AZ

Azərbaycan xalqı 44 gün ərzində öz qüdrətini göstərdi

Vüsal Hüseynov,

YAP Xocavənd rayon təşkilatının sədri

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

Əks-hücum əməliyyatları nəticəsində Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kapitulyasiyasına nail olduq. Bu zəfəri 44 gün ərzində yazan Azərbaycan Ordusu, bütün dünya azərbaycanlıları, bir yumruq kimi birləşərək təkcə Ermənistanı yox, onun havadarlarını da məğlub etdi. 44 gündə Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan amili ilə qazanmaq olar. Şuşanın azad edilməsi əməliyyatı bu amilin əsas nümunəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi: "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".

Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, şanlı ordumuzun tətbiq etdiyi döyüş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı ki, ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da "ağ bayraq" qaldırıb, hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan "ağ bayraq" qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. 

Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər Günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə son qoyduğu gündür.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Bu bəyanat mahiyyəti etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı.

44 gün ərzində xalqımız daim cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Ölkəmizin Lideri daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, Ulu Öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu və ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində bəzi dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da, Böyük Qələbəyə gedən yolda maneə ola bilmədilər.

Seçilən
38
yeniazerbaycan.com

1Mənbələr