AZ

“Azərbaycanla Ermənistanın bu sazişi yaxşı bir şeyə gətirib çıxarmaz”- Lavrov nə deyir?

Image

Əli Mustafa: “Moskva prosesin uzanmasında maraqlıdır”

Rusiya İrəvan və Bakını tələsik sülh müqaviləsi bağlamağa sövq etmir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun fikrincə, ölkəsi Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə olunan mühüm irəliləyişi alqışlayır: “Hər iki tərəfdə uzun illər davam edən düşmənçilik və qurbanları nəzərə alaraq, normallaşmada irəliləyiş əldə etməyin Bakı və İrəvan üçün nə qədər çətin olduğunu başa düşürük. Bütün bunlar qarşılıqlı məqbul həll yollarının tapılmasında tərəflərdən nəinki əhəmiyyətli səylər, həm də vaxt tələb edir. Buna görə də Qərb psevdovasitəçilərindən fərqli olaraq, biz tərəfdaşlarımızı tələsik sülh müqaviləsi bağlamağa məcbur etmirik. Rusiya tərəfi əmindir ki, Bakı və İrəvanın mövqeləri, eləcə də yer üzündə reallıqlar hərtərəfli nəzərə alınmadan tələsik sülhün əldə olunması yaxşı heç nəyə gətirib çıxarmayacaq, gərginlik və münaqişənin potensial eskalasiyası ilə bağlı əlavə risqlər yaradacaq”.

Maraqlıdır, burada Lavrov “yer üzündə reallıqlar” deyəndə nəyi nəzərdə tutur?

“Tərəflər arasında 30 ildən artıq münaqişə olub, amma Ermənistan bunun həlli ilə bağlı tələsməyib”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa hesab edir ki, Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının tezləşməsində maraqlı deyil: “Moskva prosesin uzanmasında maraqlıdır. Çünki münaqişənin uzanması Rusiyaya o mənada sərf edir ki, Moskva hər iki tərəfə təsir etsin. Digər tərəfdən isə sülh sazişinin imzalanması üçün tərəflərin qarşılıqlı razılığı lazımdır. Bir tərəfin istədiyini başqa bir tərəfin istəməməsi normal bir şeydir. Azərbaycan sülh sazişinin daha əhatəli və mükəmməl olmasında maraqlıdır. Əsasən də Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını tələb edirik. Erməni tərəfi isə deyir ki, əldə edilən razılaşmalarla saziş imzalansın, digər məsələlərə isə sonra baxarıq. Ermənistanın belə tələskənlik göstərməsi bir sıra amillərlə bağlı ola bilər. Görünür, Ermənistan bununla sərhədlərini zəmanət altına almaq istəyir. Yəni indiki Ermənistan sərhədlərini zəmanət altına almaq istəyirlər. Digər tərəfdən o da məlumdur ki, Ermənistanın suverenliyi, müstəqilliyi əhəmiyyətli şəkildə Azərbaycandan asılıdır. Bunu ermənilər də bilir. Ona görə də Azərbaycandan zəmanət almaq istəyirlər. Azərbaycan tərəfi isə fərqli sülh mətni təklif edir. Orada da ərazi bütövlüyü və konstitusiya ilə bağlı tələblər var. Ona görə də burada zaman məsələsinin önəmi bir qədər mübahisələndirilən məsələdir. Çünki tərəflər arasında 30 ildən artıq münaqişə olub, amma Ermənistan bunun həlli ilə bağlı tələsməyib. Necə ki, 44 günlük müharibədə məğlub oldular, indi tələsirlər. Belə bir şəraitdə Azərbaycanın tələsməməsi anlaşılandır. Başqa bir tərəfdən, Bayden administrasiyası tələsirdi ki, ermənilərlə sülhün imzalanması tezləşsin və bunu xarici siyasətdə bir uğur kimi təqdim etsinlər”.

Vidadi ORDAHALLI





Seçilən
29
baki-xeber.com

1Mənbələr