AZ

MS və “Arsenal” uduzdu, “Liverpul” zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Premyer-liqada hesabat turu maraqlı nəticələrlə müşayiət olundu. “Mançester Siti” ilə “Arsenal”ın eyni gündə uduzması nadir təsadüfdü. Təbii ki, “Liverpul” bu vəziyyətdən yararlanmaya bilməzdi. Nəhənglərdən “Tottenhem” “Aston Villa”nı darmadağın etdi, “Mançester Yunayted”lə “Çelsi”nin duelində isə qalib müəyyənləşmədi.

Nəhayət, bu da baş verdi: “Mançester Siti” top səviyyəli sayılmayan rəqibə uduzdu. “Bornmut” bu çətin oyunda qələbə qazandı. Meydan sahibləri “Siti”nin oyuna çox ləng qoşulmasından yararlandı. Artıq 9-cu dəqiqədə Semenyo “Bornmut”u irəli çıxardı. Ardından “albalılar” inadkar və səliqəli oynamağa çalışdılar. Onlar sıx və etibarlı müdafiə olunur, rəqibə boş ərazi vermir, müntəzəm əks-hücumlar qururdular. 2-ci hissənin ortalarında Evanilsonun sayəsində daha bir qol vurmaq mümkün oldu. “Siti” isə yalnız oyunun sonunda ayıldı. İnanılmaz hücum dalğası yaradan qonaqlar qollardan birinin əvəzini çıxa bildi. Ancaq daha artığına vaxt çatmadı. Belə oyunu son 15 dəqiqədə yox, 90 dəqiqə ərzində göstərmək lazımdı. Mövsümdəki ilk məğlubiyyət “Siti”yə zirvəni əldən vermək bahasına başa gəldi...

...Ona görə ki, “Liverpul” “doğma divarlar” arasında “Brayton” üzərində əzmkar qələbə qazandı. “Qırmızılar” həftəiçi Liqa kubokunun oyununda “qağayılar”ı səfərdə məğlub etmişdi. Mersisaydlılar bu dəfə ilk yarıda yuxulu və ideyalardan məhrum komanda kimi görünürdü. Verbrüggenin qapısı önündəki yeganə təhlükəli vəziyyəti Nunyes boşa verdi. Tezliklə “Brayton” Fərdi Kadıoğlunun uzaq küncə dəqiq zərbəsi sayəsində irəli çıxdı. Elə həmin Kadıoğlu, Rütter və və Uelbek fərqi artıra bilərdi, ancaq ya Kelleher inamlı oynayırdı, ya da zərbələr qeyri-dəqiq olurdu. “Liverpul” yalnız fasilədən sonra ən yaxşı obrazını xatırlatmağa başladı. Təbii ki, Slotun Diasla Consu meydana buraxması da bunda önəmli rol oynadı. 69-cu dəqiqədə Qakponun Nunyesə ötürmək istədiyi top tora daxil oldu. Cəmi 3 dəqiqə sonra Consun cinahdan hücuma qoşduğu Salah əvvəlcə Estupinyanı “bazara göndərdi”, ardından qapının uzaq “9-luğ”unu nişan aldı. “Brayton“un hesabı bərabərləşdirmək cəhdləri nəticə vermədi. Bu komandanı bir həftə ərzundə iki dəfə məğlub edən “Liverpul” liderliyi ələ keçirdi.

“Arsenal” cempionluq uğrunda mübarizə aparmaq vəzifəsini ciddi şəkildə çətinləşdirdi və liderlər qrupundan da uzaq düşdü. “Topçular” “Nyukasl”la səfər oyununda maraqlı nəsə göstərmədi. 12-ci dəqiqədə qapısında qol görən qonaqların ən azı hesabı bərabərləşdirmək üçün yetərincə vaxtı var idi. Ancaq onlar heç cür kəskin hücumlar qura bilmədi. Çox savadlı şəkildə müdafiə olunan “Nyukasl” iti əks-hücumlara da çıxırdı. Ümumilikdə qol vəziyyətlərinin sayı az idi, əvəzində meydanda daim təkbətək mübarizələr yaşandı. Belə vəziyyətdə “sağsağanlar” özünü daha inamlı hiss edirdi. Meydan sahibləri 2-ci hissədə meydanın özünə aid hissəsinə çəkilərək qələbə hesabını qorumağa çalışdılar. Artetanın dəyişiklikləri də “Arsenal”ın oyununa məzmun qatmadı. Hücum planında ideyalardan məhrum olan komandanın çempionluğa iddia etməsi çətindi. Yeri gəlmişkən, “Arsenal”ın çempionatda qələbəsiz oyunlar seriyası 3-ə çatdı.

3-cü pillədə artıq “Nottingem Forest” qərarlaşıb. “Meşəçilər” heç də zəif olmayan “Vest Hem”i darmadağın etdi. Düzdü, “çəkicdöyənlər”in 45+2-ci dəqiqədə azlıqda qaldığını da vurğulamalıyıq.

“Mançester Yunayted” Van Nistelroyun rəhbərliyi altında keçirdiyi ilk çempionat oyununda “Çelsi” ilə heç-heçə etdi. Qonaqlar daha kəskin hücumlar qururdu. Oyunun əvvəlində Maduekenin yaxın məsafədən zərbəsi dirəkdən döndü, Koluill isə təkrar zərbə ilə toru yandan silkələdi. Mankunianlar da hücuma hücumla cavab verirdi. Komandalar paltardəyişmə otağına yollanmağa hazırlaşarkən Reşfordun zərbəsi tirdən döndü. Fasilədən sonra Neto uğura yaxın oldu – “Çelsi”nin portuqaliyalı legionerinin zərbəsindən sonra top dirəyin yanından keçdi. 69-cu dəqiqədə MY penalti qazandı. Sançesin Heylunna qarşı kobudluğuna görə hakim “nöqtə”ni göstərdi, topun arxasına keçən Fernandeş komandasını irəli çıxardı. Amma hesab çox tez bərabərləşdi. Kazemiro topu uğursuz şəkildə qaytardı, bundan yararlanan Kaysedo qapının aşağı küncünə zərbə vurdu. Sonda hər iki komandanın irəli çıxmaq şansı var idi.

Yüksək yerlər uğrunda mübarizə aparan “Tottenhem”lə “Arsenal”ın dueli də maraq doğururdu. Birmingemlilər ilk yarını öndə bitirsə də, 2-ci hissədə “mahmızlar” fırtına kimi əsdi. Onlar ardıcıl 4 qol vurmaqla böyükhesablı qələbə qazandı. “Tottenhem” bu qələbə sayəsində “avrokubok zonası”na yaxınlaşdı.

Turun qalan oyunlarına gəlincə, “İpsviç” – “Lester” oyununda tərəflər “sülh”ə razılaşdı. “Sauthempton” mövsümdəki ilk qələbəsini “Everton” üzərində qazandı. “Vulverhempton” isə hələ də qələbəyə həsrətdi. “Canavarlar” hesabat turunda “Kristal Pelas”ın müqavimətini qıra bilmədi. Turun dünən axşam keçirilən son oyununda “Fulhem” evdə “Brentford”a qalib gəldi.

10-cu tur
Nyukasl – Arsenal 1:0

İsak, 12. (52249)
Arsenal: Rayya, Parti (Jorjinyo, 87), Saliba, Qabriel, Timber (Uayt, 71), Saka, Merino (Zinçenko, 61), Rays, Martinelli (Nvaneri, 61), Haverts, Trossar (Jezus, 71).

Bornmut – Mançester Siti 2:1
Semenyo, 9. Evanilson, 64 – Qvardiol, 82. (11231)
MS: Ederson, Uoker, Akanci, Ake (Lüis, 74), Qvardiol, Kovaçiç, B.Silva, Foden, Gündoğan (Dokyu, 86), Nunyeş, Holann.

Liverpul – Brayton 2:1
Qakpo, 69. Salah, 72 – Kadıoğlu, 14. (60331)
Liverpul: Kelleher, Aleksander-Arnold, Konate (Qomes, 46), Van Diyk, Simikas, Soboslai (Dias, 66), Qravenberx, Makallister (Cons, 66), Salah (Bredli, 90+1), Nunyes (Endo, 77), Qakpo.

Mançester Yunayted – Çelsi 1:1
Fernandeş, 70-p. – Kaysedo, 74. (73813)
MY: Onana, Mazraui, De Liqt, Martines, Dalot, Uqarte (Lindelöf, 84), Kazemiro, Reşford (Dyallo, 73), Fernandeş, Qarnaço, Heylunn (Zirkzee, 84).
Çelsi: Sançes, Hüsto (Kukurelya, 46), Fofana, Koluill, Ceyms, Kaysedo, Lavia (Fernandes, 70), Madueke (Mudrik, 70), Palmer, Neto, Cekson.

Tottenhem – Aston Villa 4:1
Conson, 49. Solanke, 75; 79. Meddison, 90+6 – Rocers, 32. (61253)
Tottenhem: Vikario, Porro, Romero (Devis, 61), Drequşin, Udoci (Meddison, 82), Kulusevski, Bentankur (Bissuma, 56), Sarr, Conson, Solanke, Son Hın Min (Rişarlison, 56/Meddison, 82).

Nottingem Forest – Vest Hem 3:0
Vud, 27. Hadson-Odoi, 65. Ayna, 78. (30112)

İpsviç – Lester 1:1
Devis, 54 – Ayyu, 90+4. (29874)

Sauthempton – Everton 1:0
Armstronq, 85. (31143)

Vulverhempton – Kristal Pelas 2:2
Strand Larsen, 67. J.Qomes, 72 – Çaloba, 60. Qexi, 77. (29505)

Fulhem – Brentford 2:1
Uilson, 90+2; 90+7 – Yanelt, 24. (24931)

1. Liverpul 10 8 1 1 19-6 25
2. Mançester S. 10 7 2 1 21-11 23
3. Nottingem F. 10 5 4 1 14-7 19
4. Çelsi 10 5 3 2 20-12 18
5. Arsenal 10 5 3 2 17-11 18
6. Aston Villa 10 5 3 2 17-15 18
7. Tottenhem 10 5 1 4 22-11 16
8. Brayton 10 4 4 2 17-14 16
9. Fulhem 10 4 3 3 14-13 15
10. Bornmut 10 4 3 3 13-12 15
11. Nyukasl 10 4 3 3 10-10 15
12. Brentford 10 4 1 5 19-20 13
13. Mançester Y. 10 3 3 4 9-12 12
14. Vest Hem 10 3 2 5 13-19 11
15. Lester 10 2 4 4 14-18 10
16. Everton 10 2 3 5 10-17 9
17. Kristal Pelas 10 1 4 5 8-13 7
18. İpsviç 10 0 5 5 10-21 5
19. Sauthempton 10 1 1 8 7-19 4
20. Vulverhempton 10 0 3 7 14-27 3

Bombardirlər: Holann (MS) – 11, Mbemo (Brentford), Vud (Nottingem Forest) – 8, Palmer (Çelsi), Salah (Liverpul) – 7.
Növbəti turun oyunları noyabrın 9-10-da keçiriləcək: Brentford – Bornmut, Kristal Pelas – Fulhem, Vest Hem – Everton, Vulverhempton – Sauthempton, Brayton – Mançester Siti, Liverpul – Aston Villa, Mançester Yunayted – Lester, Nottingem Forest – Nyukasl, Tottenhem – İpsviç, Çelsi – Arsenal.

Turun rəqəmi
8 - Slot premyer-liqada “Liverpul”un “sükanı arxasında” keçirdiyi ilk 10 oyunun 8-də qələbə qazandı – bu, bütün baş məşqçilər arasında ən yaxşı göstəricidi. Niderlandlıya qədər ən yaxşı nəticə Uilyam Konnellə məxsus idi – 7 qələbə, 3 heç-heçə.

Turun ulduzu
Məhəmməd Salah (Liverpul) – Qakpo hər tur parlaq oyun göstərsə də, “qırmızılar”ın fərq yarada bilən oyunçusu məhz misirlidi. Hələ də müqavilə müddətinin uzatmayan Salah fasilədən sonra daha yaxşı təsir bağışladı və haqq etdiyi qələbə topunu da vurdu.

Turun sitatı
Vircil van Diyk, “Liverpul”un müdafiəçisi: “1-ci pillədə qərarlaşmağımıza böyük əhəmiyyət verməyə dəyməz. Zirvədə olmaq istəyirik, ancaq mayda keçirəcəyimiz sonuncu oyundan sonra da. Bu mövsümdəki nəticələrimiz yaxşı olsa da, irəlidə hələ uzun yol var”.

Faktlar
* MS-nin premyer-liqadakı 32 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı. “Şəhərlilər” sonuncu dəfə ötən ilin dekabrında “Aston Villa”ya uduzmuşdu (0:1). “Siti” həm də 2023-ün sentyabrından bəri ilk dəfə ardıcıl iki oyunda məğlubiyyətlə barışdı.
* Premyer-liqada 164-cü qolunu vuran Salah bombardirlər siyahısında 8-ci pilləyə yüksəldi. 7-ci yerdəki Tyerri Anrinin hesabında 175 qol var. Zirvədə isə 260 qolla Alan Şirer qərarlaşıb.

Reaksiyalar
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Brayton” çox güclü komandadı,cari mövsümdə də bunu göstərib. Belə komandaya 0:1 uduzursansa, sonra oyunun axarını dəyişib 2:1 udursansa (fikrimcə, bunu haqq etdik), bu mənə inam verir. Hətta turnir cədvəlindəki indiki yerimizdən daha artıq dərəcədə inam”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Yetərincə, açıq oyun getdi, rəqib intensivlik və aqressivlik baxımından üstün idi. “Bornmut”u qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, onların hazırlıq üçün vaxtının daha çox olması özünü göstərdi. Təəssüf ki, biz imkanlardan yararlana, daha artıq qol vura bilmədik”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Bu gün məğlubiyyəti haqq etdik. Düşünürəm ki, “Arsenal” oyuna yaxşı başladı, həqiqətən dominantlıq etdi. Ancaq yetərincə yaxşı müdafiə olunmadıq ki, bu da rəqibin xidmətidi. Çox məyusam. Çempion olmaq istəyən komanda həmişə yüksək səviyyəli oyun göstərməlidi”.
Seçilən
26
football-plus.az

1Mənbələr