“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsində Lissabon “Sportinq”inə ağır məğlubiyyəti şərh edib.
Arena.az xatırladır ki, “şirlər” 4-cü tur çərçivəsində qəbul etdikləri “şəhərlilər” üzərində 4:1 hesablı əzmkar qələbə qazanıblar.
“Belə hesabla uduzanda çox danışmaq çətindir. “Sportinq”i bu qələbə münasibətilə təbrik edirəm. Birinci hissədə əla oynadıq, amma fürsətlərimizi gerçəkləşdirə bilmədik. Belə olan halda rəqiblərimiz yaratdıqları hər imkanı bizə qarşı çevirirlər. Oyunu elə, birinci hissədə xətm etmək gərək idi.
İndi biz nəticələr baxımından çətin dövrdəyik, amma mən burada olmağa, mübarizə aparmağa və təslim olmamağa hazıram, bu çağırışda maraqlıyam. Müdafiə növbələşməsi ilə bağlı fəsadmı? Bəlkə də, bilmirəm. Bu qədər oyun olanda bir heyətlə oynamaq olmaz”, – Qvardiola matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.
4 turdan sonra “Mançester Siti” 7 xalla UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. “Sportinq” isə 10 xalla 2-ci sıradadır.