AZ

“Borussiya” “Bavariya”nı vahid lider etdi - TURUN ŞƏRHİ

Turun açılış oyununda ötən mövsümü ilk iki pillədə başa vuranlar - “Bayer-04” ilə “Ştutqart” üz-üzə gəldi. Çempion nə qədər çalışsa da, vitse-çempionun qapısına yol tapa bilmədi. “Bayer-04” xal itirməkdə və turdan-tura zirvədən uzaqlaşmaqda davam edir. Müqayisə üçün bildirək ki, ötən mövsüm komanda 9-cu turdan sonra indikindən 9 xal çox toplamışdı!

Bu tur yeganə səfər qələbəsini “Sankt Pauli” qazandı. Evdə hələ də qolu olmayan debütant rəqib meydanında “Hoffenhaym”ı 2 cavabsız qolla məğlub etdi. Ötən mövsüm ÇL-də oynamaqla “özünə zülm verən” “Union”un başına gələnləri, deyəsən, bu mövsüm “Hoffenhaym” yaşayır. Avropa Liqasında oynayan “kəndçilər” açıq-aşkar üç cəbhədə oynamaq gücündə deyil. ÇL-dən fərqli “Bavariya”nın daxili turnirlərdə işləri qaydasında gedir. Vensan Kompaninin komandası bu dəfə “Union”u asanlıqla məğlub edərək vahid liderliyi ələ keçirdi. Münhen nəhəngi bu rəqibə qarşı bundesliqada keçirdiyi 11-ci oyunda da məğlub olmadı (8 qələbə, 3 heç-heçə). Yeri gəlmişkən, “rekordmayster” Kompaninin başçılığı altında cəmi 14-cü rəsmi oyunda vurduğu qolların sayını 50-yə çatdırdı və bu mövsüm “böyük beşlik”də 50 qol həddinə çatan ilk komanda oldu!

“Bavariya”nın vahid lider olmasına isə Dortmund “Borussiya”sı yardım etdi. “Çünki” “arılar” evdə əzmkar qələbə qazanmaqla “Leyptsiq”ə mövsümün ilk məğlubiyyətini yaşatdılar. Qovulmaq üzrə olan Nuri Şahin bu qələbə ilə dərindən nəfəs aldı. Amma komanda “evdə xoruz, çöldə toyuq” imici ilə “uzağa gedə bilməyəcək”. Türkiyəli mütəxəssis ilk növbədə səfər oyunlarındakı bərbad nəticələri düzəltməyə çalışmalıdı. Çünki “sarı divar”ın önündə “Borussiya” zatən hər zaman güclü oynayıb.

Turun ən məhsuldar oyunu Frankfurtda keçirildi. “Ayntraxt” sonuncu pillədən möhkəm yapışan “Bohum”a rəhm etməyərək 7 qol vurdu. Bu qollardan birini hesabına yazan Marmuş “Ayntraxt”ın tarixində 9-cu turdan sonra 10 qol həddinə çatan ilk futbolçu oldu! Əvvəlki rekord 1993/94-də ilk 9 tura 9 dəfə fərqlənən Entoni Yeboaya məxsus idi. Turun daha bir parlaq qələbəsini Münhenqladbax “Borussiya”sı qazandı. Xerardo Seoanenin komandası gözlənilmədən “Verder”i darmadağın etdi. Son vaxtlar Almaniya yığmasına da dəvət alan Klayndinst hesabına üç məhsuldar ötürmə yazdı. O, son 20 ildə bir bundesliqa matçında “Borussya”nın heyətində bunu bacaran 4-cü futbolçu oldu. Debütant “Holştayn”, nəhayət, mövsümdə ilk qələbəni bayram etdi. Özü də Kil təmsilçisi avrokuboklarda çıxış edən “Haydenhaym”ı minimal hesabla yenməyi bacardı. Artıq qələbəsiz cəmi bir komanda qaldı ki, bu da “Bohum”du.

9-cu tur
Bavariya – Union 3:0

Keyn, 15; 51. Koman, 43. (75000)
Bavariya: Noyer, Gerreyro, Upamekano, Kim Min Çe (Qoretska, 68), Devis (Aznu, 80), Kimmix, Palyinya (Dayer, 69), Olise (Sane, 69), Musiala (Müller, 74), Koman, Keyn.

Borussiya D – Lеyptsiq 2:1
Bayer, 30. Girassi, 65 – Şeşko, 27. (81365)
Borussiya: Mayer, Qross, Əmrə Can, Şlotterbek, Bensebayni, Nmeça, Zabitser (Ajil, 67), Bayer (Kempbell, 90+4), Brandt, Gittens (Malen, 79), Girassi.
Leyptsiq: Qulaçi, Henrixs (Bitşiabu, 70), Klostermann, Orban, Qeertruyda, Vermeeren, Aydara (Kampl, 64), Baumqartner (Elmas, 64), Nusa (Uedraoqo, 82), Şeşko (Poulsen, 70), Openda.

Bayеr-04 – Ştutqart 0:0
(30210)
Bayer-04: Qradetski, Mukiele (Y.Hofmann, 54), Ta, İnkapye, Tapsoba, Qrimaldo, Andrix (Palasios, 86), Caka, Frimponq (Tella, 86), Virts, Bonifeys (Şik, 86).
Ştutqart: Nübel, Vaqnoman, Çeys, Ruo, Mittelştadt (Hendriks, 58), Karazor, Ştiller, Levelinq (Rider, 8), Miyo (Əl-Daxil, 80), Dəniz Undav, Ture (Demiroviç, 80).

Ayntraxt F – Bohum 7:2
Ekitike, 9; 69. Marmuş, 18. Knauff, 20. Braun, 32. Mahmud Dahud, 61. Can Uzun, 66 – De Vit, 35. F.Hofmann, 51. (58000)
Ayntraxt: Trapp, Kollins, Kox (Çandler, 73), Tuta (Amenda, 81), Braun, Mahmud Dahud, Skiri (Larsson, 73), Knauff, Bahoya (Can Uzun, 65), Marmuş (Matanoviç, 73), Ekitike.

Hoffеnhaym – Sankt Pauli 0:2
Afolayan, 20. Albers, 90+3. (26199)

Borussiya M – Verder 4:1
Plea, 11. Fridl, 12-öz qapısına. Onora, 45. Ştöger, 66 – Top, 75. (54042)

Holştayn – Haydenhaym 1:0
Erras, 28. (14000)

Volfsburq – Auqsburq 1:1
Amura, 82 – Tits, 34. (25000)

Frayburq – Maynts-05 0:0
(34700)

1. Bavariya 9 7 2 0 32-7 23
2. Leyptsiq 9 6 2 1 15-5 20
3. Ayntraxt F 9 5 2 2 23-14 17
4. Bayer-04 9 4 4 1 20-15 16
5. Borussiya D 9 5 1 3 17-15 16
6. Frayburq 9 5 1 3 13-11 16
7. Union 9 4 3 2 9-8 15
8. Ştutqart 9 3 4 2 17-16 13
9. Borussiya M 9 4 1 4 15-14 13
10. Verder 9 3 3 3 15-20 12
11. Auqsburq 9 3 2 4 13-20 11
12. Haydenhaym 9 3 1 5 12-12 10
13. Maynts-05 9 2 4 3 12-13 10
14. Volfsburq 9 2 3 4 16-17 9
15. Sankt Pauli 9 2 2 5 7-11 8
16. Hoffenhyaym 9 2 2 5 13-19 8
17. Holştayn 9 1 2 6 11-23 5
18. Bohum 9 0 1 8 9-29 1

Bombardirlər: Keyn (Bavariya) – 11, Marmuş (Ayntraxt F) – 10, Bonifeys (Bayer-04), Klayndinst (Borussiya M) – 6.
Növbəti turun oyunları noyabrın 8-10-u aralığında keçiriləcək: Auqsburq – Hoffеnhaym, Bohum – Bayеr-04, Haydenhaym – Volfsburq, Maynts-05 – Borussiya D, Lеyptsiq – Borussiya M, Sankt Pauli – Bavariya, Union – Frayburq, Ştutqart – Ayntraxt F, Verder – Holştayn.

Turun rəqəmi
32 – autsayder “Bohum”u top atəşinə tutan “Ayntraxt” 32 dəqiqəyə rəqibinin qapısından 4 qol keçirdi. Bu, 4 qolu ən qısa zamana sığışdırmaq baxımından klubun bundesliqadakı ikinci ən yaxşı göstəricisidi. Frankfurt təmsilçisi daha öncə yalnız bir dəfə - 1974-ün oktyabrında “Rot Vayss Essen”lə oyunda 4 qolu bundan daha tez (31 dəqiqəyə) vurmuşdu.

Turun ulduzu
Harri Keyn (Bavariya) – bundesliqada özünü suda balıq kimi hiss edən İngiltərə yığmasının kapitanı qolları ilə komandasına qələbələr qazandırmaqda davam edir. Keyn bu tura qədər mövsümün ən az qol buraxan ikinci komandası olan “Union”la qarşılaşmada 2 qol, 1 məhsuldar ötürməlik performans sərgilədi. Geridə qalan 9 tur ərzində o, (Marmuşla birlikdə) 16 qolun vurulmasında yaxından iştirak edib (11+5). XXI əsrdə bu, ikinci ən yaxşı göstəricidi. Birinci kimdi? Təbii ki, Keyn özüdü! O ötən mövsüm 9-cu turdan sonra 17 qolun vurulmasında yaxından iştirak etmişdi.

Turun sitatı
Nuri Şahin, Dortmund “Borussiya”sının baş məşqçisi:
“Komandam özünü yaxşı tərəfdən göstərdi. Həm mübarizələrdən çəkinmədik, həm də yaxşı oynadıq. Mənim fəlsəfəmə uyğun futbol məhz belədi. Bütün 90 dəqiqəyə nəzər salsaq, deyə bilərəm ki, mövsümdəki ən yaxşı oyunumuzu keçirdik. Bu qələbəyə ehtiyacımız var idi. Futbolçular da bunu başa düşürdü. Ona görə də hər top uğrunda özlərini fəda etməyə hazır idilər. Belə cəsur və istəkli futbol çox xoşuma gəldi”.
Seçilən
37
football-plus.az

1Mənbələr