"Artıq müstəqillik dövründə neçənci dəfədir ki, 6 noyabr - teleradio işçilərinin peşə bayramı qeyd olunur. Bu tarix birbaşa Azərbaycanda radionun müntəzəm yayıma başladığı 6 noyabr 1926-cı il tarixi ilə bağlıdır və burada önəmli olan odur ki, bu günün qeyd olunması cəmiyyət həyatında bizim televiziyanın, radionun rolunu, onların gördüyü böyük informasiya işini bir daha nəzərə çatdırıb. Bu peşə bayramı kimi bir ənənənin formalaşmasının əsasıdır".
Bu sözləri teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Redakaktor.az-a açıqlamasında söyləyib.
O, televiziya və radionun cəmiyyətin həyatında çox ciddi rol oynadığını bildirib:
"Baxmayaraq, internet mövcuddur, internetin media profili, sosial şəbəkələr var, amma yenə də ekstremal şəraitlərdə bizim tamaşaçı televiziya və radioya üz tutur. Təəssüf ki, artıq radiolar bizdə tamamilə kölgədə qalıb və radio öz ənənələrini itirmək üzrədir. Amma televiziyaya bu gün tələbat var, özünün sabit tamaşaçıları tərəfindən baxılır".
Əməkdar jurnalist qeyd edib ki, bizim tamaşaçıların televiziyadan, radiodan çox böyük gözləntiləri var:
"Bu gözləntilər onunla bağlıdır ki, televiziyalar, radiolar cəmiyyəti ifadə etsinlər, dəqiq, doğru-dürüst xəbərlər versinlər, cəmiyyəti narahat edən problemləri qaldırsınlar, ictimai müzakirələr təşkil etsinlər və bizim getdiyimiz yolu normal şəkildə işıqlandıra bilsinlər. Bunlar hamısı, əlbəttə ki, bütün teleradio işçiləri qarşısında duran əsas vəzifələrdir. Yeni axtarışlara, yeni layihələrə, uşaq verilişlərinin artırılmasına, səmərəli ictimai müzakirə proqramlarına ehtiyac var. İndi təəssüf ki, təbliğat və informasiya işi bir-birinə qarışıb. Amma jurnalistlərin əsas borcu və vəzifəsi cəmiyyəti düşündürən problemləri əks etdirmək, baş verən hadisələri doğru-düzgün işıqlandırmaqdır. Bu istiqamətdə də mən öz həmkarlarıma uğurlar arzulayıram".
Sevinc İBRAHİMZADƏ