AZ

Azərbaycan Xalq Cümhuriyyətinin misilsiz yadigarı

(əvvəli https://xalqqazeti.az/az/sosial-heyat/200837-azerbaycan-xalq-cumhuriyyetinin-misilsiz-yadigari)

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi məsələsini müzakirə etmək üçün Xalq maarif nazirinin müavini Həmid bəy Şahtaxtinskini Tiflisə danışıqlara göndərdi. Milli Hökumət Zaqafqaziya Universitetinin bütün çatışmazlıqlarına baxmayaraq, onun Bakıya köçürülməsində israrlı idi. Doğrudur, təhsilin rus dilində olması çoxlarının ürəyincə deyildi. Amma bu ali məktəbdən tezliklə Azərbaycan dilində tədris aparmağı tələb etmək də mümkün deyildi. Çünki çar Rusiyası həyatın bütün sahələrində azərbaycandilli mütəxəssislərin sayını heçə endirmişdi. Milli Orduda vəziyyət daha ağır idi.

Zaqafqaziya Universiteti ilə bağlı mübahisəli vəziyyət universitetin öz daxilində də davam edirdi. Bakıya köçməyin tərəfdarları ilə əleyhdarları arasında vəziyyətə aydınlıq gətirmək üçün Bakıya nümayəndə heyətinin göndərilməsi qərara alındı. Üç nəfərdən ibarət nümayəndə heyəti – rektor V.Razumovski və tələbələri təmsil edən bir nəfər Bakıda oldu. Nümayəndə heyətini mehribanlıqla qəbul edən Azərbaycan hökumət rəsmiləri Bakıda Universitetin açılması üçün bütün şərtləri yerinə yetirməyə hazır olduqlarını bəyan etdi. Milli Hökumətin rəsmi şəxsləri Tiflisdən gələn nümayəndə heyətinə onu da bildirdilər ki, Zaqafqaziya Universiteti Bakıya köçməsə də, Bakıda universitet açılacaqdır. 1919-cu il mayın 1-nə kimi nümayəndə heyətinə vaxt verildi, Tiflisdən cavab gəlmədi. Mayın əvvəllərində Azərbaycan Xalq maarifi nazirinin müavini H.Şahtaxtinski Razumovskiyə teleqram  göndərərək onu Bakıya dəvət etdi. Nazir müavini hökumətin adından V.Razumovskiyə Bakıda Universitetin təşkilinə yardım göstərmək üçün komissiya yaradılmasını təklif etdi. V.Razumovski bu təklifi məmnuniyyətlə qəbul edərək Bakıya gəldi və bu istiqamətdə fəaliyyətə başladı.

1919-cu il mayın 19-da ­V.Razumovskinin başçılıq etdiyi universitet komissiyası Milli Hökumət tərəfindən təsdiq olundu. Mayın 21-də universitet komissiyasının ilk iclası keçirildi və qısa müddət ərzində universitetin yaradılması ilə bağlı layihə Xalq Maarif Nazirliyinə təqdim olundu. İyulun 7-də Milli Hökumət universitetlə bağlı layihəni geniş müzakirədən sonra qəbul etdi.

Universitetin təsis olunması ilə bağlı layihə parlament müzakirəsinə çıxarıldı.

1919-cu ilin avqustun 18-də Azərbaycan Parlamentinin 66-cı iclasında universitetin təsis edilməsi haqqında qanun layihəsinin ilkin müzakirəsinə başlandı.İclasın sədri Həsən bəy Ağayev ilk sözü Mustafa Mahmudova verdi. M. Mahmudov təklif etdi ki, universitetin açılması ilə bağlı məsələ onların fraksiyalarında müzakirə olunmadığı üçün gələn iclasa qədər təxirə salınsın. Məsələnin müzakirəsi səsvermə yolu ilə növbəti iclasa keçirildi.

Avqustun 21-də parlamentin 67-ci iclası universitetin təşkili haqqında məsələyə həsr olundu. İlk əvvəl "Müsavat"ın üzvü Mehdi bəy Hacınski universitetin təşkili ilə bağlı hökumətin gördüyü işlər haqqında ətraflı məlumat verdi. Məlum oldu ki, universitetin təşkili ilə bağlı parlamentə qədər və parlament müzakirələrində iki fikir mövcuddur. Birinci fikrin tərəfdarları heç bir səbəb göstərmədən universitetin tezliklə açılmasının tərəfdarı idilər, ikinci fikrin müdafiəçiləri isə vaxtın azlığını nəzərə alaraq hələlik gözləməyi məsləhət bilirdilər. Mehdi bəy Hacınski parlamentə xitabən sual etdi: "Bakıda darülfünun olması mümkündürmü? Hökumət bəyan edir ki, mümkündür, çünkü professor-müəllim heyəti Bakıya gəlməyinə etiraz etmir, tədris müəssisəsi kimi, kommerçeski məktəbin binası hazır, tibb şöbəsi üçün alət-avadanlıq nümunələri var və s. Universitetin açılması üçün daha nə lazımdır?"

"İttihad" partiyasının sədri Qara bəy Qarabəyli universitetin açılmasına etiraz etmirdi, amma iddia edirdi ki, bilmirik, universiteti kimlər açır, kimlər oxuyacaq və şərtlər necə olacaq?

Məhəmməd Əmin Rəsulzadənin parlamentdəki çıxışı uzun vaxt aparsa da, məzmunu etibarilə hətta opponentlərini də razı saldı. Çıxışın ana xəttini aşağıdakılar təşkil edirdi: "Bizə nə üçün universitet lazımdır? Biz nə üçün rus dilində təhsilə möhtacıq? Milli darülfünun arzusunda olanlar nə üçün dərd çəkməməlidir?" M.Rəsulzadə deyirdi: "Elmin vətəni yoxdur, rus dilində hər hansı bir elmin tədrisi rus işğalı üçün şərait yaratmır. Rus darülfünunlarında təhsil edənlərdən zərər görən olmayıb. Ən əsası, bu darülfünun get-gedə milliləşəcək". 

Əslində, M.Ə.Rəsulzadənin bu çıxışı universitet təşkil etməklə nəyə nail ola bilərik, təşkil etməsək nələri itirə bilərik sualına ən tutarlı cavab idi. O, çıxışını bu sözlərlə bitirdi: "Heç bir millət tarixin ilk addımında milli bir darülfünunə sahib olmamışdır. Əvvəlcə özgələrdən istifadə edərək, sonra get-gedə qüvvət kəsb etmişdir. Darülfünun hansı dildə olsa da, açıb oxumalıyıq. Çünki bu müəssisə ilə biz bir ürfan müəssisəsi qururuq və öz gənclərimizi onun vasitəsilə ziyalandırıb, istədiyimiz milli professorlarımıza tədricən sahib olacağıq".

Həmişə müxalif yönümlü çıxışları ilə diqqəti cəlb edən sosialistlərin nümayəndəsi Səmədağa Ağamalıoğlu bizə univeristet nə üçün lazımdır sualını belə cavablandırdı: “Burada söyləyirlər ki, universitet 18 milyon pul aparır. Ona görə onu hələlik açmaq olmaz. Mən isə deyirəm ki, universiteti açmaqla biz gələcəkdə 18 milyon yox, bəlkə 18 milyard mənfəət götürdük. Bu universitet bir palıd ağacına bənzəyir, basdırarsan, iyirmi ildən sonra nəhəng ağaca çevrilər. Bir halda ki, fürsət və məqam özü gəlib, professorlar var, özləri gəlib işləmək istəyirlər, onları əldən buraxmaq olmaz”.

"Əhrar" Partiyasının nümayəndəsi Muxtar Əfəndizadə darülfünun açılmasına tərəfdar olduğunu bildirsə də, bu fikir də ona məxsus idi: "Hökumət dairələrində bu vaxta qədər hər iş rus dilində gedir. Qonşularımız erməni və gürcülər bizə gülürlər ki, bizim məmləkətdə ana dili işləndiyi halda, Azərbaycanda hənüz rus dili işlənir. Çünkü onlar istiqlallarını elan etdikləri gündən etibarən yazılarını, müamilələrini milliləşdirdilər. Fəqət hər nədənsə hala bu hərəkət bizdə yoxdur". 

Gərgin keçən müzakirələrin sonunda Maarif naziri Rəşid bəy Kaplanov və Mehdi bəy Hacınski universitetin tezliklə açılması üçün hamını həmrəyliyə çağırdı. Maarif naziri bütün tərəddüdlərə son qoymaq üçün üzünü parlament üzvlərinə tutaraq dedi: "Bizə ruhu yüksəldəcək bir elm ocağı lazımdır, o da, darülfünundan başqa bir şey deyildir. Madam ki, darülfünun açılması qabildir, madam ki, bunun əhəmiyyəti-siyasiyyə və milliyyəsini təsdiq edirik, o zaman tərəddüdə lüzum yoxdur". 

İclasın sonunda layihənin maddə-maddə səsə qoyulması qərara alındı.

Avqustun 25-də parlamentin 68-ci iclasında Mehdi bəy Hacınski darülfünun təşkili haqqında qanun layihəsini maddə-maddə səsə qoymağı təklif etdi. “­İttihad"ın sədri universitetə muxtariyyət hüququnun verilməsini yolverilməz saydı. Onun fikirincə yabancı professorlardan ibarət bir quruma muxtariyyət hüququ verilə bilməz. 

Məsələyə aydınlıq gətirmək istəyən Mehdi bəy Hacınski bildirdi ki, 72 maddədən ibarət darülfünun nizamnaməsində universitetə muxtariyyət hüququ verilir və bu muxtariyyət nizamnamə daxilində olacaqdır. Bu maddəyə münasibət bildirən Məhəmməd Əmin dedi: "Onların muxtariyyəti siyasi bir muxtariyyət deyil, nizamnamə daxilində elmi muxtariyyətdir. Darülfünunu bu şəkildə qəbul edib, ona muxtariyyət verilməlidir. Əgər muxtariyyət verilməsi ilə bir təhlükə mövcud olsa, hökumət əlinizdədir, hər şeyi yapa bilərsiniz".

Parlament müzakirəsi zamanı ən çox mübahisə doğuran maddələrdən biri tibb fakültəsinin professor heyətinə veriləcək əmək haqqı ilə bağlı idi. Bu məsələ haqqında açıqlama verən Maarif naziri dedi: "O mütəxəssislər ki, buraya gəlməyi arzu edirlər, onların maaşları təhdid edilməməlidir. Əgər maaşları təhdid edilərsə, onlar bura gəlməzlər".

Avqustun 28-də parlamentin 69-cu iclasının ikinci məsələsi qanun layihəsinin ikinci müzakirəsi idi. Lakin vaxt çatışmazlığı üzündən məsələnin müzakirəsi növbəti iclasa keçirildi.

Sentyabrın 1-də parlamentin 70-ci iclasında qanun layihəsinin üçüncü müzakirəsi oldu. Bu məsələ ətrafında parlament üzvlərindən Əliheydər Qarayev, Rəhim Vəkilov, Mehdi bəy Hacınski və Qasım bəy Camalbəyov fikir mübadiləsi apardılar. Təklif səsə qoyuldu, Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul edildi.

Həmin iclasda Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil alması üçün xarici ölkələrə göndərilməsi haqqında qanunu da qəbul etdi. Parlament xaricə göndərilən gəncləri seçmək üçün Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə Mehdi bəy Hacinski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyevdən ibarət xüsusi müsabiqə komissiyası yaratdı. Komissiya iki həftə ərzində müsabiqəni uğurla həyata keçirərək bu barədə hökumətə yazılı açıqlama verdi. Nəticədə Xalq maarifi Nazirliyi tələbələrdən 49 nəfərə Almaniya, 27 nəfərə Fransa, 4 nəfərə İtaliya, 1 nəfərə İngiltərə, 6 nəfərə isə Türkiyənin müxtəlif ali məktəblərində təhsil almaq haqqında rəsmi sənəd verdi. Rusiyada vətəndaş müharibəsi getdiyi üçün müsabiqədən keçən 13 nəfər gənci ora göndərmək mümkün olmadı. 1920-ci ilin aprelində Şimaldan əsən “soyuq bolşevik küləyi” böyük ümidlərlə xaricə yola salınan bu gəncləri acı və məşəqqətli həyat yaşamağa məhkum etdi.

Sentyabrın 18-də parlamentin 74-cü iclasında universitet professorlar şurasında tələbələrə yer verilməsi, rektorun iki və ya üç illiyə seçilməsi, seçilən rektorun Maarif naziri tərəfindən təsdiq edilməsi maddələri qızğın mübahisəyə səbəb oldu. M. Ə. Rəsulzadə bu haqda dedi: "Professorlar şurasına bir tələbə nümayəndəsini daxil etmək elmi nöqteyi-nəzərincə fayda gətirməz. Rektorun maarif nəzarəti tərəfindən təsdiq edilməsi tərəfdarıyam. Fəqət başqa məmləkətlərdə də darülfünunlar var. Bu darülfünunlarda maarif nazirləri bu işi təcrübə etmişlərdi. Tazə iş başına keçmiş olan şəxsə işi əlinə almaq üçün uzun müddət lazım gəlir. Üç sənə də böyük bir vaxt deyildir. Onun üçün də mən böylə bilirəm ki, üç sənəni iki sənəyə endirməyin faydası olmaz".

Müzakirələrə parlament üzvlərindən Əhməd bəy Cövdət, Əliheydər Qarayev, Mehdi bəy Hacınski, Stanislav Vonsoviç, Şəfi bəy Rüstəmbəyov qoşuldular. İclasın sonunda nizamnamənin ikinci fəsli səsvermə yolu ilə qəbul olundu.

Sentyabrın 22-də parlamentin 76-cı iclasında qanun layihəsinin müzakirəsi davam etdirildi. İlk sözü alan Əhməd bəy Cövdət yenə də israr etdi ki, tələbələrin universitet şurasında iştirak etməsi arzuolunandır. Əliheydər Qarayev bu məsələdə daha israrlı idi: "Biz Azərbaycan cəmaətininin nicatını o tələbələrdən gözləyirik. Əgər onları darülfünunda müstəbid fikirlər ilə dolaşdırsaq, onlardan heç bir nəf gözləmək olmaz". Maarif naziri Rəşid bəy Kaplanov bu məsələyə bir daha aydınlıq gətirdi: "Azərbaycan kimi hüquqi-siyasiyyəyi təmin edən bir məmləkətdə tələbələrin hüquqi-siyasiyyələrindən bəhs etmək lazım deyil, siyasət ilə iştiğal edən böyük məclisimiz Parlaman və siyasi firqələrdir. Mən Şurada tələbələrin iştirakını qətiyyən razı bilmirəm".

Sentyabrın 29-da parlamentin 79-cu iclasında qanun layihəsinin müzakirəsi davam etdirildi. Qızğın müzakirəyə səbəb olan əsas məsələ kimlərin universitet tələbəsi ola bilmələri idi. Çıxış edənlərdən Mehdi bəy Hacınski, Əliheydər Qarayev, Əhməd bəy Cövdət, Qasım bəy Camalbəyov, Sultan Məcid Qənizadə, Arşak Malxazyan tələbələrin universitetə qəbul edilməsinə müxtəlif müstəvidə yanaşırdılar. Mübahisənin əsas predmeti universitetə qəbul zamanı imtahanların olub-olmaması məsələsi idi. Səmədağa Ağamalıoğlunun bu məsələyə münasibəti belə idi: "Biz istəyirik, indi Azərbaycanda oxuyan çox olsun. Ona görə də darülfünun qapısı gərək hamının üzünə açıq olsun. Əgər gördü ki, oxuya bilməyir, oradakı elmləri qanmayır, o adam özü gedəcək". 

Mehdi bəy Hacınski isə bu məsələyə münasibətdə fərqli mövqedən çıxış etdi: "Mən şəxsi olaraq təklif edirəm ki, realninin altıncı və gimnaziyanın yeddinci klassını bitirmiş olanlar, biləxərə digər kursların imtahanlarını vermək və Azərbaycan təbəəsi olmaq şərtilə bu sənayə, məxsus olaraq darülfünunə qəbul edilsinlər".

İclasın sədri Həsən bəy Ağayev universitetin nizamnaməsinin üçüncü qiraətinə keçdi. Nizamnamə təklif və əlavələrlə qəbul olundu.

İclasın sonunda Sultan Məcid Qənizadənin növbədənkənar bəyanatı oldu: "Darülfünun layihəsini qurtardıq. Bu gün nizamnaməsi də oxunub təsdiq olundu. Bu gündən darülfünuna iqdam olunacaq. Tazə bina qoyduğumuz darülfünunun iki böyük məktəbdə – kommerçeski və gimnaziyada olacaqdır. Güman edirəm Parlamanın üzvləri ərz edəcəyimi unutmamış olsunlar. Keçmiş mart ayında ( 1918-ci ilin mart ayı nəzərdə tutulur-A. İ.) bir hadisə oldu. O hadisədən bir neçə gün qabaq Milli Şuranın ixtiyarında olan əsgərlər Lənkəranda idilər. Məşhur Hacı Zeynəlabdin Tağıyevin övladı Məhəmməd də orada idi. 

Orada bir faciə oldu. Məhəmməd föt oldu. Onun cənazəsi bura gətirilib dəfn edildikdə, neçə min adam müşayiət edirdi. O vaxt Hacı cənabları adamların hüzurunda uca səslə dedi: "Həzarət! Mən hazırlaşırdım ki, oğluma toy edim. Lakin qəza belə gətirdi ki, oğlum əlimdən getdi. Ona görə mən oğlumun yadigarı olaraq millətin xeyri üçün, gələcəkdə cavanlar xoşbəxt olsunlar deyə, istəyirəm ki, burada bir darülfünun təsis olunsun. Onun təsisindən ötəri öz passajımı darülfünuna bəxş edirəm". İndi özümüz Cümhuriyyət olduq və özümüzün darülfünunu olduğu üçün Hacının vəd etdiyi bu təmiratı bu darülfünun ixtiyarına alaq. İndi təklifim budur ki, Hacı ilə bu məsələni danışaq və həmin passaj darülfünun təsrüfünə verilsin".

1919-cu il avqustun 21-dən başlanan parlament müzakirələri sentyabrın 29-da başa çatdı. Parlament yetmiş iki maddədən ibarət universitet nizamnaməsini qəbul etdi.

Beləliklə, 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin haqqında qanun, sentyabrın ­29-da isə Bakı Universitetinin nizamnaməsi təsdiq olundu. Parlamentin qəbul etdiyi qanunla universitetin tarix-filologiya (şərq şöbəsi daxil olmaqla), fizika-­riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət təşkil olunması nəzərdə tutuldu.

1919-cu il sentyabrın 8-də universitetin təşkilat komissiyası V.Razımovskini rektor, N.Dubrovskini tarix-filologiya fakültəsinin, professor İ.Şirokoqovoru tibb fakültəsinin dekanı seçdi. Yeri gəlmişkən, 1909-cu ildə Saratovda, 1918-ci ildə Tiflisdə, 1919-cu ildə isə Bakıda Universitetin əsasını qoymaq şərəfi V.Razumovskiyə nəsib olmuşdur.

1919-cu il noyabrın 10-da Universitet Şurasının ilk iclası keçirildi. Iclasda professor-müəllim heyətinin tərkibi təsdiq olundu, noyabrın 15-i universitetdə ilk dərs günü elan olundu.

1919–1920-ci tədris ilində tarix-filologiya fakültəsinin I kursuna 509 həqiqi tələbə qəbul edildi. Onlardan 125 nəfər müsəlman, 178 nəfər yəhudi, 121 nəfər rus, 67 nəfər erməni, 5 nəfər gürcü, 13 nəfər polyak və alman idi.

Bakı Universitetinin fəaliyyətə başlaması münasibətilə V.Razımovski yazırdı: "Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni “məşəl” yandı".

Bakı Dövlət Universitetinin təsis olunmasından 105 il keçir. Bu illərdə universitetin təşkili ilə bağlı çox tarixlər yazılıb. Min bir əziyyətə qatlaşıb bu ali məktəbi təsis edənlər ittiham da olunub, olmazın böhtanlara məruz qalanları da olub. Bu təhsil ocağının yaranma tarixini bir il qabağa atanlar da olub. Hətta onu 1917-ci il oktyabr çevrilişinin yetirməsi kimi qələmə verənlər də olub. Sovet dönəmində Universitetin yubileyi ilə bağlı yazılan məqalələrin, nəşr edilən kitabların, keçirilən yubileylərin çoxu Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalının ildönümünə təsadüf edirdi.

Ey böyük elm məbədi, sənin şərəfli tarixin Vətən tarixçilərini sınağa çəkdi. Bəziləri göz görə-görə, faktları təhrif edə-edə sənin təsis olunmağında əməyi olan insanları gözdən salmağa cəhd etdi.

Heç on il olardı-olmazdı ki, yaranmışdın, səni sahə institutlarına böldülər, bir sözlə adını silməyə cəhd etdilər. Amma bacarmadılar. Yenidən əvvəlki adla bərpa olundun və qürurla yaşadın. Bu barədə çox yazmaq olar. Amma fikirləşəndə ki, bayramındır, 105 yaşın tamam olur, haqqında ancaq xoş sözlər söyləmək lazımdır, acı tarixdən yan keçmək lazımdır.Ancaq tarix də olduğu kimi yazılanda daha maraqlı olur, çoxlarına da ibrət olur. Bu cümlələr də ümummilli lider Heydər Əliyevə məxsusdur.

Uzun illər ərzində gözünün qarşısında sənə həyat verən ziyalılarımız nə qədər tənqid olunub, böhtanlara məruz qalıb, sən bunların hamısının şahidisən. Amma ümidini itirmədin. Bilirdin ki, sənə həyat verənlər bu xalqın gözünün işığı olublar. Bu gün uşaqdan böyüyə Fətəli xan Xoyskinin universitetlə bağlı bu fikrini əzbər bilir: "Bəs niyə Tiflisdə? Bəlkə də universiteti Bakıda açmaq daha düzgün olardı".

Sənin 105 yaşın tamam oldu. Sən heç zaman bu qədər əzəmətli görünməmişdin. Sənin şıltaq və tənbəl tələbələrin də, kobud müəllimlərin də olub. Amma sənə şöhrət gətirənlərin sayı qat-qat çox olub. 44 günlük Vətən müharibəsinin qəhrəman əsgəri dünən sənin tələbən idi. O, qələmini rahatca süngüyə çevirə bildi. Bəzən razı qalmadığın tələbən cəbhədə 100 balını aldı, Vətən yolunda şəhid olmaqdan belə çəkinmədi. Bu qəhrəmanlıq tarixində sənin də böyük payın var.

İndiyə qədər çoxlu tədris binaların olub, bəzilərinin şəraiti heç qənaətbəxş olmayıb. Bu, əsas deyil, əsas olanı odur ki, sən elm və təhsil məbədi olaraq həmişə zirvədə dayanıbsan.

Sən yadigarsan! Sən elə bir dövlətin, elə bir hökumətin, elə bir parlamentin yadigarısan ki, bizim hamımız –uşaqdan-böyüyə onunla fəxr edirik. O dövlətin himni, bayrağı bu gün də başımız üstündə şərəflə dalğalanır.

Sən Cümhuriyyətin yadigarısan. Onun səndən böyük övladı olmayıb. Sən də böyük övlad adını şərəflə doğrultdun.

70 illik sovet dönəmində Cümhuriyyətin 23 ay dalğalanan bayrağını əydilər, ancaq endirə bilmədilər. Sən də onun ən əziz yadigarı kimi bu 70 il ərzində çox şeylərin şahidi oldun. Sənin tribunandan çoxları danışıb. Bəziləri tarixə çevrilib, bəziləri isə həmin gün yaddan çıxıb.

1969-cu ildə 50 yaşın indiki Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilirdi.Azərbaycana rəhbərliyə başlayan Heydər Əliyevin tribunadan ilk sözü “Yoldaşlar” xitabı oldu. Zal donub qaldı.Sənin məzunun olan Heydər Əliyev də sənin milliliyinlə fəxr edirdi:”Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti və milli iftixarıdır.”

Bu illər ərzində sənə çoxları rəhbərlik edib, ədalətlisi də olub, xeyirxahı da, sənə görə özünü tanıtdıranı da olub, şəxsi marağına üstünlük verəni də, səni tanıtdırmaq üçün hər şeydən keçəni də olub, nəfsinin əsiri olanı da ... Dediklərim mübahisə predmeti deyil. Ən əsası odur ki, sən elm və təhsil məbədisən. Doğrudur, bəzi müəllimlərinlə bağlı dodaqaltı nə isə demək olar. Amma bir məbəd olaraq sənin haqqında ancaq xoş sözlər deməliyik.

Sənin yolun millət yoludur, sənin yolun haqq yoludur. Sən bütün dövrlərdə xalqımızın taleyi ilə bağlı məsələlərin həllində öndə durursan. Xalqımızın, ölkəmizin həyatı ilə bağlı hansı uğurlarımıza imza atılırsa, o xoş xəbəri sənin çoxsaylı auditoriyalarından eşitmək olur. "Vətəni sevmək imandandır" deyən də sən olubsan, Vətən üçün ilk şəhidləri verən də. Buna ən böyük nümunə şəhidlərin şərəfinə öz qucağında ucaltdığın abidədir.

Sən 30 ildən çoxdur ki, rahat addımlar atırsan. Son yubileylərin çox şirin keçir. Yubileylərin hər yerdə, hər evdə bayram edilir. Çünki sənin verdiyin diplomla halal zəhmətlə yaşayan insanların sayı daha çoxdur. Ona görə də sənin yubileyini hamı bayram edir.

Bu illər ərzində sənin nüfuzun heç vaxt indiki qədər möhtəşəm olmayıb. İndi yuxarıdan sənə qayğı və diqqət göstərənlər və sənə bacarıqla rəhbərlik edənlər buna nail olublar. Ən əsası sən müstəqil dövlətimizin ən böyük ali təhsil ocağı adını böyük fəxrlə daşıyırsan.

Səninlə bağlı xoş söz deyənlərin sayı çoxdur. Bu, sənin əzəmətindən xəbər verir. 105 ildir ki, sən gəncləri ağuşuna alıb, sonra da xeyir-dua verib yola salırsan, sənin yolunda daha çox can qoyanlara yubileylər keçirirsən, təltiflərin olur. Bunların hamısı sənin adınla bağlıdır.

Sənin 100 illik yubileyin Parisdə UNESCO-nun Baş Qərargahında, Vyanada, Qara Dəniz Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə Buxarest Universitetində,Azərbaycan Mədəniyyət Mərkəzində, sənin şinelindən çıxan milli universitetlərimizdə, Milli Kitabxanada və bir çox qurumlarda yüksək səviyyədə qeyd olundu.

Bu 105 il ərzində dəfələrlə yubileyin qeyd olunub.Yubileylərin dördü–50, 60, 75, 80 illiyi ulu öndər Heydər Əliyevin sərəncamları ilə qeyd olunmuşdur.

50, 60, 75 illik yubileylərində ulu öndər Heydər Əliyev şəxsən iştirak etmişdir.

90 illik və 100 illik yubileylərin Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə keçirilmişdir. Sənin 100 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi tarixi nitqini oxuduqca oxumaq istəyirsən.

Sənin 100 illik yubileyinə ən böyük töhfələrdən biri də “Məzun günü”nün möhtəşəm Bakı Kristial Zalında 5 min məzunun iştirakı ilə yeni formatda qeyd olunması oldu.

Əziz və doğma universitet, 105 yaşın mübarək! Bizim sənə bir borcumuz da var: Bu gün bu dövləti qalib dövlətlər sırasına çıxaran, bu xalqı qalib xalq edən, bu torpaqların bütövlüyünü və süverenliyini təmin edən, separatçı yuvasına son qoyan Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının taleyində və tarixində oynadığı cahanşümül rolunu tələbələrə böyük məhəbbətlə çatdırmaq.Sən bu missiyanı həyata keçirməyə hazırsan.

Yaşa, min yaşa! Yubileyin mübarək, əziz və doğma Bakı Dövlət Universitetimiz!

Anar İsgəndərov, 
Milli Məclisin Elm və təhsil komitəsinin sədri,  tarix elmləri doktoru, professor

 

Seçilən
33
xalqqazeti.az

1Mənbələr