Fevralın 1-dən ölkə daxilində olan avtomobillərdən texniki baxış zamanı, xaricdən gətirilənlərdən isə gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınır. İdxal edilən avtomobillərin utilizasiya haqqı istehsal tarixi 4 ildən 7 ilə qədər olanlar üçün 400 manat, 7 ildən yuxarılar üçün isə 700 manatdır. Texniki baxış zamanı isə bu ödəniş avtomobilin ilindən asılı olaraq 10 manatdan 40 manata qədərdir. Statistikaya əsasən ölkədə 10 ildən çox yaşı olan avtomobillərin sayı 80% təşkil edir.
Bəs bu proses hazırda hansı mərhələdədir və nə vəd edir?
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Rövşən Həsənov Redaktor.az-a açıqlamasında bildirdi ki, utilizasiya prosesi aparıcı dövlətlərdə növbəli qaydada keçirilir:
"Aparıcı dövlətlər dedikdə məhz avtomobil istehsalçılarından söhbət gedir. Məsələn, İtaliya, Koreya, Almaniya, Amerika və bir sıra bənzər dövlətlər utilizasiya prosesi növbəli qaydada həyata keçirilir. Yəni nəqliyyat vasitəsi ilk olaraq Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" qanuna uyğun olaraq desək, qeydiyyatdan çıxarılır, sonra nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilir. Utilizasiya dedikdə biz hal-hazırda Azərbaycanda fəaliyyət göstərən "Təmiz şəhər"i nəzərdə tuturuq və onun müqabilində sənəd verilir. Həmin sənəd əsasında daşınan nəqliyyat vasitəsinin sahibinin müəyyən güzəşt nəticəsində yeni nəqliyyat vasitəsini əldə etmək imkanı var".
Ekspertin sözlərinə görə, xarici təcrübədə bu, o qədər cəlbedici sayılır ki, daşınan əmlakın sahibi əziyyət çəkmir, heç bir problemlə rastlaşmır:
"Bu baxımdan daşınan əmlak sahibi hətta düşünür ki, tez-tez nəqliyyat vasitəsini yeniləsin. Ancaq real həyatda tam texniki baxımdan yararsız nəqliyyat vasitələrinin Azərbaycan yollarında fəaliyyəti bu barədə mənə əsas verə bilmir ki, digər dövlətlərlə müqayisədə müsbət bir rəy söyləyim".
Sevinc İBRAHİMZADƏ