Xatırladaq ki, mütəxəssisin Mahirin sonuncu oyundakı çıxışı haqda fikri belədi:
“Məncə, o qədər də yaxşı oynamadı. Topla kifayət qədər hərəkətli davranmadı, çevik olmadı”.
Bəs futbolçu dünya ulduzu olan çalışdırıcısını niyə məmnun edə bilmir? Mahirin çatışmazlıqları konkret nədən ibarətdi?
“Football-plus.az” bu suallara Almaniya mətbuatında cavab axtardı. “Kicker” nəşrinin məlumatına görə, Mahir “Hamburq”la matçda qapıya beş zərbə vursa da, yalnız biri “çərçivə”yə daxil olub. O, müdafiə xəttində də komandasına kömək edib. 55-ci dəqiqədə qol vurmaq istəyən Heyer Fernandeslə təkbətək mübarizədən qalib ayrılıb. 63-cü dəqiqədə isə yaxşı oyunuyla diqqəti çəkib və Knoşun ötürməsi sayəsində hesabı bərabərləşdirib. Həmyerlimiz oyun ərzində bir neçə qayda pozuntusuna yol verib. İki dəfə əllə oynayıbsa, 65-ci dəqiqədə Ferainin ayağını tapdaladığına görə sarı vərəqə alıb.
Ümumiyyətlə, Klozenin əsas narahatlığı təkbətək mübarizələrdən qalib ayrılmaq və topa sahib olmaqla bağlıdı. Emreli sonuncu matçda beş dəfə təkbətək mübarizəyə qoşulubsa, dördündən məğlub ayrılıb. Yeganə hava dueli və iki driblinqi də uğursuz alınıb. Bütün oyunların statistikasına əsasən, həmyerlimiz hava duellərinin 29, driblinqlərin 30 faizində uğurludu. 2-ci bundesliqada qeydə alınan 15 qapıya zərbənin üçü qolla tamamlanıb. “Kicker” onun mübarizlik dərəcəsini 33 faizlə qiymətləndirir.
Beləliklə, Klozenin Mahirdən narazılığının səbəbi aydındı. Onun 90 dəqiqə oynamamasının əsas səbəbi isə sarı vərəqədi. Baş məşqçi Mahiri yalnız rəsmi xəbərdarlıqdan sonra əvəzləyir. İndi Emrelinin hesabında üç sarı vərəqə var. Sevindirici haldı ki, hələ cəzalı duruma düşməyib. Daha doğrusu, bir sarı vərəqə də alsa, növbəti matçı buraxacaq.
“Nürnberq” noyabrın 8-də keçiriləcək 12-ci tur matçında “Kayzerslautern”i qəbul edəcək. Almaniya mətbuatı Mahirin adını həmin matçın təxmini start heyətində göstərib. Bu matç həm də postsovet məkanından olan iki futbolçunun – Mahir Emreli ilə Budu Zivzivadzenin dueli ilə əlamətdar olacaq.
KƏNAN BAHADIR