AZ

“Amnesty İnternational”dən həqiqəti hədəf alan yalanlar

Mənfi imicə, çirkli reputasiyaya malik olan belə bir təşkilatın ədalət, insan haqları və demokratiyadan danışmağa haqqı yoxdur

Azərbaycana qarşı həmişə qərəzli mövqe nümayiş etdirən “Amnesty International” təşkilatı son hesabatında yenə də ölkəmiz haqqında həqiqətdən çox-çox uzaq olan məlumat yayıb. Bu dəfə sözügedən qurum BMT-nin İqlim Dəyişimləri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının bir neçə gündən sonra Bakıda keçiriləcək 29-cu sessiyasını (GOP29) hədəfə alıb. Belə ki, qurum Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında qərəzli hesabatı ilə kifayətlənməyərək, COP29 iştirakçılarına “tövsiyələrini” dərc edib. “Amnesty İnternational” bundan əvvəlki hesabatlarında olduğu kimi, heç bir konkret faktlara əsaslanmadan, sadəcə, fəaliyyəti Azərbaycanı ləkələməkdən ibarət olan “yerli QHT-lərin məlumatına əsaslanaraq” hazırda ölkəmizdə 300-dən çox insanın siyasi motivli ittihamlarla həbsdə olunduğu yalanını tirajlayıb.

“Amnesty İnternational” iddia edir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib, hətta guya “iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub”. Amma buna sübut kimi hansısa ekoloqu deyil, qaçaqmalçılıqda ittiham olanları göstərib. Hesabatın “doza”sını artırmaq istəyən “Amnesty İnternational” bu dəfə iddia edir ki, guya bir çox yerli fəal ölkəni tərk etməyə məcbur edilib. “Amnesty İnternational”ın gülünc səslənən iddiasından biri də budur ki, “COP29-da minlərlə mədən yanacağı lobbiçisinin, həmçinin “Shell” və BP kimi neft nəhənglərinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir”. Təşkilat az qala tələb edir ki, “bütün iştirakçı dövlətlər sürətli və ədalətli şəkildə mədən yanacağından tamamilə imtina etmək öhdəliyi götürməlidir”.

Əvvəlcə onu qeyd edək ki, “Amnesty international”, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatlar ABŞ Dövlət Departamenti və Avropa İttifaqı Şurasından verilən siyasi tapşırıqları icra etdiklərini gizlətmək üçün fəaliyyətlərini “insan haqlarının müdafiəsi” kontekstində qələmə verirlər. Reallıqda isə ABŞ-nin siyasi ambisiyalarına boyun əyməyən dövlətləri “söz və ifadə azadlığını məhdudlaşdırdığına”, “siyasi fəaliyyət, sərbəst toplaşmaq hüququnu pozduğuna görə” hədəfə gətirib, ictimai qınaq obyektinə çevirirlər. ABŞ-nin, Avropa İttifaqı Şurasının bu dövlətlərə qarşı sanksiyalar tətbiq etmələri üçün zəmin hazırlayırlar. Həmçinin bu təşkilatların “Siyasi mühacir” biznesindən maddi-siyasi dividend götürdükləri də sirr deyil. Belə ki, “Human Rights Watch” və “Amnesty international” təşkilatlarının “siyasi mühacir” kampaniyasına qatılmaqla əldə etdikləri dividendlərə nəzər salsaq, ortada hansı böyük hədəflərin olduğunu görərik. “Human Rights Watch” və “Amnesty international” təşkilatları Azərbaycanda “siyasi təqibə məruz qalan şəxslər” mövzusunu uzun illər ərzində özlərinin hesabatlarına daxil ediblər. Bu məsələni beynəlxalq platformalarda müzakirəyə çıxarıblar. Azərbaycan dövlətini “siyasi təqibə məruz qalan şəxslərə” görə ittiham ediblər, sanksiyalar tətbiq edilməsinə çağırıblar.

Təbii ki, mövzunu beynəlxalq müstəviyə çıxarmaqla həm siyasi, həm də maddi dividendlər götürüblər. HRW və “Amnesty international” təşkilatının hədəfləri kimi, maddi gəlirləri də böyükdür. Belə ki, hər iki təşkilat ABŞ və onun “donor institutlarının” təsir dairəsindədirlər. Fəaliyyət qurmaq üçün bu mənbələrdən “qarant” adı ilə böyük mənbləğdə vəsaitlər alırlar. Məsələn, HRW-nin orta illik büdcəsi 50 milyon dollardan çoxdur. Təşkilatın saytında göstərilir ki, bu vəsaitin bir qismi “ianələrdən”, digər qismi isə “qrantlardan” formalaşır. “Qrant” aldığı donorların sırasında ilk yerdə ABŞ fondları, o cümlədən Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu- (Corc Soros Fondu-ACİ) dayanır. “Soros Fondu” 2010-cu ildə HRW-nin beynəlxalq fəaliyyətinin genişləndirməsinə yardım göstərmək üçün 100 milyon ABŞ dolları məbləğində “qarant” ayırıb. Yəni, “Human Rights Watch”, “Amnesty international” qismində təşkilatlar ABŞ-ın hədəfində olan ölkələrdə nə qədər çox faktlar uydururlarsa, effektiv qarayaxma kampaniyaları aparırlarsa, bir o qədər çox “qarantlar” alırlar, böyük məbləğlərlə mükafatlandırılırlar. Təbii ki, “Human Rights Watch”, “Amnesty international”, “Freedon House” qismində təşkilatların maliyyə dəstəyi kimi, kampaniya tesizləri də eyni ünvanlarda formalaşır. Onlar ABŞ Dövlət Departamentinin, Avropa İttifaqı Şurasının siyasi direktivlərinə uyğun hərəkət edirlər. Azərbaycanı pisləmək üçün fürsət axtarır, mövzular uydurur. Belə məqamlarda “siyasi mühacir” və ya “siyasi məhbus” məsələsi göydən düşmüş fürsətə çevrilir. Onların zamana və şəraitə uyğun olaraq kampaniya tezisləri dəyişir. Amma mahiyyətləri eynidir. Hədəfləri ABŞ Dövlət Departamentində müəyyənləşdirilir, kampaniya tezislərini USAİD proqramlaşdırır, “Soros Fondu” qismində “donorlar” vasitəsilə maliyyə ötürülür. “Amnesty İnternational”, “Freedon House”, “Human Rights Watch” da bu planları icra edirlər.

Azərbaycana qarşı son aylarda başladılan “siyasi məhbus” kampaniyası da bu qəbildəndir. “Siyasi mühacir” kampaniyası iflasa uğradığı üçün əvəvzinə “siyasi məhbus” terminini gündəmə gətiriblər. Hansısa əməlinə görə həbsə düşmüş şəxslərin ailələrinə müraciət edirlər, adlarını “siyasi məhbus” siyahısına yazdırmaq üçün təkliflər göndərirlər. Məqsədi anlayanlar onlara rədd cavabı verirlər. Anlamayanlar isə tora düşür, adlarını “siyasi məhbus” siyahısına yazdırıb, işi qəlizləşdirirlər.

Hazırda COP29 öncəsi Azərbaycanda demokratiyanın durumu barədə durmadan qərəzli hesabatlar yayan təşkilatlar Avropa və Şimali Amerikada bununla bağlı durumu, etiraz aksiyalarına müdaxilə və məhdudiyyətlərə diqqət etsə daha yaxşı olar. Çünki Azərbaycanda Qərb ölkələrindən fərqli olaraq xalq və hakimiyyət arasında birlik, monolitlik var. Parçalanmış, fərqli siyasi cərəyanların tüğyan etdiyi, stabillikdən əsər-əlamət olmayan və daim qütbləşən Qərb ölkələri, Qərb mediası üçün bu fenomen başa düşülən deyil və bəlli qısqanclıq hissi də doğurur. İstənilən halda informasiya hücumları, qara piara rəğmən, Azərbaycan həmişə olduğu kimi, yenə də inamla öz addımlarını atmaqda, mötəbər tədbirləri, xüsusən COP29 konfransını yüksək səviyyədə keçirmədə qərarlıdır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
57
ikisahil.az

1Mənbələr