Dünyada ən çox avtomobil satan istehsalçı kimi tanınan "Toyota" cari maliyyə ilinin ilk yarısında 26% azalma qeydə alsa da, çərşənbə günü illik xalis mənfəət proqnozunu dəyişməz saxladı.
Valyuta.Az "Hurriyyət" qəzetinə istinadən xəbər verir ki, Yaponiyanın avtomobil nəhəngi daxili bazarda texniki baxış standartlarına tam uyğunluq olmaması səbəbilə istehsalın dayandırılmasının satışlara təsir etdiyini bildirdi.
"Toyota"nın aprel-sentyabr dövründə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 4.6 milyard dollar ayazalaraq 12,4 milyard dollara düşüb.
İkinci rübdə şirkətin gəlirləri analitiklərin gözləntilərini qarşılamasa da, ilin sonu üçün xalis mənfəətin 22.9 milyard dollar olacağı proqnozlaşdırılır.
Açıqlamada, “Qazanc gücümüzü qorumaq və gücləndirmək üçün səylər göstərəcəyik,” deyə də qeyd olunub.
Maliyyə direktoru Yoiçi Miyazaki qlobal istehsalın artırılmasının şirkətin bərpasına yardım edəcəyini söyləyib.
Miyazaki, “Qismən fəaliyyətini dayandıran ABŞ-dakı İndiana zavodumuz keçən ay yenidən işə başladı və biz qlobal miqyasda illik 10 milyon avtomobil istehsal sürətinə geri dönəcəyik,” deyə bildirib.
Şirkət, 2024-25-ci maliyyə ilinin ilk yarısında satışların 4% azalmasını, sertifikatlaşdırma problemlərini həll etmək üçün istehsalın qismən dayandırılması ilə əlaqələndirib.
İyun ayında Yaponiya hökuməti "Toyota" və rəqibləri olan "Honda", "Mazda", "Suzuki" və "Yamaha"ya bəzi avtomobil modellərinin daxili bazarda satışını dayandırmağı tapşırmışdı.
Avtomobil istehsalçıları bəzi hallarda öz testlərinin rəsmi standartlardan daha sərt olduğunu iddia edərək, avtomobillərinin keyfiyyətinin şübhə doğurmadığını irəli sürdülər.
Miyazaki, "Toyota"nın yanaşmasını yenidən nəzərdən keçirmək üçün vaxt ayırdığını və qrupun təhlükəsizlik və keyfiyyətə önəm verəcəyini bildirib.
"Toyota", həmçinin çərşənbə günü yen məzənnəsindəki dəyişikliklərin “xarici valyutada olan aktivlərdə dəyər itkilərinə” səbəb olduğunu açıqladı.
Lakin avtomobil istehsalçısı bu amilin biznesdə real bir pozuntuya işarə etmədiyini qeyd edib.
"Toyota", illik istehsal proqnozunu əvvəlki 10,95 milyondan 10,85 milyon avtomobilə endirib.
Qey edək ki, şirkət, daxili yanma mühərrikləri və batareyaların birləşdiyi hibrid avtomobillərin güclü satışı sayəsində keçən il rekord nəticələr əldə etmişdi.
Rəhim