AZ

Azərbaycan gənci evlilikdən qorxur - SƏBƏBLƏR

Çinin Vətəndaşlıq İşləri Nazirliyi ölkədə evlilik nisbətləri ilə bağlı son məlumatı açıqlayıb. 

Əgər tendensiya belə davam edərsə, rekordların başladığı 1980-ci ildən bəri ən aşağı rəqəmlər olacaq. 2024-cü ilin ilk üç rübündə Çində 4,74 milyon cütlük evləndiyi halda, keçən ilin eyni dövründə bu rəqəm 5,69 milyon olub. Beləliklə, nikah nisbətində 16,6 faiz azalma qeydə alınıb.

2013-cü ildə 13 milyon toyla zirvəyə çatan nikah sayı 2022-ci ildə 6,83 milyona enib. 2024-cü ildə bu rəqəmin daha da azalacağı gözlənilir. 

Qeyd edək ki, bu vəziyyət ölkəmizdə də müşahidə edilir. Bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30788 nikah və 14248 boşanma halları qeydə alınıb. Bu barədə  Dövlət Statistika Komtəsindən məlumat verilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,0-dan 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.

Bu gün bir faktdır ki, müasir gənclər evliliyə o qədər də maraq göstərmir və bunu da müxtəlif səbəblərlə izah edirlər. Bəs, bu gün gənclərin ailə qurmasına mane olan amillər nədir, niyə evliliyə meyil etmirlər? 

Sosioloq Mətanət Məmmədova "Cebheinfo.az"-a bildirib ki, ölkədə nikahların sayı çox azalıb və eyni zamanda, boşanmaların sayı artıb: 

"Nikahların azalmasının bir neçə səbəbləri var. Onlardan biri müasir gənclərin evlilikdən yayınmasıdır. Bu da müəyyən sosial problemlərlə əlaqəlidir. 

Yəni, onların mənzil, iş problemi var. Bu baxımdan evi, işi olmayan gənc evlilikdən çəkinir. Düşünür ki, qarşıda məni böyük problemlər gözləyir, mən ailəni necə saxlayaram? Sabah uşaq və onun qayğıları da olacaq, bu qayğıların öhdəsindən necə gələrəm.

Digər tərəfdən, bizdə bir avropalaşma gedir. İnsanlar artıq öz mentalitetimiz deyil, Avropa mentaliteti fonunda öz həyat tərzlərini qurmağa çalışırlar. Avropa necə ki, həyatımızın bütün sahələrini öz əlinə alıb, ailə institutumuzu da dağıtmağa meyil göstərir. 

Gənclərimiz də artıq Avropa gəncləri kimi gec evlənmək istəyirlər, öz karyeralarını qurmağa çalışır, daha sonra evlənmək istəyirlər. Üçüncü səbəb isə qızlarla bağlıdır ki, onlar da oğlanlarımız kimi evlənmək yaşının bir az gec olmasına çalışırlar. Onlar vaxtlarını daha çox əylənməyə, ailədə deyil, asudə vaxt keçirmək istəyirlər. Bu səbəblərdən gənclər arasında nikahlar yubanır və bu da ildən-ilə statistikada özünü göstərir, nikah sayları azalır”. 

Onun fikrincə, nikahların azalmasının bir səbəbi də boşanmalarla bağlıdır: 

“Bu da gənclərdə dözümsüzlüyün əlamətidir. İndiki gənclər əvvəlki illərdəki gənclərdən fərqli olaraq sanki özlərini dözümsüz hesab edirlər. Onlar ailə qayğılarını, həyat yoldaşını, uşağı, bir evdə yaşamağı, gündəlik tələbatları göz önünə gətirərkən özlərində bir dözümsüzlük görürlər. Bu dözümsüzlük də onları nikah bağlamağa gecikdirir, çətinləşdirir. Bütün bunlar üçün də cəmiyyətimizdə əhəmiyyətli dərəcədə maarifləndirmə işləri aparılmalıdır. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, orta məktəblər, Elm və Təhsil Nazirliyi, gənclərlə işləyən digər qurumlar üçbucaq şəklində birləşməsələr, bizim gəncləri heç də yaxşı gələcək gözləmir. Elə bir iş qurmaq lazımdır ki, onları ailəyə, nikaha meyilləndirsin. Yoxsa gündən-günə bu statistkanı bundan aşağı səviyyədə görəcəyik. 

Başqa yolu yoxdur". 

Seçilən
37
cebheinfo.az

1Mənbələr