Bu gün Qarabağa gedən yollar dörd il əvvəl müharibə meydanı idi.
Həm o günləri xatırladıqca, həm də Zəfər xronikasına baxdıqca, işğaldan azad edilmiş bölgələrimizə gedən yollların açılmasının nə qədər çətin olduğunu hiss etmək, anlamaq olur.
Oxumaq və yaşamaq həmişə biri-birini tamamlasa da, burada fərqlər çoxdur. Bəlkə, o hissi tam öyrənə bilməyəcəyik...
Qəhrəmanlarımızın da vətən üçün canlarından keçməkdə məqsədi bu idi - biz müharibəni bir də yaşamayaq deyə, bu yolu həmişəlik açmaq.
O yolun açılması üçün canını fəda edən qəhrəmanlardan biri də polkovnik-leytenant Anar Əliyevdir.
O, 21 oktyabr tarixində Xocavəndin Tuğ kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Anar Əliyevin şəhid olduğu bu döyüş Şuşaya gedən yolun açılmasını asanlaşdırmışdı.
Modern.az saytında “Şəhidlərdən qalan əmanət” rublikası bu gün polkovnik-leytenant Anar Əliyevə həsr olunur.
Şəhidin ilk övladı həm ailəsinə, həm həyat yoldaşına, bütövükdə Azərbaycana ondan qalan ən böyük əmanətdir.
Qızı Nigar atasının o, hələ körpə ikən, 8 Mart bayramında aldığı çəhrayı rəngdə dovşan oyuncağını ATA ƏMANƏTİ kimi qoruyub saxlayır.
Şəhidin həyat yoldaşı Vüsalə Əliyeva deyir ki, qızı üçün hədiyyə atasının Şəhidliyindən sonra ona daha da əziz olub.
Oğlu Əli üçün isə atasının aldığı son hədiyyə özünəməxsus xüsusilik daşıyır.
Vüsalə Əliyeva bildirir ki, 2020-ci ilin yayında Əli həyətdə oynayanda atası da pəncərədən onu izləyirdi:
“Məhəllədə digər uşaqlar skuter sürürdü, Əli də kənardan baxırdı. Atası bunu görəndən bir müddət sonra Əliyə də skuter aldı. Düzü, bir az baha olduğu üçün mən razı deyildim, amma Anar etiraz etdi. Dedi ki, mən övladlarım üçün pul qazanıram. Sanki ürəyinə dammışdı ki, bu onun son hədiyyəsidir. Nə bilərdik ki, sentyabrda müharibə olacaq və o, bir də evimizə qayıtmayacaq”.
Şəhidimizdən ailəsinə qalan digər bir əmanət isə onun cibindən çıxan puldur. Bu pul heç vaxt xərclənməyəcək, dəyəri heç nə ilə ölçülməyəcək, qəhrəmanın şəhidliyinə şahidlik edən yadigar kimi qalacaq.