AZ

Bakıda COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarına dair tədbir keçirilib - FOTO

Bakıda "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti mövzusunda" dəyirmi masa keçirilib.

APA xəbər verir ki, tədbir Bakı Dövlət Universiteti (BDU) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

Mətbuat Şurasının sədri Rəşad Məcid dəyirmi masanın keçirilməsinin mətbuat və cəmiyyət üçün əhəmiyyətindən danışıb.

Dezinformasiyaların cəmiyyətin həyatında mənfi rol oynadığını diqqətə çatdıran Mətbuat Şurasının sədrinin sözlərinə görə, saxta xəbərlərə qarşı mübarizə artıq zərurətə çevrilib.

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi dünya dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycana etimadının göstəricisidir: “COP29-a ev sahibliyi etmək dövlətimizin növbəti qələbəsidir”.

Rektor onu da qeyd edib ki, Azərbaycan dövlətinin beynəlxalq arenada nüfuzunun artması bəzi xarici qüvvələri qıcıqlandırır: “Belə olan halda isə həmin qüvvələr dezinformasiya ilə hücumlara başlayır. Bütün bunların məqsədi ölkəmizi qarşıda duran hədəflərdən yayındırmaqdır. Bu gün ən vacib məsələ bu hücumlarla mübarizədir.

Vətən müharibəsi zamanı olduğu kimi, COP29 zamanı da kütləvi informasiya vasitələrinin nümayəndələri bu informasiya müharibəsində ayıq-sayıq olmalıdır”.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə COP29 tədbirinin siyasi platforma deyil, iqlim dəyişiklikləri məsələlərinin müzakirəsinə dair tədbir olduğuna diqqət çəkib: “Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmiş bəzi ölkələrin mediaları hazırda bizə və COP29-a qarşı antitəbliğatla məşğuldurlar”.

Natiq Məmmədli onu da vurğulayıb ki, bu prosesdə media ilə cəmiyyət həmrəy olmalıdır.

Saxta xəbərlərin yaradılması və yayılması üçün sosial şəbəkələrdən istifadə edilməsindən danışan “APA Media Group”un rəhbəri Vüsalə Mahirqızı Ceff Bezosun “Washington Post” qəzetində yazdığı məqaləsini xatırladıb.

Vüsalə Mahirqızı qeyd edib ki, dünyanın əsas informasiya mənbələrinin, o cümlədən elə "Washington Post"un da sahibi olan Bezos artıq bu medialara inanılmadığını özü etiraf edib: “Bezos qeyd edib ki, əksər insanlar qeyri-dəqiq podkastlara, qeyri-dəqiq sosial media yazılarına və digər təsdiqlənməmiş xəbər mənbələrinə müraciət edirlər ki, bu da tez bir zamanda dezinformasiya yaya və fikir ayrılıqlarını dərinləşdirə bilər. “Washington Post” və “The New York Times” mükafatlar qazanır, lakin getdikcə daha çox yalnız müəyyən bir elita ilə danışır. Bezos elə belə də yazıb: “Getdikcə daha çox özümüzlə danışırıq”. Bu vəziyyət isə davamlı olaraq konkret məqsədlər üçün aparılan qərəzli kampaniyalarla yaradılıb. Zamanla konkret siyasi hədəfi qoruyub, digərlərinə qarşı “qara piar” aparmaq məhz bu cür imic formalaşdırır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial şəbəkədə haqlı olaraq elə “Washington Post" kampaniyalarının "Komsomolskaya Pravda"nın Sovet dövrünün sonlarındakı fəaliyyətini xatırlatdığını qeyd etmişdi”.

Vüsalə Mahirqızı onu da qeyd edib ki, Azərbaycana qarşı aparılan kampaniyalarda da ənənəvi üsullardan istifadə edilir:

"Əlbəttə, burda başlıca vasitə saxta xəbərlərdir. Məsələn, COP29 ərəfəsində Azərbaycana qarşı istifadə edilən əsas saxta xəbərlərdən biri, guya etnik təmizləmə aparılması ilə bağlıdır. Halbuki bunu təsdiq edən bir fakt belə yoxdur. Bir erməni belə Azərbaycan ərazisində ona hansısa məmurun, hərbçinin, ümumiyyətlə, Azərbaycan vətəndaşının buranı tərk etməli olduğunu dediyini söyləməyib. Belə bir fakt yoxdur, həmin vaxt media çəkib, göstərib. İnformasiya əsrində, sosial şəbəkələrin aktiv olduğu bir dövrdə siyasi mərkəzlər və bəzi media strukturları feyk bir "etnik təmizləmə" xəbəri yaradıblar və idarə olunduqları mərkəzlərdən Azərbaycana təzyiq etmək tapşırığı gələn kimi onu dövriyyəyə buraxırlar. Mən, açığı, bu dezinformasiya ilə işləyənlərə sərf olunan vaxtı itirilmiş hesab edirəm. Çünki onlar bilirlər ki, bu yalan xəbəri özləri yaradıblar. Düşünürəm ki, biz alternativ vasitələrlə bu informasiya manipulyasiyasına məruz qalan izləyici və oxucunu məlumatlandırmalıyıq".

Vüsalə Mahirqızı COP29 ərəfəsində başlanmış media hücumlarının tədbir ərzində və daha sonra da davam edəcəyinin proqnozlaşdırıldığını qeyd edib.

O bildirib ki, saxta məlumatlarla mübarizədə iki əsas yol var. Saxta məlumatlara operativ cavab vermək mütləqdir: “Bu sahədə MEDİA Agentliyinin fəaliyyəti operativdir və təqdirəlayiqdir. Elə bu günlərdə Agentlik Milli Məclisin müvafiq komissiyası ilə birlikdə “X” platformasında COP29 həştəqi ilə aparılan informasiya təxribatına da operativ cavab vermişdi”.

Vüsalə Mahirqızı vurğulayıb ki, saxta xəbərlə mübarizədə ikinci mühüm vasitə media savadlılığını artırmaqdır: "Bunun üçün də MEDİA Agentliyi davamlı tədbirlər, layihələr həyata keçirir. Amma bu məsələ artıq məktəblərdə, hətta bağçalardan başlayaraq tədris olunmalıdır. Əks halda, biz düzgün mənbələrdən istifadə, sosial şəbəkə davranışları ilə bağlı problemlərlə qarşılaşacağıq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, COP29 ərəfəsində başladılan bu dezinformasiya hücumlarının məqsədi Azərbaycanın regiondakı geosiyasi vəziyyətinə təsir etmək cəhdləridir. O, belə cəhdlərin qarşısının alınmalı olduğunu qeyd edib.

Professor Qulu Məhərrəmli isə çıxışında bildirib ki, dezinformasiya kampaniyaları artıq adi hala çevrilib. O, Azərbaycan mediasında COP29-un, “Yaşıl dünya naminə həmrəylik ili”nin mahiyyətini əks etdirən kifayət qədər məlumat, informasiyalar yayımlandığını diqqətə çatdırıb.

Azərbaycanla bağlı dezinformasiya meyillərinin artdığını deyən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, COP29 ərəfəsində ölkəmizə qarşı olan dezinformasiyalara qarşı mübarizə daim aparılmalıdır.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Seçilən
22
1
apa.az

2Mənbələr