycan xalqını ətrafında birləşdirdi. Müharibə zamanı hər kəs, gənclərdən yaşlı nəslə qədər, bu mübarizədə mənəvi güc nümayiş etdirərək orduya dəstək oldu. Xalqın həmrəyliyi, birliyi və sonsuz inamı, hər bir vətəndaşın qələbəyə olan inamını artırdı və bu qələbənin əldə olunmasında əsas rol oynadı.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur. Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoymuşdur.

Beləliklə, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bu Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər salnaməsidir.

Möhtəşəm Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaradan ölkəmiz yeni bir mərhələyə qədəm qoyub. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Dövlətimiz Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış strategiyasını həyata keçirmək üçün davamlı tədbirlər görür. Böyük Qayıdış strategiyasının həyata keçirilməsi qalib Azərbaycan dövlətinin yeni inkişaf dövrünün əsas istiqamətlərindəndir.

Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Seçilən
40
2
sesqazeti.az

3Mənbələr