Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
Qırğızıstan Prezident Administrasiyasının Ala-Arça Konqres Mərkəzində TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Toplantıya TDT-yə üzv ölkələrin, müşahidəçi statusunda olan Macarıstanın Xarici işlər nazirləri və TDT Baş katibi Kubanıçbek Ömüraliyev qatılıb.
İclasdan əvvəl jurnalistlərə açıqlama verən Ömüraliyev bu gün Bişkekdə TDT Dövlət Başçılarının 11-ci Zirvə toplantısının keçiriləcəyini və mövzusunun "Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” olacağını bildirib. O, zirvə sonunda 100-dən çox mövzunun yer aldığı Bişkek Bəyannaməsinin imzalanacağını qeyd edib.
Qırğızıstanın Xarici işlər naziri Ceenbek Kulubayev həmçinin TDT-yə üzv və müşahidəçi ölkələrin yaxından maraq göstərdiyi yaşıl iqtisadiyyatla bağlı yol xəritəsinin də qəbul ediləcəyini vurğulayıb.