AZ

Dərsliklərimizdə şanlı tariximiz necə əks olunub? - EKSPERT AÇIQLADI 

"8 noyabr tarixi təqvimə zəfər bayramı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi günü kimi düşdü. Torpaqlarımızın qeydsiz-şərtsiz düşmən işğalından azad olunması müstəqillik, yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə və fəaliyyət standartlarına, işin forma, məzmun və mahiyyətinə müasir mövqedən yanaşmağa, indiyədək mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi və dəyişdirilməsinə geniş imkanlar açdı. Dövlət başçımızın xüsusi olaraq vurğuladığı kimi “Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu"
 
 
 
Bu sözləri Moderator.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.  Qeyd edib ki, əzəli torpaqlarımız, ərazi bütövlüyümüz uğrunda gedən, Vətən müharibəsi xarakteri alan ordumuzun xilaskarlıq savaşında həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız birlik və həmrəylik nümayişidir:
  "Dünyaya Azərbaycan, Qarabağ həqiqətlərini çatdırmaq üçün ön cəbhədəki əsgərlərə, eləcə də düşmən hücumu nəticəsində zərər çəkən ailələrə hərtərəfli dəstəyi ordumuza uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirməsi fonunda xalqımızın ruh yüksəkliyini, vətənpərvərlik hissini bir qədər də artırmış oldu.
İşğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz əhval ruhla səfərbərliyə qoşulanların sırasında müəllimlər, digər təhsil sahəsi ilə bağlı işçilərinin də olması, paytaxtdakı və bölgələrdəki ümumitəhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları, xeyli sayda pedaqoji ictimaiyyət nümayəndələrinin hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün könüllü olaraq səfərbərlik xidməti orqanlarına gəlib hərbi toplanışlara cəlb olunması ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadəsi, qürur hissi ilə səciyyələnən vətənpərvərlik tərbiyəsinin yeni müstəviyə keçməsinin bariz nümunəsidir.
Sözün bütün mənalarında tarixi qələbəmizin əldə edilməsində məktəblərimizin dəstəyi, müəllimlərimizin əməyi də az olmayıb. O ağır və ağrılı günlərdə müəllimlərimiz iki cəbhədə mübarizə aparıb, həm vətənpərvər gənclər yetişdirmək,  həm də vətənin müdafiəsində iştirak etmək missiyasını yerinə yetirib.Təkcə onu demək kifayətdir ki, Vətən müharibəsinin ilk illərində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim şücaət göstərərək mənfur düşmənə qarşı vuruşmuşlar, 700-dək təhsil işçisi böyük qəhrəmanlıq nümunəsi göstərib. 20 nəfər təhsil işçimiz şəhid olub.
Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran əsas vəzifədir. Ölkəmizin təhsil siyasətində də təhsilalanlarda vətənpərvərlik hisslərinin tərbiyə olunması, uşaqlarda milli ruhun aşılanması mühüm istiqamətlərdən biridir.
Tam əminliklə deyə bilərik ki, yenilənəcək "Azərbaycan tarixi” dərsliklərində ölkəmizin əzəli torpaqları uğrunda aparılan xilaskarlıq savaşında şanlı qələbəmizin bütün istiqamətverici və təkanverici mənbələri daha geniş şəkildə öz əksini tapacaq, "Ortaq türk tarixi”nin ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən Türkiyə-Azərbaycan birliyi və həmrəyliyinə yeni səhifələr əlavə olunacaq. Başqa cür də ola bilməz. Çünki, yazılan tarix oxunulmasa unudular.
Bu gün ölkənin hər bir vətəndaşı kimi, hər bir təhsil işçisinin də vəzifəsi, imkanı daxilində "Qarabağ Azərbaycandır!” möhtəşəm zəfər çağırışına öz töhvəsini verməkdir.  Artıq Nazirlik də məsələ ilə bağlı öz mövqeyini açıqlayıb: "Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir. Tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır".
 
Seçilən
46
moderator.az

1Mənbələr