Ötən il qüvvəyə minən “Siyasi partiyalar haqqında" qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və seçkilərdə səs qazana bilən bütün partiyalar dövlətdən yardım ala biləcək.
Qanuna görə, dövlət tərəfindən ayrılan vəsaitin 2,5 faizi parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.
Qeyd edək ki, sentyabrın 1-də keçirilən parlament seçkilərində 25 siyasi partiyanın nümayəndələri iştirak edib. Yeni Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Beləliklə, parlament partiyaları ilə yanaşı, 14 siyasi partiyaya da maliyyə dəstəyi veriləcək.
Bəs yeni maliyyə mexanizmi işə düşübmü?
Modern.az bu məsələni bəzi partiyalar arasında sorğu keçirməklə araşdırıb.
Ağ Partiya və Müsavat Partiyası artıq yeni maliyyə mexanizminə əsasən vəsait əldə ediblər.
Ədalət Partiyası ilə Azad Vətən Partiyasına isə maliyyə köçürməsi olmayıb.
Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı bildirib ki, yeni maliyyə mexanizmi ilə ayrılan vəsait kifayət deyil.
“Vəsait köçürülüb, amma bu məbləğ partiyanın kommunal xərclərini ödəməyə çata biləcək miqdardadır”.
Ağ Partiya sədri Tural Abbaslı isə söyləyib ki, almalı olduqları maliyyənin yarısı hesablarına köçürülüb:
“Qanunda bir bənd var ki, partiyaya dövlət maliyyəsi onun sonuncu dəfə MSK-ya təqdim etdiyi maliyyə hesabatındakı məbləğdən iki dəfə çox ola bilməz. Almalı olduğumuz maliyyənin yarısını ala bildik. Çünki biz keçənilki xərclərimizi 2300-2400 civarında göstərmişdik. İndi bizə 3 ay ərzində 8500 əvəzinə 4500-4600 manat yardım köçürülüb. Bu da bir aya 1500 manat maliyyədir. Maliyyənin çıxarılması, sənədləşdirmə işləri çətinləşdirilib. Partiya çevik orqandır. Onun xərcləri çevik formalaşdırılmalıdır. Amma qanuna əsasən, hər şey hesab üzərindən olduğu üçün bürokratik problem yaşayırıq. Aya 2000 manat çox simvolik rəqəmdir. Düşünürəm ki, bu məbləğ dəfələrlə artırılmalıdır ki, partiyalar minimal formada fəaliyyət göstərə bilsinlər”.