İlk dəfə idi döyüşən əsgərin üzündə bu qədər sevinc görürdüm. Hamının qəlbində, ruhunda Qələbəyə çox böyük inam, mübarizlik ruhu var. Hər qarış torpaq alındıqca sabaha ümid, inam artır. İtirilmiş qürur özünə qayıdır.
Qələbə insana məğrurluq gətirir. Torpaq səni görüb sevi- nir. Özünə dönürsən. Sevinc duruşunu dəyişir. Daha da irəli getmək istəyirsən.
Kol-kos basmış izlər doğma izləri görüb oyanır. Yenidən bu yerlərin sahibinə çevrilirsən.
Döyüşə atılmaq istəyənlərin sayı-hasabı bilinmir. Hamı bu gün üzə təbəssüm, gözə sevinc qatan, ümidi qələbəyə daşıyan əsgər olmaq istəyir. Heç kim kənarda qalmaq istəmir. Vətənə övlad payını verməyə can atır. Bu dayağı, dəstəyi görən ordu hər gün yeni-yeni yaşayış məntəqələrini geri alır.
Bu millətdə nə qədər vətənə, dövlətə sevgi varmış. Bu qədər itkilərdən sonra bir anın içində toparlanıb mübarizəyə qalxmaq olarmış. Demək, heç də hər şey itirilməyib.
Bu xalqın nələrəsə razı olanı da, narazı olanı da, tərəddüd edəni də bir ola bilirsə, onda onların qarşısında heç kim, heç nə tab gətirə bilməz.
İnsan qoruyucusunu hər zaman sevir. Əsgər ona vətən qədər doğma olur.
Vətən üçün döyüşənlər bu qədər sevənləri olduğunu hiss etdikcə, döyüş ruhları daha da artır, Qələbəyə doğru böyük inamla irəliləyirlər.
Yaşlısı, cavanı, uşağı əsgər olmaq istəyən, torpağı üçün canından keçməyə hazır olan, haqqa, ədalətə söykənənlər üçün qələbə qaçılmazdır.
Xalqın çoxdan gözlənilən birliyi orduya yeni ruh, yeni nəfəs verir.
Hamı vətən, dövlət naminə birləşir.
Döyüşçü xalqa arxalanır, xalq döyüşçüsünə güvənir.
Qələbənin təməli Birlik, Vətən, Torpaq sevgisidir.
Göyərən, alovlanan ümidi sona daşımaqdır.
“Səni sevi rəm, səninçün ölməyə hazıram” - deyə bilməkdir.
Budur, Qələbənin əsası. Budur, vətən sevgisinin təzahürü. Bu səni hədəfinə daşıyan, uğura aparan yoldur.
Hər şey sevgidən doğur. Uğur da, Nəticə də, Qələbə də.
Böyük həsrətlə gözlədiyimiz zəfərin mübarək, Vətən!
VƏTƏN SEVDALIM
Uğur udur bütün yarımçıqları,
Sevinc yox edir qaranlıqları.
Qələbənin ilk işartıları görünür,
Müjdənin ilk sədası eşidilir.
Yolun daim açıq olsun, vətən sevdalım!
Hamıdan çox sevdiyin Vətən səni seçdi.
Seçilmiş oldun.
Bayrağı qaldıran qol,
Ruhu yaşadan qüvvət oldun.
Dağlar səsini eşidib sevinər,
Küsülü torpaq addımının istiliyinə barışar,
Çaylar sevinc göz yaşlarını yuyar.
Bu seçilmişlərinə Tanrı bəxşidi.
QƏLƏBƏnlə qaytar bu millətin
Solğun üzünə təbəssümü,
Unudulan sevinci,
İtirdiklərini.
VƏTƏN SEVDALIM!