AZ

Dünya siyasətinin TDT faktoru

Nəzərlər Bişkekə yönəlir

Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci sammiti keçiriləcək. Toplantı qurumun Türk dünyasının güclənməsinə yönəlmiş strateji prioritetlərini əhatə edəcək. “Anadolu” agentliyi xəbər verir ki, bunu TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev Bişkek Sammitinin gündəliyini şərh edərkən deyib.

K.Ömürəliyev bildirib ki, sammitdə əsas diqqət iqtisadi inteqrasiya, dayanıqlı inkişaf, rəqəmsal transformasiya və təhlükəsizlik olmaqla, dörd əsas istiqamətə yönələcək. İqtisadi sahədə üzv ölkələr arasında rəqəmsal ticarəti asanlaşdıracaq, biznesin ümumi rəqəmsal çərçivədə daha səmərəli fəaliyyətinə imkan yaradacaq Rəqəmsal iqtisadi tərəfdaşlıq sazişinin imzalanması gözlənilir.

Baş katibin sözlərinə görə, sammitin dayanıqlı inkişaf gündəliyi də eyni dərəcədə iddialıdır. TDT Türk Yaşıl Maliyyə Şurasının yaradılması və Türk Yaşıl Baxışının qəbul edilməsi yolu ilə “yaşıl maliyyə” və ekoloji menecmenti təşviq etmək niyyətindədir. Bu təşəbbüslər bərpa olunan enerjidən başlayaraq, dayanıqlı şəhər inkişafına qədər, bir çox ekoloji layihələrə investisiya qoyuluşunu təmin edəcək.

“Rəqəmsal transformasiya sahəsində həyata keçirilməsi planlaşdırılan Böyük Türk dili modeli və Yer müşahidə texnologiyası peyki kimi layihələr texnoloji imkanları artıracaq və bütün regionda ətraf mühitin monitorinqi, rəqəmsal bağlantı və innovasiyalar kimi sahələrdə fayda gətirəcəkdir,”– deyə cənab Ömürəliyev vurğulayıb. Onun sözlərinə görə, üzv ölkələr arasında fövqəladə hallara və fəlakətlərə koordinasiyalı cavab tədbirlərinin təmin edilməsinə yönəlmiş Mülki müdafiə mexanizmi haqqında sazişin imzalanması ilə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi gözlənilir.

Baş katib onu da bildirib ki, TDT ölkələri nəqliyyat, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı ideyasına sadiqdirlər. Onun sözlərinə görə, Orta dəhliz layihəsinin inkişafı üzrə birgə səylər türk regionunu Asiya və Avropa arasında ticarət üçün kritik arteriyaya çevirəcək. O, qarşıdan gələn sammitdə bu məsələdə yeni layihələrin də təqdim olunacağını vurğulayıb: “Xidmətlər və investisiyaların azad ticarətinə dair saziş üzərində də iş aparılır və regionda pul-kredit siyasətinin uyğunlaşdırılması və maliyyə sabitliyinin artırılması üçün TDT-yə üzv ölkələrin Mərkəzi Milli Bankları Şurasının yaradılması planlaşdırılır. Bütün bu strateji layihələr özünü qlobal ticarət yollarının mühüm halqası kimi təqdim edən yaxşı əlaqələndirilmiş, rəqabətədavamlı türk regionu yaratma baxışının bir hissəsidir”.

Bəli, cənab Ömürəliyevin açıqladığı TDT-nin sayca 11-ci olan Bişkek Sammitinin gündəliyinin zənginlik amplitudası fonunda ulu öndər Heydər Əliyevin əvvəldə diqqətə çatdırdığımız fikirlərini nəzərdən keçirərkən, istər-istəməz, bu dahi şəxsiyyətin hadisə və prosesləri öncədən görmə qabiliyyətinə heyranlıq duymaya bilmirsən. Ümummilli lider, söylədikləri ilə, sanki, olacaqlarını ssenarisini özü yazıbmış kimi təəssürat formalaşdırır. 

Heydər Əliyev dühasının açıqladığı fikirlər artıq reallığa çevrilib. Bu gün TDT-nin fəaliyyəti məsələsində, bütövlükdə, Türk dünyası yeni dünyanın mühüm amillərindən birinə çevrilib. Belə düşünmək mümkündür ki, TDT hər ötən il keyfiyyət çalarları əldə etməkdədir, Azərbaycan və Türkiyə isə bu məhsuldarlığın ilhamverici qüvvəsidir. 

Hər iki ölkə birliyin təşəbbüskarı və qarantı statusundadır. Ankaranın və Bakının səylərinin nəticəsidir ki, bu gün TDT artıq ideyadan konkret fəaliyyət platformasına keçib. Əminliklə vurğulaya bilərik ki, varlığı ilə gerçək tarix yaradan türk toplumlarının üzərindən əsrlər keçdikdən sonra öz kimliyini, mahiyyətini unudacaq, unutdurulacaq şəklə salınmasını doğuran vəziyyətdən uzağıq. Bu üstünlüyü qoruyub saxlamaq üçün isə dünyanın axarına adekvat fəaliyyət göstərmək şərtdir.

Qeyd edək ki, tarixən türk xalqlarının birliyinin nəinki möhkəmlənməsinə, hətta, yaranmasına belə maneələr çox olub. Zaman-zaman onlar bir-birinə zidd ictimai-siyasi formasiyalarda yaşamaq məcburyyətində qalıblar. İndiki dövrdə də bir sıra türk toplumları ayrı-ayrı müstəqil dövlətlərin tərkibində yer almaqdadırlar. Üstəlik, türklərin tarixinin saxtalaşdırıldığını, türk milli kimliyi məsələsinin şübhə altına alındığını da diqqətə çatdırmalıyıq. Vaxtilə saxta sovet beynəlmiləlçiliyi musiqisinin notları ilə türklərin assimilyasiya prosesinin vüsət almasını da həmçinin. 

Bəli, hazırkı qlobal inteqrasiya şəraitində türk dövlətləri birliyi müstəqil, müəyyən mənada, alternativ xassəli sistemdir. Bu sistem indiyədək gedilməyən yol üçün ciddi zəmin formalaşdırır və yeni dünya düzənində türk toplumunun vahid orqanizm halında fəaliyyət zərurətini doğurur. Deməli, sistemin işləkliliyi üçün mənəvi immunitetin mövcudluğu şərtdir. Hesab edirik ki, TDT bu baxımdan özünü doğrultmuş strukturdur. Cənab Ömürəliyevin açıqladığı gündəlik də strukturun mütəhərrikliyindən xəbər verməkdədir. 

Hazırda beynəlxalq arenada türkdilli ölkələr arasındakı əlaqələr sağlam təməllər üzərində qurulur. Bu, son dərəcə vacib amildir. Həmçinin, bu ölkələrdə yaşayan digər millətlərin anlayış və dialoq, mədəni yaxınlıq kimi ortaqlıqlara sadiqliyi əsas tutulur, qarşılıqlı fəaliyyət aspektləri müəyyənləşdirilir. Nəzərə alaq ki, ortaq türk dəyərlərinin vahid təbiətə malikliyi düşüncəsinin təbliğ olunduğu indiki şəraitdə TDT məkanının, eyni zamanda, multikultural platforma mahiyyətinin qorunması da vacibdir. 

Ümumiləşdirmə apararaq onu da deyə bilərik ki, suveren türk dövlətləri birliyi geosiyasətdə varlıq formuludur. İstər elmi, istərsə də məfkurəvi mahiyyət daşıyan TDT isə nəinki Azərbaycanın, ümumilikdə, digər türk dövlətlərini də böyük siyasət labirintində daim ayaqda qalmaları, özlərinin oyun qaydalarını daha əminliklə diktə edə bilmələri anlamında müstəsna quruluşdur. Onu da qətiyyətlə demək olar ki, TDT-nin fövqündə dayandığı Türk dünyası vahid konsepsiya daxilindəki milli siyasətlə bəşəri amallara xidmət harmoniyasının məhsuludur və bu xarakter qurumu qlobal gücə çevirir. 

Sonda onu da bildirək ki, ümumtürk təşkilatlanması qlobal və beynəlxalq siyasətin əsas fundamental istiqamətlərinə etibarlı transformasiya mahiyyətinə söykənir. Müşahidə edilən tendensiya nəticə etibarilə beynəlxalq təhlükəsizliyin TDT dayağının daha da möhkəmlənəcəyindən xəbər verir. Bu isə Avrasiyanın qlobal siyasi məkan bütövlüyünü qazanmasından tutmuş, dünyanın ən inkişaf etmiş regionuna çevrilməsi naminə böyük təminatdır. 

Ə.CAHANGİROĞLU
XQ

 

Seçilən
31
xalqqazeti.az

1Mənbələr