Türkiyənin neft və qaz hasilatı rekord həddə çatıb.
“Cebheinfo.az” “Hurriyet Daily”-ə istinadən xəbər verir ki, oktyabr ayında Türkiyədə gündəlik və aylıq təbii qaz və xam neft hasilatı rekord həddə çatıb.
Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, yerli xam neft hasilatı tarixin ən yüksək səviyyəsinə, yəni aylıq 3,36 milyon barellə, ölkənin təbii qaz hasilatı isə 234,4 milyon kubmetrə çatıb.
Oktyabr ayında gündəlik neft və təbii qaz hasilatı müvafiq olaraq 111 280 barel və 7,9 milyon kubmetr olmaqla gündəlik hasilat üzrə ən yüksək səviyyəyə çatıb.
Türkiyənin Qabar bölgəsində neft hasilatı 1,6 milyon barel təşkil edərək, ötən ay ölkənin ümumi neft hasilatının 46,6 faizini təşkil edib.
Təbii qaz hasilatının miqdarına gəlincə, Sakarya yatağında 196,7 milyon kubmetr təbii qaz hasilatı bütün qaz hasilatının 84 faizini təşkil edib.
Türkiyənin energetika naziri Alparslan Bayraktar son rəqəmləri şərh edərkən 2024-cü ildə qaz və neft hasilatına xeyli diqqət ayrıldığını bildirib.
"Biz həm neft, həm də təbii qazda hasilatımızı yeni yataqlar, yeni kəşfiyyatlar və yeni qazmalarla artıracağıq", - nazir bildirib.
Türkiyəli nazir, həmçinin Türkiyənin müxtəlif ölkələrdə yeni enerji ehtiyatların kəşfi istiqamətində səylərini artıracağını da qeyd edib.
“Əsas və prioritet hədəfimiz Türkiyəni enerjidə tam müstəqil etməkdir”, - deyə Bayraktar əlavə edib.
Xatırladaq ki, Türkiyənin “Oruç Rəis” kəşfiyyat gəmisi Somalidə neft və təbii qaz tədqiqatlar aparmaq üçün ötən ay sözügedən ölkəyə yola düşüb.
Bir müddət bundan əvvəl, Türkiyə Neft Şirkəti (TPAO) ilə Somali Neft İdarəsi arasında Somalidə neft və qaz yataqlarının kəşfi ilə bağlı saziş imzalanıb.