ABŞ-də keçirilən seçkilərdə Respublikaçı Donald Trampın qələbəsi təmin olundu...
Siyasi-şərhçi: “Belə görünür ki, Nümayəndələr Palatasında da, Senatda da Respublikaçılar çoxluq təşkil edəcək. Bu da o deməkdir ki, ən azı yaxın 2 il ərzində ABŞ-ın həm adminstrasiyası, həm də ali qanunverici orqan olan Konqres bir partiyanın nəzarəti altında olacaq”.
“İranın artıq itirəcək bir şeyi qalmır. İran çalışacaq maksimum dərəcədə İsrailin, ABŞ-ın Yaxın Şərqdə maraqlarına zərər vursun”.
Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu ABŞ-da keçirilən seçkiləri Poliqon-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi,ABŞ-də keçirilən seçkilərdə Respublikaçı Donald Trampın qələbəsi təmin olundu. Ən son məlumatlara görə isə Respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük qazanırlar.
Respublikaçıların həm Konqresdə üstünlük qazanmaları, həm də Ağ Evə sahib olmaları ABŞ daxilində və xaricində nələr vəd edir? Xüsusən Avropa Birliyi və Ukrayna ilə bağlı hansı dəylikliləri gözləmək olar? Eyni zamanda Yaxın Şərqdə proseslər hansı məcraya yönələ bilər?
Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.
Ərəstun Oruclu: “Qarşıda, risklər, təhlükələrlə dolu 4 ay var. Bu 4 ayda biz dünyada fərqli gəlişmələrin şahidi olacağıq”.
Trampın birmənalı İsrailpərəst xarici siyasətinin İrana da, İsrailə də bəlli olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, Netanyahu maksimal dərəcədə ABŞ-ın resurslarından yararlanıb, öz mövqeyini möhkəmləndirməyə çalışacaq:
“Donald Trampın qalib gəlmək ehtimalı ən azı 50 faiz var idi. Son ana qədər ABŞ-ın heç bir sosioloji mərkəzi, bu sahədə olan heç bir mütəxəssisi birmənalı Trampın, yaxud Harrisin qalib gələcəyini deyə bilmirdilər. Bu bir göstərici idi ki, səslər bərabərdir. Amma indi artıq Trampın qalib gələcəyi şübhə doğurmur və artıq o, dövlət başçılarından təbriklər alır. Çünki Tramp zəruri olan səslərin 90 faizini toplayıb.
Eyni zamanda belə görünür ki, Nümayəndələr Palatasında da, Senatda da Respublikaçılar çoxluq təşkil edəcək. Bu da o deməkdir ki, ən azı yaxın 2 il ərzində ABŞ-ın həm adminstrasiyası, həm də ali qanunverici orqan olan Konqres bir partiyanın nəzarəti altında olacaq. Xatırladım ki, 2016-ci ildə də Tramp seçiləndə də, belə olmuşdu. Yəni o vaxt da, hər iki palatada Respublikaçılar çoxluq təşkil edirdi.
Əslində bu ABŞ daxilində heç nə demək deyil. Çünki ABŞ institutsional idarə olunan dövlətdir. Tramp idarəetmə sisteminin dəyişməsində çox az rol oynaya bilər. Onun təsiri düşündüyümüz qədər ola bilməz. Çünki dövlət institutları çox güclüdür və onlar əsasən qanun çərçivəsində fəaliyyət göstərirlər.
ABŞ-ın xarici siyasətinə ciddi dəyişikliklə ola bilər və yəqin ki, olacaq da. O cümlədən, üç istiqamətdə xarici siyasətdə dəyişikliklər görəcəyik. Bunlardan biri Rusiya-Ukrayna müharibəsidir ki, burada Demokratların nümayiş etdirdiyi mövqeyi biz Trampda görməyəcəyik. Trampın özü də açıq şəkildə bəyan edib ki, Ukraynaya bir sent də yardım etməyəcək. Bu da o deməkdir ki, əgər Avropa Birliyi ölkələri və yaxud NATO ölkələri ABŞ-dan ayrı Ukraynaya dəstək verməyəcəklərsə, bu Ukraynanın faktiki məğlub olması demək olacaq, yaxud da Ukrayna təslimçi sülhə sürükləyəcək. Avropa ölkələrinin bunu istəyib-istəməməsi isə başqa sualdır. Çünki hələ xeyli aydın olmayan məqamlar var.
Ərəstun Oruclu: “Ən riskli dönəm qarşıdan gələn 2 ay yarımlıq vaxtdır”.
İkinci istiqamət, ABŞ-Avropa istiqamətdir. Tramp hələ 2016-ci ildə seçiləndə prezidentlik dövründə biz gördük ki, Avroatlantik təhlükəsizlik sisteminin maraqlarına zidd olan siyasət yürütdü və faktiki olaraq ABŞ-la Avropa müttəfiqləri arasındakı əlaqələrə çox ciddi ziyan vurdu. Nəzərə alsaq ki, 2016-ci ildə Tramp bu hərəkətləri spontan edirdi və əslində heç Trampın özü inanmırdı ki, prezident seçilə bilər. Amma bu dəfə Tramp planlı gəlir. Əgər onda Tramp bu əlaqələrə ziyan bura bildisə, bu dəfə onun vura biləcəyi ziyan daha güclü ola bilər.
Nəhayət, üçüncü istiqamət Yaxın Şərqdir. Düşünürəm ki, Trampın hakimiyyətə gəlməsi Yaxın Şərqdə vəziyyətin bir qədər də gərginləşməsinə xidmət göstərəcək. Ona görə ki, Trampın birmənalı İsrailpərəst xarici siyasəti İrana da, İsrailə də bəllidir. Netanyahu çalışacaq, maksimal dərəcədə ABŞ-ın resurslarından yararlanıb, öz mövqeyini möhkəmləndirsin.
İranın isə artıq itirəcək bir şeyi qalmır. İran da çalışacaq maksimum dərəcədə İsrailin, ABŞ-ın Yaxın Şərqdə maraqlarına zərər vursun. Beləliklə də, mümkün danışıqlar prosesində əlini gücləndirmək istəyəcək. Amma Trampın İranla danışıqlara gedəcəyini düşünmürəm.
Trampın prezident seçilməsi Rusiyanın qarşısında xeyli geniş imkanlar açır. Nəzərə almalıyıq ki, Tramp daha çox ABŞ-ın daxili işləri ilə məşğul olmaq vəzifəsini qarşısına məqsəd qoyub. Bu da dünyada geosiyasi boşluq yaradır. Geosiyasi maraqların toqquşduğu, yeni geosiyasi və qlobal konstruksiyanın formalaşdığı bir dövrdə bu ABŞ-ın qlobal güc olaraq ciddi itkilər verməsi ilə nəticələnə bilər. Yəqin ki, belə də olacaq.
Ərəstun Oruclu: “Trampın seçilməsi dünyada geosiyasi boşluq yaradır. Geosiyasi maraqların toqquşduğu, yeni geosiyasi və qlobal konstruksiyanın formalaşdığı bir dövrdə bu, ABŞ-ın qlobal güc olaraq ciddi itkilər verməsi ilə nəticələnə bilər”.
Bir istiqamət də var. Bu da ABŞ-Çin münasibətləridir. Ola bilər, burada da gərginlik yaşana bilər. Çünki Rusiya loyal olmasına rəğmən Trampın Çinə münasibəti çox sərtdir. Təbii ki, Çin də öz maraqlarını qorumaq üçün hansısa qeyri-standart və radikal addımlar ata bilər.
Ən riskli dönəm qarşıdan gələn 2 ay yarımmlıq vaxt kədiyidir. Çünki artıq Demokratlar hakimiyyəti uduzublarsa, onlar çalışacaqlar ki, Trampın and içməsinə qədər sadəcə öz işlərini yerinə yetirib getsinlər. Onlar hansısa radikal ciddi addımlar atmaqdan çəkinəcəklər. Çünki bunun riskləri var. Trampın isə yanvarın 20-nə qədər səlahiyyəti olmayacaq. Hətta, 20-dən sonra da Tramp ilk növbədə öz kabinetini təşkil edəcək. Ən azı ay yarım da bu vaxt aparacaq. Deməli qarşıda, risklər, təhlükələrlə dolu 4 ay var. Bu 4 ay biz dünyada fərqli gəlişmələrin şahidi olacağıq”.
Nərminə UMUDLU
Poliqon.info