AZ

Bu qüvvələr Azərbaycana qarşı “hücum”a keçdi: planlarının arxasında nə dayanır?

“Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) başlamasına sayılı günlər qalmış anti-Azərbaycan şəbəkənin kompleks hücum taktikasının sondan əvvəlki mərhələsinə start verilib. İndiyə qədər həyata keçirilən iyrənc total basqı əməliyyatlarının müxtəlif istiqamətlərinə şahid olduq”.

Bu sözləri Publika.az-a açıqlamasında sosial media eksperti Sənan Nəcəfov deyib.

Onun sözlərinə görə, Milli Məclisin xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında da qeyd olunduğu kimi, böyük hibrid təhdid kampaniyası 4 mərhələdə həyata keçirilib:

“İlk mərhələ “neft şirkətinin rəhbərinin COP29 Konfransına rəhbəri təyin olunması” manipulyasiyası ilə başlandı. Halbuki, COP29-un prezidenti 5 ilə yaxın müddət idi ki, Azərbaycanın ekologiya naziri idi və o, SOCAR-da da ekoloji məsələlər üzrə vitse-prezident vəzifəsində çalışmışdı. Növbəti mərhələdə təşkilat komitəsində gender balansının pozulması iddiası qaldırıldı. Bu iddianın da müddəti heç bir həftə də çəkmədi. Hazırda Təşkilat Komitəsinin üzvləri arasında gender balansı az qala tam bərabər bölünüb.

Üçüncü mərhələdə qalıq yanacaq (kömür, neft, qaz) ehtiyatları olan ölkədə ekoloji tədbirin keçirilməsinin absurdluğu barədə məsələ qaldırıldı. Bu da ən zəif arqumentlərdən biri idi ki, elə Qərb mediasındakı yazılarla təkzib olundu. Bəllidir ki, 1994-cü ildən bəri keçirilən bu konfranslar 2-3 ölkəni çıxmaq şərtilə məhz qalıq yanacaq hasil edən ölkələrdə keçirilib. Nəhayət, sonuncu mərhələ, həmişə “işlək”, qüvvədə olan, lakin əsasız və şantaj dolu “insan hüquqları” mövzusu dövriyyə buraxıldı və nə təəssüf ki, manipulyativ və şantaj dolu bu ittiham dalğası hələ davam etməkdədir”.

Ekspert qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda böyük beynəlxalq tədbir öncəsi Qərbin şantaj mexanizminin işə düşməsinin biz bir neçə dəfə şahidi olmuşuq:

“2012-ci ildə “Avroviziya-2012” musiqi yarışmasına, 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1" yarışlarına, ev sahibliyi edən Azərbaycan bu cür təzyiq və təhdidlərlə üzləşib. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin birgə bəyanatında söylənildiyi kimi, dünya miqyaslı mötəbər iqlim tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulundan ötən bir ilə yaxın müddətdə ölkəmizə qarşı bu cür qərəzli kampaniyaların geniş vüsət alması, COP29-un “sabotaj edilməsi” cəhdləri ölkə ictimaiyyəti üçün heç də yenilik deyil. Rəsmi Bakının müstəqil siyasət yürütməsi, xarici təzyiqləri inamla dəf etməsi, ölkənin milli maraqlarını bütün məsələlərdə üstün tutması ilə barışa bilməyən müəyyən qüvvələr, bir qayda olaraq, qlobal beynəlxalq tədbirlər ərəfəsində anti-Azərbaycan kampaniyasını genişləndirirlər”.

Sənan Nəcəfov anti-Azərbaycan şəbəkənin hücum taktikalarını təhlil edib:

1) Prosesə tanınmış beynəlxalq hüquq müdafiə təşkilatları "Freedom House", "Human Rights Watch", “Amnesty International”, “Demokratiyanın İnkişafı Fondu” (NED) və İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq kimi təşkilatların son addımları bir daha göstərir ki, Azərbaycana qarşı aparılan kampaniya planlı, sistemli, koordinasiya olunmuş prosesdir və müxtəlif vasitələrlə həyata keçirilir. Bu təşkilatların rəhbərliyində erməni millətindən olan şəxslərin üstünlük təşkil etməsi, habelə donorları arasında erməni lobbisinin təsiri altında olan qurumları bir tərəfə qoyub, onların hazırladıqları birtərəfli, qərəzli hesabatları, bəyanatları izləmək yetərlidir ki, bu şantaj mexanizminin necə işlədiyinin şahidi olaq. Təsəvvür edin ki, təkcə "Freedom House", "Human Rights Watch", “Amnesty International”ın son bir ildə öz saytlarında Azərbaycan əleyhinə paylaşdıqları məqalə və materialların sayı 200-ü keçib. Yalnız bu 3 təşkilatın saytında “Azərbaycan” sözünü axtarışa verib bunu təsdiqləmək mümkündür. Heç uzağa getməyək. "Freedom House"un erməni millətçisi Şeyla Paylan tərəfindən "Newsweek"də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsini xatırlayaq. Bu qədər sadə, açıq və şantaj metodu.

2) Müxtəlif dövlətlərin parlamentlərində Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını tələb edən qanunvericilik təşəbbüsləri irəli sürüldü, Azərbaycanla iqtisadi əlaqələrin kəsilməsi haqda fikirlər səsləndi. ABŞ Konqresinin hər iki palatasında dinləmələrin keçirilməsi, 10 senator və Nümayəndələr palatasının 48 üzvünün terrorçuları “siyasi məhbus” adlandıraraq ABŞ-ın dövlət katibi Entoni Blinkendən Prezident İlham Əliyevə müxtəlif cinayətlərdə ittiham olunan həmin şəxslərin sərbəst buraxılması üçün təzyiq etməsini istəmələri, Avropa Parlamentinin (oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə), Niderland parlamentinin (oktyabrın 10-da Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli 2 qətnamə qəbul edilib), Kanada XİN-in (Kanadanın xarici işlər naziri Melani Coli iddia edir ki, Azərbaycan saxlanılan “erməni məhbusları” azadlığa “buraxmalıdır”, Ermənistanın ərazi bütövlüyünə “hörmətlə” yanaşmalıdır) qərəzli qətnamələri buna misaldır.

3) Fərdlərin “nüfuz”undan yararlanmağa çalışıldı. Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində Sədrin birinci müavini Natali Luazo (bu qadın son vaxtlarda yazdığı bütün tvitlərə “COP29 biabırçılıqdır, rüsvayçılıqdır” sözlərini əlavə edir) , Almaniya Bundestaqının üzvü, AŞPA-da təmsilçisi Frenk Şvabe, BCM-in ilk prokuroru Luis Moreno Okampo ( bu müddətdə böyük hücum taktikasının kiçik vintləri olsalar da, azından könül bulandırmağı, erməni lobbisinin təsiri altında bütün ləyaqətsizliyə gedə biləcəklərini açıq nümayiş etdirdilər. Təbii ki, bunların fəaliyyətinin ardında, fonda Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası (EAFJD) və Aİ-Ermənistan Dostluq Qrupunun rəhbəri, mafioz Kaspar Karampetyanın silueti və murdar siması görünməkdədir. “EU Reporter” və CBC-nin araşdırmasını xatırlayaq: “Ermənistan uzun illərdir ki, Avropa ölkələrinin hökumətyönlü dairələrində və strukturlarında anti-Azərbaycan motivli lobbiçilik fəaliyyəti həyata keçirir. Azərbaycana qarşı nifrət yaymaqla məşğul olan erməni lobbiçiləri brilyant qaçaqmalçısı, mafioz Kaspar Karampetyan tərəfindən idarə olunur”.

4) Azərbaycana qarşı sosial mediada total kiber-təhdid, onlayn hücum, həştəq, petisiya kampaniyası aparıldı.

Əvvəlcə onu qeyd edək ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə bəyanatında bildirilirdi ki, “X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb. Bu hesabların sayı isə hədsiz çoxdur.

Seçilən
12
2
publika.az

3Mənbələr