Çinin ABŞ-a qarşı siyasəti ardıcıldır. Pekin qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Çin-ABŞ münasibətlərini irəli aparmağa davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Çinin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Mao Nin ABŞ-da prezident seçkisinin nəticələrinin Çin-ABŞ münasibətlərinə təsiri barədə sualı cavablandırarkən deyib. “Prezident seçkisi ABŞ-ın daxili işidir. Biz amerikalıların seçiminə hörmət edirik”, - deyə Mao Nin bildirib.
Çin XİN rəsmisi Donald Trampın prezident vəzifəsində Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq edə biləcəyi barədə suala cavab olaraq bildirib ki, biz hipotetik suala cavab vermirik.
O, seçkilərinin rəsmi nəticələri elan olunduqdan sonra Çinin ABŞ-ın yeni prezidentini təbrik etmək məsələsini mövcud təcrübəyə uyğun olaraq həll edəcəyini deyib.
Çinin Renmin Universitetinin beynəlxalq araşdırmalar fakültəsinin dekanı Cin Çanron “Global Times” qəzetinə açıqlamasında deyib ki, növbəti 4 ildə Ağ Evə rəhbərlik edəcək şəxs Çinin və ABŞ-ın dünyanın ən böyük gücləri və iki ən böyük iqtisadiyyatı olduğunu nəzərə almalıdır, ona görə bu ölkələr məsuliyyət daşımalıdırlar.
“Yeni prezident Çin-ABŞ münasibətlərini daha yaxşı idarə etmək, əməkdaşlığı davam etdirmək, qarşıdurmadan çəkinmək, ortaq dil tapmaq üçün əvvəlki prezidentlik dövründən nəticə çıxara bilsə, bu, təkcə Çin və ABŞ xalqları üçün deyil, bütün dünya üçün yaxşı xəbər olacaq”, - deyə Cin Çanron bildirib.
Qeyd edək ki, Donald Trampın 2016-2020-ci illəri əhatə edən ilk prezidentlik dövründə ABŞ-ın Çin ilə münasibətləri elə də ürəkaçan olmayıb. Xüsusən də ticarət mübahisələri, Vaşinqtonun Çinin ABŞ-a ixracının ABŞ-ın Çinə ixracını xeyli üstələməsindən narazı qalaraq, Çin məhsullarına bir neçə dəfə əlavə gömrük rüsumları tətbiq etməsi, yeni növ koronavirusun dünyaya yayılmasında Çini ittiham etməsi və digər məsələlər iki ölkə arasında münasibətləri xeyli gərginləşdirmişdi.