AZ

ADPU tələbələri Bakı Avropa Liseyində rəqəmsal təcrübədə olublar

Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi “Cod for Future” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) informatika müəllimliyi və riyaziyyat və informatika müəllimliyi üzrə IV və V kurs tələbələri üçün Bakı Avropa Liseyinə ekskursiya təşkil edilib.

Universitetdən Tehsil.biz-ə bildirilib ki, ekskursiya zamanı tələbələr liseyin müasir tədris şəraiti, Bakı Avropa Liseyi STEAM Mərkəzi, onlayn tədbir və videogörüşlərin təşkili üçün nəzərdə tutulmuş konfrans zalı və kitabxana ilə tanış olublar.

Tələbələr liseydə tədris olunan “Rəqəmsal bacarıqlar” dərslərində iştirak edərək tədris prosesini müşahidə ediblər. Onlar dərs prosesi ərzində şagirdlərlə müzakirələr aparıb, fənnin tədrisinə dair praktik səriştələrə yiyələniblər.

Görüş zamanı Bakı Avropa Liseyinin rəqəmsal idarəetmə üzrə direktor müavini Rahilə Əliyarzadə tələbələrə “Texnologiyalar sahəsində qadınlara dəstək” İctimai Birliyi – “FEMMES DIGITALES” və “Azərbaycan Qadınlarının IT-də Mükafatları - AWITA” haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

Qeyd edək ki, “Code for Future” layihəsinin təşəbbüsü ilə təşkil olunan bu fəaliyyətlər gələcəyin müəllimlərinin müasir təhsil metodları ilə tanış olması və peşəkar tədris bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.

 

Seçilən
20
tehsil.biz

1Mənbələr