AZ

AQTİ tərəfindən ilk dəfə olaraq ictimai iaşə obyektinə 5 ulduz sertifikatı təqdim edilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsini həyata keçirir. Proses “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə hazırlanan və qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edən “Ulduz-reytinq” layihəsi çərçivəsində aparılır. Reytinq təsnifatı 3, 4, 5 ulduz olmaqla həyata keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu çərçivədə İnstitut tərəfindən sahibkarlıq subyektinin müraciəti əsasında “Manqal” MMC-yə məxsus “Mangal Steak House Bayıl” restoranında qiymətləndirmə aparılıb. Qiymətləndirmə zamanı bu restoranda qida təhlükəsizliyi təcrübələrinin tətbiq edildiyi müəyyənləşib. Nəticələrə əsasən, ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi prosesi çərçivəsində ilk dəfə olaraq, “Mangal Steak House Bayıl”a 5 ulduz sertifikatı təqdim edilib. 

Qeyd edək ki, reytinqin müəyyənləşdirilməsi sahibkarların könüllü müraciətinə əsasən aparılır. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində qiymətləndirmə aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq, ictimai iaşə obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin edilir. Sertifikat almış obyektlərin İnstitut tərəfindən təklif olunan xidmət və imkanlardan da yararlanması mümkündür.

İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Seçilən
23
iqtisadiyyat.az

1Mənbələr