Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli, müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə əsasən BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası bu il Bakıda keçiriləcək...
COP 29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Bununla əlaqədar 6 noyabr 2024-cü il tarixində Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə "Yaşıl Vətən, Yaşıl Dünya" adlı sərgi təşkil olunmuşdur .
Poliqon xəbər verir ki,tədbiri Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli açıq elan etdi. O, öz çıxışında Azərbaycanın dünyanın ən böyük , mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsindən və Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsindən söz açdı.
Daha sonra çıxış üçün söz Azərbaycan Rəssamlıq Akademiyasının Elm və yaradıcılıq işlər üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayevə verildi. Professor çıxışında sərginin əhəmiyyətini vurğulayaraq, bu təşəbbüsün, ətraf mühitin qorunması və “Yaşıl gələcək” naminə maarifləndirmə istiqamətində mühüm rol oynadığını bildirdi.
Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Xalq rəssamı Səlhab Məmmədov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənəntşünas Ziyadxan Əliyev çıxış edərək sərginin Azərbaycan incəsənətində davamlı inkişafın simvolu olduğunu və gələcək nəsillərə ətraf mühitə məsuliyyətli yanaşma mesajı verdiyini vurğuladılar. Sərgidə 40-dan çox əsər nümayiş olundu: rəngarlıq, dəzgah grafikası, plakatlar və qobelen. Bu əsərlərdə Azərbaycan xalqının öz Vətəninə məhəbbəti, Azərbaycanın zəngin və rəngarəng təbiəti aydın şəkildə əks olunub. Keçirilən sərginin bədii hissəsində Bülbül adına tam orta musiqi məktəbinin şagirdləri canlı ifaları ilə çıxış etdilər.
Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının professor, dosent, müəllim heyəti və sərgilənən rəsm əsərlərinin müəllifləri qonaq oldular. Həmçinin tədbirdə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri də iştirak etdilər.
Sərgi noyabr ayının 25-nə kimi davam edəcək.
Fotolar
Poliqon.info