Çin yenidən ABŞ-nin prezidenti seçilən Donald Trampın ikinci səlahiyyət müddətinə ciddi şəkildə hazırlaşmalıdır.
APA-nın məlumatına görə, bu barədə yazı “Agence France-Presse”də dərc olunub.
Agentliyin ekspertləri bildirirlər ki, D.Trampın növbəti hakimiyyət dövrü rəsmi Pekin üçün yüksək tariflər, gərginlik və gərgin müzakirələrlə yadda qalacaq.
Bununla belə, Çin tərəfi artıq Donald Trampı seçkidə qələbə qazanması münasibətilə rəsmi səviyyədə təbrik edib. Məktubda həmçinin hər iki tərəf arasında konsensusun əldə olunacağına inam ifadə edilib.
Ekspertlər isə bu məsələdə bir o qədər nikbin deyil. Belə ki, Şanxay Universitetyinin Amerikaşünaslıq Mərkəzinin direktoru Vu Sinbo hər iki namizədin seçki kampaniyası zamanı ABŞ-nin Çin siyasətini sərtləşdirəcəyi ilə bağlı bəyanat verdiyini xatırladıb. O bildirib ki, D.Tramp Çindən gələn mallara 60 faizlik gömrük rüsümumunun tətbiq ediləcəyini açıqlayıb.
Ekspertin qənaətincə, Donald Trampın növbəti hakimiyyət dövrü əvvəlkindən qətiyyən fərqlənməyəcək.
Politoloqlar növbəti 4 il ərzində onun Pekinə səfər edib-etməyəcəyi barədə proqnoz verməkdə də çətinlik çəkir. Lakin bildirirlər ki, yeni prezident Çini bütün mümkün sahələrdə sıxışdıraraq beynəlxalq bazarlardan çıxarmağa çalışacaq.
Onlar həmçinin Donald Trampın NATO ilə bağlı mövqeyinin Çin tərəfinin lehinə işləyəcəyi qənaətindədirlər. Bu yanaşma isə Çinin xarici siyasət kursu üçün əhəmiyyətli dərəcədə yeni imkanlar açacaq.