AZ

Xorvatiyada Zəfər Günü qeyd olunub

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə Zaqrebdə Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, Xorvatiya Parlamentinin üzviləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Azərbaycan və Xorvatiyanın Dövlət himnləri səsləndirilib, Vətən müharibəsindən bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və onun ağır nəticələri, işğal nəticəsində Azərbaycanın şəhər və kəndlərinin tamamilə viran edilməsi, Vətən müharibəsinin başlanması, Ermənistan tərəfindən Azərbaycanın müxtəlif iri şəhər və yaşayış məntəqələrinin bombalanması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun əldə etdiyi Zəfər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Diplomat azad olunmuş ərazilərimizin yeni texnologiyalar əsasında, ekoloji layihələr həyata keçirilməklə bərpa olunduğunu bildirib. Həmin ərazilərdə yalnız yaşıl enerjidən istifadə olunacağını vurğulayan səfir, iqlim dəyişikliyi ilə mübarizə mövzusunun ölkəmiz üçün vacib olduğunu, bir neçə gündən sonra Azərbaycanın ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Xorvatiya Parlamentinin Konstitusiya Komitəsinin sədri İvan Malenica Azərbaycan və Xorvatiyanın dost ölkələr olduğunu, ölkələrimizin oxşar tarixi yol keçdiyini, hər iki xalqın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə apardığını, ağır müharibələrdən keçərək güclü müstəqil dövlətlərə çevrildiyini bildirib.

İvan Malenica ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan danışaraq, Azərbaycanın Xorvatiya üçün Cənubi Qafqaz bölgəsində əsas tərəfdaşı olduğunu, Xorvatiyanın Azərbaycan ilə dostluq və strateji tərəfdaşlıq əlaqələrinə xüsusi önəm verdiyini, əlaqələrin bütün sahələrdə inkişafında maraqlı olduğunu, son illərdə ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin sayının artdığını məmnuniyyətlə vurğulayıb.

Tədbir ziyafətlə davam etdirilib.

Seçilən
44
3
xalqqazeti.az

4Mənbələr