Rusiya prezidentinin müşaviri, iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev Donald Trampı Bakıda keçiriləcək iqlim konfransına-COP29-a dəvət etməyi təklif edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Edelgeriyevin fikrincə, COP29-da Trampdan Amerika Birləşmiş Ştatlarının Paris sazişinin tərəfi kimi qalıb-qalmayacağını öyrənmək olar.
"Bizim ən yaxın vaxtlarda beynəlxalq tədbirimiz Azərbaycanda keçiriləcək. Bu, çox böyük BMT tədbiridir. Qoy, Azərbaycan Trampı COP29-a dəvət eləsin. Biz də onunla danışaq. Soruşaq ki, Paris sazişindən çıxmaq istəyirmi?", - deyə Edelgeriyev bildirib.
Qeyd edək ki, Paris razılaşması iqlim dəyişikliyi ilə bağlı beynəlxalq müqavilədir. 2017-ci ilin iyununda Tramp ölkəsinin bu müqaviləni tərk etmək qərarını açıqlayıb. Trampın fikrincə, bu müqavilə Amerika sərvətini başqa ölkələrin xeyrinə yenidən bölüşdürür və bu, 2025-ci ilə qədər ABŞ üçün 2,7 milyon iş yerinin itirilməsi ilə nəticələnə bilər.