AZ

XXI əsr türk dünyasının inkişaf əsri olacaq

Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə qurumun qarşısında duran vəzifələr, dünya siyasətinin önəmli, aktual problemləri müzakirə edildi

Əsrlərə söykənən tarixi, qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri, sərkərdələri ilə seçilən türk dünyası daim sözünü haqqa, ədalətə söykənərək demiş, dünya sivilizasiyasına saysız-hesabsız töhfələr vermişdir. İkili standartların beynəlxalq hüquqa üstün gəldiyi, gücün söz sahibi olduğu, qütbləşmənin insanlara problemlər yaşatdığı müasir dövrümüzdə də türk birliyinin zəruriliyi özünü göstərir.

2009-cu ilin oktyabrında Naxçıvanda təməli qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) böyük inkişaf yolu keçərək Türk Dövlətləri Təşkilatının (TDT) simasında geniş coğrafiyanı əhatə etməsi, dünya siyasətində mövqeyini möhkəmləndirməsi «Türkün türkdən başqa dostu yoxdur!» müdrik kəlamının ən çətin sınaqlarda özünü doğrultmasının təsdiqidir. Bu ilin iyul ayında Prezident İlham Əliyevin təşəbbüsü, təşkilata üzv dövlət başçılarının iştirakı ilə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə qeyd olundu ki, təşkilat artıq dünyanın gündəminə təsir göstərməyə qadir beynəlxalq güc mərkəzinə çevrilməkdədir. Avropa ölkəsi olan Maca­rıstandan başqa, Şimali Kipr Türk Res­publikasının da Şuşada təşkil olunan Zəfər görüşündə təmsil olunması bunu deməyə tam əsas verir. Sammitdə qəbul olunan «Qarabağ Bəyannaməsi» göstərdi ki, TDT strateji tərəfdaşlığa sadiqlik prinispləri əsasında, yalnız yüksələn xətlə inkişaf edir. Türk dünyasının, bölgənin siyasi-iqtisadi mərkəzinə, aparıcı qüvvəsinə çevrilən təşkilatın mühüm tədbirlərinin ölkəmizdə, xüsusilə Qarabağda keçirilməsi göstərir ki, yaxın gələcəkdə Cənubi Qafqazın, türk dünya­sının, İslam coğrafiyasının, Orta Dəhliz layihəsinin əsas tərəfdaşı olan Azərbaycan qardaşlıq bağlarının möhkəm­lənməsinə daha mühüm töhfələr verəcək. Dünya siyasətinə təsiri olan, dövlətlərin iqtisadi inkişafında , enerji təhlükəsizliyinin təminatında , qlobal nəqliyyat infrastrukturlarının yenilənməsində , böhran və risklərin aradan qaldırılmasında xüsusi rola malik NA­TO, Avropa İttifaqı (Aİ), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Afrika İttifaqı kimi nüfuzlu təşkilatlarla eyni tribunalarda, platformalarda təmsil olunan TDT-nin diplomatik səyləri ümidvericidir. Şuşa Sam­mitində bir neçə gündən sonra Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı müzakirə göstərdi ki, «Yaşıl dünya naminə həmrəylik» çağırışı türk dünyasının böyük uğuru, bəşəri dəyərlərə sadiqliyin, ekoloji problemlərlə üzləşən planetimizin qorunması naminə birgə mübarizənin ifadəsidir. Beynəlxalq güc mərkəzinə çevrilən TDT-yə artan maraq göstərir ki, ən qüdrətli dövlətlər belə neoko­lonializmə qarşı mübarizə , alternativ enerji və yaşıl dünya kimi qlobal çağırışların səsləndiyi Azər­baycanla və onun timsalında türk dünya­sı ilə hesablaşmalı olacaqlar.

Qeyri-rəsmi Zirvə görüşündəki çıxışında «Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir» söyləyən Prezident İlham Əliyev bildirmişdi ki, XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amalına sadiq qalacaq. TDT-nin Zirvə toplantılarında adətən dünyada baş verən qlobal dəyişikliklərin regional təsirlərinə xüsusi diqqət yetirilir, dünyanın çərxini döndərən, ekoloji tarazlığı pozan müharibələrə, milli münaqişələrin, terrorların törətdiyi fəsadların aradan qaldırılması üçün birgə mübarizənin yolları araşdırılır. Bütün xalqlar birliyə, həmrəyliyə, sülh və təhlükəsizlik naminə əməkdaşlığa dəvət edilir. Eyni zamanda, türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti və siya­si iradəsinin mövcudluğu naminə ideoloji proqramların hazırlanması zərurəti aktual məsələ kimi diqqətdə saxlanılır.

Danılmaz həqiqətdir ki, Prezident , Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz ölkəmizin bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Artıq Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dəstəklənir, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin, beynəlxalq təşkilatların sayı durmadan artır. TDT-nın güclənməsində böyük rolu olan Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq təşkilat olan TDT bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. TDT-nın Qazaxıstanın paytaxtı Astanada «Türk Əsri”» çağırışı ilə keçirilən 10-cu yubiley Zirvə görüşü quruma üzv dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi, dövrün tələblərinə uyğun intensivləşdirilməsi baxımından önəmli hadisə kimi tarixə yazıldı. Türk dövlətlərini birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər türk dünyasının ideoloji əsasını təşkil etməklə birmənalı olaraq qəbul olunan mənəvi sərvətlərimizin zənginliyidir. Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbulu türk xalqları arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə ən önəmli töhfədir.

Vətən müharibəsində tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən türk dünyasına üzv dövlətlərin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində fəallıq göstərməsi qardaşlıq münasibətlərinin ifadəsidir. Azərbaycanın təşkilatın daha da güclənməsi naminə gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının əsasını təşkil edir. Türk coğrafiyasını əhatə edən Orta Dəhliz layihəsinə Azərbaycanın verdiyi töhfələr bütünlükdə türk dünyasının birlik və həmrəylik nümunəsidir. Statistika da bu reallığı təsdiqləyir. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Ölkəmiz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq vədinə sadiqdir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir. Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi, enerji strategiyası, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığın güclənməsi, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan «Rəqəmsal İpək Yolu”» layihəsi kimi təşəbbüslər türk birliyinin həmrəylik simvoludur.

Təşkilatın «Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik”» şüarı ilə keçirilən 11-ci Zirvə görüşü də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Qırğızıstanın Bişkek şəhərində keçirilən Zirvə görüşündə təşkilatın qarşısında duran vəzifələr, dünya siyasətinin önəmli, aktual problemləri müzakirə edildi. Müxtəlif sahələri əhatə edən önəmli qərarlar qəbul edildi, sazişlər, təşkilata üzv və müşahidəçi dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektləri nəzərdən keçirildi. Göründüyü kimi, dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləyən Zirvə görüşü ən vacib məsələlərin müzakirəsi üçün növbəti platforma oldu. Bişkekdə Şuşa Sammitindən keçən dövrdə baş verən hadisələr geniş müzakirə olunmaqla perspektivlər müəyyənləşdirildi.

Qırğızıstanın paytaxtı Bişkekdəki görüşdəki çıxışında Azərbaycanın TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, hazırda dünyada artan riskləri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Bu baxımdan son dövrlərdə təşkilata üzv dövlətlərin hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişlənməsi, türk ölkələri silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi, hərbi məktəblərdə qardaş ölkələrin müdavimlərinin təhsil alması üçün yaradılan şərait inamın, etimadın və dostluğun göstəricisidir. Təşkilatın daha geniş mənada fəaliyyəti, önəmli problemlərin həlli üçün maliyyə yardımlarının əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin «Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək» sözləri böyük maraqla dinlənildi.

Qlobal enerji layihələrinin, türk coğrafiyası üçün önəmli olan Orta Dəhliz layihəsinin önəmini bir daha xatırladan Prezident İlham Əliyev «Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır» sözlərinə əlavə olaraq «Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək» söyləməsi təşkilatın qarşısında duran əsas məsələlərin mahiyyətini də açıqladı.

Əsas odur ki, türk birliyinin həmrəyliyi naminə bütün vasitələrdən istifadə edən suveren Azərbaycanın işğaldan azad olunan ərazilərində, Qarabağda, Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramı əsasında genişmiqyaslı yenidənqurma və bərpa-quruculuq layihələrinin həyata keçirilməsində də bu birlik hiss olunur. Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın və Macarıstanın təşəbbüsləri ilə qardaşlıq hədiyyələri olaraq məktəb və yaradıcılıq mərkəzi istifadəyə verilmiş, bəzi təhsil ocaqlarında inşa işləri davam etdirilir.

TDT-nin onbirinci görüşündə iştirak üçün Qırğızıstana səfəri çərçivəsində dünya şöhrətli görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyində olan Prezident İlham Əliyevə «Çingiz Aytmatov»” ordeninin təqdim edilməsi türk birliyinin daha bir nümunəsidir. Görüş zamanı ev-muzeyin xatirə kitabına ürək sözlərini yazan Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycanda Çingiz Aytmatov yaradıcılığına həmişə böyük maraq olub. Diqqətə görə minnətdarlığını «Atam Heydər Əliyevin dediyi kimi, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, həm də bütün Türk dünyasının fəxridir» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasındakı mədəni əlaqələrin inkşafına böyük dəyər verdiyini bildirdi.

Vaxtı ilə Prezident İlham Əliyev tərəfindən bir nömrəli «Dostluq»” Orden idə Çingiz Aytmatova təqdim edilib. Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə bu il aprelin 24-də Bakı şəhərində Çingiz Aytmatovun abidəsi açılıb.

Prezident İlham Əliyevə «Çingiz Aytmatov» ordenini təqdim edən, Azərbaycanı mədəniyyətlərarası mübadilənin və əməkdaşlığın təşəbbüskarı adlandıran Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov bildirib ki, bu mükafat dərin hörmətin və yüksək nüfuzun rəmzidir: «Bu, humanist dəyərlərin möhkəmləndirilməsinə, mədəni dialoqun dəstəklənməsinə və böyük yazıçımızın yaradıcı irsinin qorunub saxlanmasına Sizin verdiyiniz müstəsna töhfəyə görə minnətdarlıq əlamətidir.»

Bir neçə gündən sonra Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında TDT-yə üzv dövlətlərin iştirakı türk birliyinin sarsılmazlığının, beynəlxalq ictimaiyyətin ölkəmizə, türk dünyasına böyük hörmətin, inamın, etimadın ifadəsi olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
17
2
ikisahil.az

3Mənbələr