AZ

BİZ BİRLİKDƏ GÜCLÜYÜK - ANALİTİK

Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq təşkilat kimi tanınır və qəbul edilir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə yaradılıb. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” adlanan təşkilat 2021-ci ildə bəri “Türk Dövlətləri Təşkilatı” kimi fəaliyyətini davam etdirir. Azərbaycan təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir.

Məqsəd və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilən TDT-nin əsas fəaliyyəti tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi, hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

2008-ci ildə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), 2010-cu ildə Türk Akademiyası, 2012-ci ildə Türk Mədəniyyəti və İrsi Fondu,2011-ci ildə Türk Biznes Şurası, 2019-cu ildə Türk Ticarət və Sənaye Palatası, 2022-ci ildə isə Türk İnvestisiya Fondu təsis edilib.2021-ci ilin 12 noyabr tarixində İstanbulda TDT-nin 8-ci Zirvə Görüşü zamanı təsdiq olunmuş “Türk Dünyası Baxışı 2040” sənədində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinin “Yaşıl enerji” zonasına çevrilməsi işlərində TDT-yə üzv dövlətlərin iştirakı xüsusi vurğulanıb. 2022-ci ilin 11 noyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində təşkil olunmuş TDT-nin 9-cu Zirvə Görüşündə TDT ilə bağlı vacib qərarlar qəbul olunmuşdur. Kubanıçbek Omuraliyev TDT-nin yeni baş katibi təyin olunmuşdur.

2021-ci ilin 24 fevral tarixində Azərbaycan Respublikasının TDT-yə sədrliyiçərçivəsində TDT-yə üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 1-ci iclası videokonfrans formatında keçirilmiş, iclasda neft-qaz sahəsində əməkdaşlıq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyi, qabaqcıl texnologiyalar, enerji marşrutlarının inkişafı və şaxələndirilməsi, ölkələrin tranzit imkanlarından səmərəli istifadə və digər məsələlər müzakirə olunmuşdur. 2022-ci ilin 28 sentyabr tarixində Almatıda Qazaxıstanın sədrliyi ilə TDT-yə üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 2-ci iclası təşkil olunmuşdur. Azərbaycan Respublikasının energetika naziri iclasda iştirak etmişdir. Tədbirdə TDT-nin Enerji əməkdaşlığı üzrə Proqramı (2023-2027-ci illər) və onun Fəaliyyət Planı təsdiq olunmuşdur. 2023-ci ilin 31 mart tarixində Budapeştdə Macarıstanın sədrliyi ilə TDT-yə üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 3-cü iclası keçirilmişdir. İclasda türk dövlətlərinin mənəvi birliyinin siyasi-iqtisadi tərəfdaşlıqlarla möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs olunmuşdur. İclas çərçivəsində bir sıra ikitərəfli görüşlər də təşkil olunmuşdur.

Türk dünyası regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklərə, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailədir. Azərbaycanın da aid olduğu bu ailə qitə miqyasında uzun əsrlər boyu verdiyi töhfələri, qlobal siyasəti, iqtisadiyyatı və sivilizasiyaların inkişafında oynadığı rolu ilə seçilib. Bəşər tarixində böyük nailiyyətlər qazanmış, müxtəlif dövrlərdə bir sıra imperiyaların tərkibində öz varlığını, kimliyini qoruyub saxlamağı bacarmışTürk xalqları bu gün yenidən dirçəlib, bir olub özünü dünyaya yeni nümunələrlə təqdim edir.

TDT-nin yaradılmasında Azərbaycanın bir parçası olan Naxçıvanın böyük rolu var, Şuşa şəhəri isə öz qonaqpərvərliyi, mənəvi keyfiyyətləri ilə Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürünü özündə birləşdirir. Yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı üçün Azərbaycan dövlətinin atdığı addımlar da daxil olmaqla, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpasında Türk dövlətlərinin iştirakı həmrəylik nümunəsi, anti-müharibə göstəricisidir. Türk dövlətləri arasında sabit və çoxşaxəli əlaqələrin inkişafı, o cümlədən iqlim fəaliyyəti vasitəsilə sağlam planetin qorunmasına yönəlmiş birgə səylər davamlı gələcəyin mümkün olduğunu təsdiq edən amil kimi dəyərləndirilməlidir. Bu gün dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruri edir.

Türk dövlətləri qlobal miqyasda potensialını nəzərə alınmaqla qarşısına daha iddialı məqsədlər qoyub. Dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədləri şəffafdır, regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu olduğunu bütün dünyaya isbatlaya bilir. Ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, bu yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi ilə bağlı Azərbaycanın, Gürcüstanın və Türkiyənin üçtərəfli səyləri yüksək qiymətləndirilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı dediyi fikirlər də maraqlıdır: “ Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) layihəsi Türk dünyasının inkişafına və iqtisadi rifahına töhfə verməyə davam edəcək. Orta Dəhliz bu gün həm də TDT çərçivəsində fəal şəkildə inkişaf edir. Bu, türk ölkələrinin rifahının yüksəlməsinə müsbət təsir göstərir. TDT sammitləri ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə də töhfə verir və bugünkü görüş də dostluq və mehriban qonşuluq şəraitində keçir. Əminəm ki, sammitin yekunları üzrə əldə edəcəyimiz razılaşmalar da əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilib, Azərbaycanın hərbi təhsil müəssisələrində qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.

Ölkəmizin TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini deyən Azərbaycan Prezidenti Naxçıvan Sazişinin 15-ci ildönümündən danışaraq TDT-nin bu dövr ərzində uğurlu inkişaf yolu keçdiyini xüsusi olaraq qeyd edib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirən Prezident İlham Əliyev: “Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”, deyə vurğulayıb.

Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.

Azərbaycan Prezidentinin həyata keçirdiyi düşünülmüş siyasət, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ölkəmizin bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, bizim ailəmiz Türk dünyasıdır.

Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksini və s. qeyd etmək olar. Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, “Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

V.VƏLİYEV

Seçilən
52
sia.az

1Mənbələr