"Heç hənanın yeridimi deməyin. Yeridir, həm savaş yaxında Zəfərlə bitəcək, həm də biz bu savaşı yüksək texnoloji müharibəsi olaraq apardıq və bu da qələbəmizdə çox önəmli rol oynadı. Hər şey bitdikdən sonra Qarabağda Böyük Quruculuq işlərinə başlayacağıq."
News365.az xəbər verir ki, jurnalist İbrahim Nəbioğlu bunu feysbuk səhifəsində paylaşıb.
Artıq bəzi dostlar Qarabağda yaradılacaq muğam məktəbləri, tar və dəf sexləri, keçiriləcək musiqi festivalları kimi planlardan yazırlar. Zənnimcə, bunlar hamısı olacaq, istəməsək də olacaq.
Ancaq gəlin Qarabağda özümüzün Silikon Vadimizi yaradaq, Texno Parklar salaq, burada Süni İntellekt, Robot texnologiyaları, Bio-genetika, Kosmik və sintetik biologiya və s. ilə məşğul olan araşdırma mərkəzləri açaq, yüzlərlə, minlərlə övladımıza kiçik yaşdan kodinq dərsləri verək. Axı əks-təqdirdə Qarabağa gəncləri cəlb edə bilməyəcəyik, axı ora Vətən həsrəti ilə yanan yaşlı insanları göndərməklə Qarabağı gücləndirmək, inkişaf etdirmək mümkün olmayacaq.
Gəlin Qarabağı Azərbaycanın muğam mərkəzi deyil, yeni texnologiyalar paytaxtı yapaq. Bakıda, xaricdə təhsil alsınlar, elmi araşdırmalar üçün Vətənə qayıtsınlar. Qarabağ əhalisinin orta yaş həddini 30-40 arasında tutmaq lazımdır, yoxsa işimiz çətin olacaq.
Futurologiya ilə bağlı bir şey oxuyurdum. Qarabağın, Azərbaycanın sabahını düşündüm. Heç kim inciməsin – musiqi ilə uzağa gedə bilməyəcəyik. Biz Dünyanı riyaziyyatla kəşf etməliyik, Təbiətin dili ilə…