AZ

Azərbaycan Avropaya qaz nəqlini, Avropa Azərbaycana qərəzini artırır...

Image

İlham Şaban: “Azərbaycan dünyanın, o cümlədən Avropanın enerji ilə təminatına öz töhfəsini verir”

Azərbaycanın qaz ehtiyatları olduqca zəngindir. Elə özünün enerji təhlükəsizliyini bu potensial hesabına təmin etmək istəyən dövlətlərin də sayı kifayət qədərdir. Azərbaycan qazına tələbat getdikcə artır. Bu gün Azərbaycan 8 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya qaz ixrac edir. 

Məlumat üçün bildirək ki, Azərbaycanın Avropaya qaz ixracatında yeni artımlar qeydə alınıb. 2024-cü ilin ilk 9 ayında Avropaya qaz ixracatı 8,6 faiz artaraq 9,4 milyard kubmetrə çatıb. 2023-cü ilin 8 ayı ilə müqayisədə Avropaya qaz satışı 0,8 milyard kubmetr və ya 10,5 % çoxdur. Ümumilikdə isə bu il Azərbaycandan xaricə qaz satışı 16,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Qeyd etdiyimiz kimi, Azərbaycanın Avropaya qaz ixracı artıb. Buna baxmayaraq, Avropanın bəzi ölkələri Azərbaycana qarşı sərt mövqe nümayiş etdirir.

“Avropanın bəzi ölkələri tərəfindən Azərbaycana qarşı qərəzli fikirlərin səsləndirilməsi siyasi məqsədlidir. Onlar Bakıya təzyiq etmək istəyirlər”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Şahdəniz -2 layihəsinə start verəndən sonra Avropaya ixrac olunan qazın həcmi artıb: “Açıqlanan statistik rəqəmlərə nəzər salsaq görərik ki, bizim qaz hasilatımız və ixracımız daim artan xətt üzrə inkişaf edir. Bizim öhdəliyimiz 2013-cu ildə imzalanmış alqı-satqı müqavilələrinə görə 10 milyard kub metr idisə 2022-ci ildə 11 milyard səviyyəsini keçdi. 2023-cu ilin yekunlarına görə ümumi ixrac  23,8 milyard idi bunun 50 faizindən çoxu Avropa bazarının payına düşür. Cari ildə qaz ixrac coğrafiyamızı məhz Avropa ölkələri hesabına genişləndiririk. İlin əvvəlində Azərbaycan qazı Serbiya, daha sonra Sloveniya ixrac olundu. İxrac coğrafiyası genişlənməkdə davam edəcək. Məlumat üçün deyim ki, Slovekiya Azərbaycandan qaz almaq yollarını axtarır. Azərbaycan Avropanı bütöv qitə kimi yox, ayrı-ayrı ölkələrini enerji təhlükəsizliyi  təmin edir. Bolqarıstan kimi ölkənin yarısının qaz təminatı Azərbaycan hesabına ödənilir. Yunanıstanın dörddən biri Azərbaycan qazı ilə təmin olunub. İtaliya kimi böyük qaz istehlak edən ölkədə Azərbaycan qazının xüsusi çəkisi 17 faizdir. Bu o deməkdir ki, Azərbaycan dünyaya, o cümlədən, Avropanın enerji ilə təminatına öz töhfəsini verir”.

Həmsöhbətimiz hesab edir ki, Avropanın bəzi ölkələri tərəfindən Azərbaycana qarşı qərəzli fikirlərin səsləndirilməsi siyasi məqsədlidir. Onlar Bakıya təzyiq etmək istəyirlər: “Prezident İlham Əliyev dəfələrlə çıxışında deyib ki, Azərbaycan balaca ölkə olsa da, bizimlə təzyiq yolu ilə nəyəsə nail olmaq müşkül məsələdir. Azərbaycanın qazandığı uğurlar, regionda mövqeyimiz qarşılıqlıdır. Azərbaycanla dostluq edənlərlə dost, qardaşıq. Bizə qərəzli yanaşanları isə özümüzdən uzaqlaşdırırıq”.

Günel CƏLİLOVA





Seçilən
26
baki-xeber.com

1Mənbələr