Qəzaya düşən sürücü yolda təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 31-də, paytaxtın Hüseyn Cavid prospektində baş verib.
Belə ki, 77-GQ-394 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü sözügedən yolda yüngül qəza törədib. Toqquşduğu digər maşın yolun kənarına çəkib dayansa da, bu sürücü yolun ortasında saxlayaraq avtomobillərin yolunu kəsib. Arxadan gələn sürücülər məcburi şəkildə əks istiqamətə çıxmalı olublar. Bu zaman həm onlara, həm də qarşıdan gələn sürücülərə təhlükə yaranıb.
Dəfələrlə qeyd etmişik ki, baş verən yüngül qəzalarda yolun ortasında dayanıb gözləməyə, tıxac yaratmağa ehtiyac yoxdur. Sürücülərə tövsiyə edirik ki, belə qəzalar baş verən zaman yolun kənarında dayanaraq prosedura uyğun hərəkət etsinlər. Əksər sürücülərin yaddaşında qalmış yanlış bir düşüncə var ki, qəza olan zaman maşınları yerindən tərpətmək olmaz. Qəza zamanı günahın hansı sürücüdə olması məlumdursa, hətta onların yolun kənarında dayanmasına da ehtiyac yoxdur. Birbaşa Dövlət Yol Polisi İdarəsinə gedərək bunu rəsmiləşdirməlidirlər.
Fərid