Enerji nəhəngi “Saudi Aramco” neft qiymətlərinin aşağı düşməsi səbəbilə üçüncü rüb mənfəətinin illik olaraq 15 faiz azaldığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Hurriyyət qəzetində dərc olunan məqalədə qeyd olunub.
“Aramco”nun Səudiyyə birjasına təqdim etdiyi məlumatda, 2023-cü ildə 32,58 milyard ABŞ dolları olan xalis gəlirin bu il 27,56 milyard dollara düşməsinin əsas səbəbi kimi xam neft qiymətlərinin azalması və emal marjlarının zəifləməsi göstərilib.
Məlumata görə, dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanı hazırda gündəlik təxminən doqquz milyon barel neft hasil edir ki, bu da ölkənin 12 milyon barellik istehsal gücündən xeyli aşağıdır.
Bazar günü Səudiyyə Ərəbistanı və “OPEC+” ölkələrinin digər yeddi üzvü, 2023-cü ilin noyabrında elan edilən gündəlik 2,2 milyon barellik hasilat azaldılmasını dekabrın sonuna qədər uzatdıqlarını bəyan ediblər.
“Aramco”nun baş icraçı direktoru Əmin Nasser açıqlamasında, “Aramco aşağı neft qiymətlərinə baxmayaraq üçüncü rübdə güclü xalis gəlir əldə edib və güclü pul axını yaradıb,” deyib.
O, həmçinin şirkətin enerji və petrokimya sahəsində qlobal lider mövqeyini gücləndirmək üçün çalışdığını vurğulayıb.
“Aramco”, Səudiyyə iqtisadiyyatının əsas dayağı olmaqla yanaşı, vəliəhd şahzadə Məhəmməd bin Salmanın Körfəz krallığını neftdən sonrakı dövrə müasir bir gələcəyə hazırlamağı hədəfləyən "Vision 2030"* islahatının əsas gəlir mənbəyi olaraq göstərilir.
Əldə edilən gəlirlər səhrada inşa edilməsi planlaşdırılan futuristik “NEOM” mega-şəhəri, Ər-Riyadda nəhəng hava limanı, eləcə də turizm və əyləncə sahəsində əsas layihələrin maliyyələşdirilməsinə kömək edir.
2022-ci ildə “Aramco”, Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində neft qiymətlərinin artması fonunda rekord mənfəət əldə etmişdi.
Lakin neft qiymətlərinin azalması və istehsal məhdudiyyətləri səbəbindən şirkətin mənfəəti ötən il dörddə bir nisbətində azalıb.
Bu ilin ilk rübündə mənfəət 14,5 faiz, ikinci rübdə isə 3,4 faiz azalıb.
* "Vision 2030" layihəsi, Səudiyyə Ərəbistanının iqtisadiyyatının neftdən asılılığını azaltmaq və ölkənin müxtəlif sahələrdə inkişafını təmin etmək məqsədilə həyata keçirilən strateji plandır.
Rəhim