AZ

Trampın yenidən hakimiyyətə qayıdışı Birləşmiş Ştatların yürütdüyü siyasətə təsirsiz ötüşməyəcək



"ABŞ-da keçirilən prezident seçkilərində sabiq prezident D.Tramp artıq öz qələbəsini tərəfdarları ilə birlikdə meydanlarda qeyd edir. Trampla bərabər Respublikaçılar parlament üstünlüyünü də qazanırlar. Bu Trampın gələcəkdə verəcəyi qərarların dəstək qazanması üçün vacibdir".

Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin kömöəkçisi Əli Oruclu deyib. O bildirib ki, Trampın yenidən hakimiyyətə qayıdışı Birləşmiş Ştatların yürütdüyü siyasətə təsirsiz ötüşməyəcək:

"Onun Yaxın Şərq, Ukrayna-Rusiya müharibəsi, Çinlə bağlı görüşləri fərqlidir. Bu fərqlilik Vaşinqtonun hərbi və siyasi müttəfiqlərinə baxışlarında da var. Seçkilərin nəticələri tam məlum olmasa da Demokratlar məlum durumdadır. Konqresin yuxarı və aşağı palatasında mövqelərini əldən veriblər".

Əli Orucıu deyib ki, Tramp biznesmendir, ona görə də biznes maraqları prizmasından çıxış etdiyini əvvəlki prezidentlik dönəmində də görmüşük:

"O özünü xristian dünyasının xilaskarı adlandırır və bu cür yanaşma dinlər arasında gərginliyin artmasına rəvac verər. Trampın seçki kampaniyasında ermənilərə verdiyi vəd və bəyanatı Azərbaycan üçün və Cənubi Qafqaz regionu üçün yeni risqlər yarada bilər. Sabiq prezidentin "Artsax" ermənilərini müdafiə edəcəyini, həmçinin dolayısı ilə Azərbaycanı etnik təmizləmədə suçlamasına səthi yanaşmaq doğru olmazdı. Bütün bunlar regionda deslakasiya və ayrıcı xətlərin daha da dərinləşməsi risqini artıra bilər. Onu da nəzərə almaq lazımdır ki, Donald Tramp populist olduğu qədər də avanturürist siyasətçidir. Ancaq bununla belə onun Birləşmiş Ştatların maraqlarına toxunan və mənafelərinə zərər vura biləcək addım atacağını düşünmürəm. Hər halda ümid edək ki, Respublikaçıların qələbə çalması qlobal münasibətlərin normallaşmasına, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində müsbət tendensiyalara yol açacaq".

Əli Oruclu, "Azərbaycan prezidenti İ.Əliyevin Trampı qalib gəlməsi münasibıti ilə göndərdiyi təbrik məktubundan da göründüyü kimi Bakının yeni prezidentdən əlaqələrin və münasibətlərin daha da dərinləşməsi baxımından ümidləri böyükdür",-deyə bildirib.

Süleyman
Seçilən
11
newscenter.az

1Mənbələr