AZ

“Araz-Naxçıvan”sayağı qələbə

Elmar Baxşıyevi təbrik etmək olar. Onun “Araz-Naxçıvan”ı dünənki qələbə ilə bəlkə də avrokuboklara vəsiqəni indidən təmin etdi. Klubun qışda – ötən mövsüm olduğu kimi – pulu qurtarmasa, muxtar respublika təmsilçisi hətta “Qarabağ”la çempionluq yarışına da girə bilər.

Düzdür, komandanın qızıl medal üçün döyüşməyə potensialı və təcrübəsi yoxdur. “Qarabağ” qitə kubokları ilə vidalaşan kimi xal fərqini böyüdəcək. Amma indiki anda ağdamlılardan başqa heç kimə uduzmayan, 12 tura 27 xal yığan komandadan danışırıq. “Araz-Naxçıvan” tempi roquya bilsə, yazda nələrin baş verəcəyini indidən bilməz olmaz.

Baxşıyevin yetirmələri 3-cü turdan təxirə salınan oyunda “Zirə”ni bu komandanın keçən mövsüm tətbiq etdiyi üslubda yendi. 1:0 hesablı qələbələrə daha birini əlavə edən “Araz-Naxçıvan” 4-cü yerlə 7 xallıq fərq yaratdı. Qəsəbə təmsilçisi qələbə qazansaydı, yuxarı pillələrdə daha çox qarışıqlıq olacaqdı, indi isə naxçıvanlılar daha rahatdır. Qələbənin səfər matçında, Bəxtiyar Həsənalızadə və Felipe Santos kimi aparıcı futbolçuların yoxluğunda qazanılması onu daha qiymətli edir.

“Araz-Naxçıvan”da bu mövsüm hər şey alınır. Baxşıyevin əməyini yerə vurmaq olmaz, gənc məşqçi Azərbaycan səviyyəsində ortababdan bir az yaxşı komanda qurub. Büdcə imkan verdiyi üçün yaxşı transferlər edilib və bacarıqlı məşqçi döyüşkən kollektiv yaradıb. Lakin 27 xalın azı 1/3-i klub rəhbərliyinin qazancıdır. Naxçıvanlılar qədər hakimlərdən yardım görən başqa komanda yoxdur. Dünən komanda yaxşı oynadı, lakin elə matçlar olub ki, işlər yaxşı getməyib, həmin anda lazımi dəstəklə ayaqda qalıblar.

Əslində, dünən də “Zirə” ərazi üstünlüyünə malik idi, daha çox hücumda olurdu. Ancaq qonaqlar həlledici qolu vurmağa imkan tapdı, ardınca əla müdafiə olunaraq 3 xalı aktivinə yazdı.

“Zirə” bu məğlubiyyətlə özünü çətinə saldı. Qələbə ilk dördlüyün izləyicilərindən uzaqlaşmasına imkan verəcəkdi, heç-heçə isə ən azı əsas rəqiblərdən birinin çox uzağa qaçmasının qarşısını alacaqdı. Lakin olmadı və Rəşad Sadıqov mətbuat konfransında verdiyi müəmmalı açıqlamaya uyğun davransa, yaxşı olar. Məğlubiyyətlərin səbəbi aşkarlanmasa, uğursuzluq davam etsə, mövsümün qalan hissəsində daha çox tər tökmək lazım gələcək.

FƏRİD

Seçilən
22
futbolinfo.az

1Mənbələr