Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp özünü ölkənin 47-ci prezidenti adlandırıb. Tramp bu barədə Floridadakı brifinqdə danışıb. O, bununla özünün seçkilərdə qalib gəldiyini bildirib.
“Bu, bizim ölkənin heç vaxt görmədiyi siyasi qələbədir. Ölkəmizə bərpa olmağa kömək edəcəyik. Ona yardım lazımdır. Sərhədlərimizlə olan problemi, digər geri qalan problemləri həll edəcəyik. Amerika bizə misli görünməmiş və güclü mandat verdi”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, hazırda səslərin hesablanması davam edir. Prezident postu uğrunda Demokratların nümayəndəsi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparıb. “Fox News”un məlumatına görə, Tramp seçkilərdə qalib gəlmək üçün tələb olunan 270 seçici səsi həddini keçib və 277 səs toplayıb.
Amerika Trampın dövründə Ukraynada, Yaxın Şərqdə və Cənubi Qafqazda hansı siyasəti aparacaq, gözləntilər nədir?
Akif Nağı: "Hesab edirəm, Trampın seçilməsi bizim üçün uğurlu nəticədir"
Sualımıza cavabında siyasi şərhçi Akif Nağı bildirdi ki, biz Azərbaycan Respublikası olaraq nə Demokratlardan, nə də Respublikaçılardan elə bir müsbət addım görməmişik: "Amerikanin siyasətini heç də prezidentlər müəyyən etmir. ABŞ yaranandan, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkəni "dərin dövlət" idarə edib. Prezident müəyyən təşəbbüslər göstərə bilər, amma bütövlükdə, vurğuladığımız kimi, dövlətin əsas siyasi xəttini bəlli bir "ağıl mərkəzi" müəyyən edir.
Seçki öncəsi müzakirələrdə Azərbaycan cəmiyyəti daha çox Trampa üstünlük verirdi ki, onun bizə münasibəti daha yaxşıdır, müəyyən adamlarla şəxsi münasibətləri də var. Lakin biz özümüz müstəqil siyasətimizi yürüdürük, bütün supergüc dövlətləri, o cümlədən də Amerika nə qədər bizim siyasətə hörmətlə yanaşacaqsa, biz də onunla o səviyyədə munasibət quracağıq. Azərbaycan regionun lider ölkəsidir, turan ailəsi yaranır və onun da mərkəzində Türkiyə və Azərbaycan dayanır. Həm öz gücümüzə, həm də muttefiqlərimizə güvənərək mövqeyimizi açıq şəkildə ortaya qoyuruq.
Amerikanın yeni prezidentinə gəldikdə, o, emosianallığı və gözlənilməz qərarları ilə seçilir. İslam dünyasına o qədər də rəğbəti yoxdur. Seçkiqabaği kampaniyada Tramp söz vermişdi ki, Ukraynada müharibəni dayandiracaq. Azərbaycan-Ermənistan munasibətlərinə yönəlik siyasətinin necə olacağını demək çətindir. Amma hər halda, Cənubi Qafqaza yönəlik siyasət vədlərində Harris bizə qarşı daha çox mənfi vektora köklənmişdi, çıxışlarında Ermənistana dəstək hiss edilirdi. Harris komanda üzvu kimi Baydenin siyasətinə şərik idi. Baydenin dövründə Aamerikada Azərbaycana qarşı dinləmələr keçrilirdi, Qarabağla bağlı haqsız mövqelər nümayiş etdirilirdi. Amma Trampdan Azərbaycana qarşı bu cur açıq mövqe nümayişi görməmişik. Ona görə də ümid var ki, Trampın Cənubi Qafqaza yönəlik siyasəti müsbət calarlarla müşayiət olunacaq.
Həm də Tramp bir dəfə prezident olub, yəqin ki, özü üçün müəyyən nəticələr də çıxarıb. Ona görə də Tramp siyasətində dəyişəcək elementlər çox olacaq. Hesab edirəm ki, Trampın seçilməsi bizim üçün uğurlu nəticədir. Hər halda, biz 44 günlük müharibədə qələbəni də Trampın prezidentliyi dövründə qazanmışıq.
Amma Yaxın Şərqlə bağlı biz bu nikbinliyi bölüşə bilmirik. Çünki Trampın müsəlman dünyasına münasibəti mənfidir. Tramp birmənalı şəkildə İsraili dəstəkləyir, Yerusəlimi - Qüdsü İsrailin paytaxti elan etmişdi. Lakin hakimiyyətinin sonunda İslam dünyasi ilə yaxınlaşmağa çalışdı. Yadınızdadırsa, prezidentlik dönəminin sonuna yaxın Səudiyyə Ərəbistanına səfər etdi, orada qılıncla həyata keçirilən mərasimdə iştirak etdi. O, həmin dövrdə müsəlman dünyası ilə yaxınlaşmaq istəyirdi. Ümid edək ki, bu xətti davam etdirəcək.
Yaxın Şərqdə gedən proseslərdə Bayden hökuməti konstruktiv mövqe tutmadı, əksunə, regionda münaqişənin alovlanmasına xidmət etdi. Bu isə heç kimin maraqlarına uyğun gəlmir. Çünki yeni dünya müharibəsi təhlükəsi ortadadır.
Tramp əvvəlki dönəmdə İranla münasibətlərində sərt mövqe tuturdu. Amma onun seçki öncəsi açıqlamalarında hiss olunurdu ki, İranla bağlı mövqeyini dəyişə bilər. Xüsusilə də İranin indiki prezidenti Pezeşkian Qərb və Amerika ilə munasibətləri dəyişməyə meylli görünür. Bayden hökuməti Pezeşkianın bu mesajlarını cavabsız qoydu. Amma ola bilər ki, Tramp Pezeşkianın İranda başlatdığı yeni xətti uyğun hesab etsin. Çunki Trampın İranla bağli arzuladığı bəzi islahatları Pezeşkian da müdafiə edir. Yəni Pezeşkian Qərblə açıq qarşıdurmadan geri çəkilir. Bu da, ola bilsin ki, Trampı qarşılıqlı addım atmağa sövq elədin".
Arzuxan Əlizadə: "Tramp prezident səlahiyyətlərinin icrasına başlayandan sonra biz Amerika siyasətində köklü dəyişikliklər hiss edəcəyik"
Siyasi şərhçi Arzuxan Əlizadə isə bu xüsusda bizimlə söhbətində bildirdi ki, Tramp prezident səlahiyyətlərinin icrasına başlayandan sonra biz Amerika siyasətində köklü dəyişikliklər hiss edəcəyik: "Çünki Tramp seçki təbliğatı dövrundə də özünun xarici siyasəti ilə bağlı açıqlamalar verib. Tramp konkret olaraq deyirdi ki, Bayden deyil, o prezident olsaydı nə Ukrayna-Rusiya muharibəsi baş verərdi, nə də Yaxın Şərqdəki gərginlik yaşanardı. Tramp bir qədər də irəli gedərək qeyd edirdi ki, prezident seçiləcəyi təqdirdə bütün bu münaqişələrin qarşısını alacaq, çox qısa müddətdə Ukrayna-Rusiya cəbhəsində sakitlik yaradacaq və sülhə nail olacaq. Amma bunun üçün hansı vasitələrdən stifadə edəcəyini açiqlamır. Eyni zamanda, Yaxın Şərqdə gərginliyin azaldılacağına nail olacağına və bütövlükdə bəşəriyyəti təhdid edən üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verdi.
Tramp bəyanatları ilə Amerika siyasətində köklu dəyisikliklər edəcəyini anons edib. Həmcinin, məlumdur ki, Amerika cəmiyyətində də Ukraynaya ayrılan maddi yardımların kifayət qədər çox olmasi ilə bağli fikirlər vər. Tramp da həmin fikirləri bölüşənlərin liderliyində gedir. Amerikalıların böyük əksəriyyəti hesab edir ki, Ukraynada baş verən hadisələrdə ABŞ-nin lazım oldugundan daha artıq maliyyə vəsaiti xərcləməsi doğru deyil. Onlar hesab edirlər ki, bu işi daha çox Avropa ölkələri öz üzərinə götürməlidir.
Görünən odur ki, Trampın prezidentliyi dönəmində Ukraynaya edilən yardımların miqdarı azalacaq və Amerikanın Ukraynaya yönəlik siyasəti dəyişəcək".
Dəniz NƏSİRLİ