AZ

Taekvondo yığmalarımızda yeni məşqçilər

Azərbaycan Taekvondo Federasiyası (ATF) milli komandalarımızın məşqçilər korpusunda yeni təyinatları açıqlayıb.

Arena.az bu barədə federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, 17 illik məşqçilik təcrübəsinə malik Günay Zeynalova böyüklərdən ibarət milli komandaya məşqçi təyin olunub. Onun yetirmələri arasında yeniyetmələr və gənclər yaş kateqoriyasında dünya və Avropa çempionatının mükafatçısı adını qazanmış idmançılar var.

Gənclərdən ibarət milli komandanın məşqçilər korpusunda da yeni təyinat həyata keçirilib. Fəridə Əzizova yığmanın məşqçisi təyin olunub. Tanınmış taekvondoçu karyerası ərzində dünya və Avropa çempionu titullarını qazanıb.

Ayxan Tağızadə də gənclərdən ibarət yığmanın məşqçisi olacaq. Ayxan karyerası ərzində 1-ci Avropa Oyunlarının, 4-cü İslam Həmrəyliyi Oyunlarının və klublararası Avropa çempionatının qalibi adını qazanıb.

Yeniyetmələrdən ibarət milli komandanın məşqçilər korpusunda da yeni təyinat olub. Belə ki, Cəlil Abdullayev yeniyetmələrdən ibarət yığmaya məşqçi təyin olunub.

Yeri gəlmişkən, noyabrın 7-dən 9-na qədər Albaniyanın paytaxtı Tirana şəhərində taekvondo üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçiriləcək. Yarışda ölkəmizi oğlanlar arasında 11, qızlar arasında 7 taekvondoçu təmsil edəcək.

ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədov və komandanın böyük məşqçisi Vurğun Cəfərovun rəhbərliyi altında adıçəkilən şəhərə yola düşüblər.

Bu yarışda Çoşqun Nadirov da ölkəmizi hakim kimi təmsil edəcək.

Seçilən
70
arena.az

1Mənbələr