AZ

“Marksizm - leninizm yolu ilə…”

Paşinyan, II Qaregin və başqaları COP29-a qarşı mübarizədə proletariat rəhbərlərinin yolunu seçdilər

“Bütün ölkələrin proletarları birləşin!” Deyəsən, Ermənistan dövləti və havadarları, o cümlədən, erməni apostol kilsəsi bolşevizmin bu şüarını indi bir qədər fərqli tərzdə ifadə edirlər. Dünya erməniləri Bakıda həbsxana həyatı yaşayan cinayətkarlarını azadlığa çıxarmaq üçün birləşiblər.

Məsələn, Qarabağdakı artıq canını tapşırmış separatçı rejimin keçmiş rəhbəri, özünü “prezident” adlandıran Arayik Arutyunyana necə cinayətkar deməyəsən? Axı bu zat 44 günlük müharibə zamanı efirə çıxaraq açıqca bəyan etmişdi ki, Gəncənin raket atəşinə tutulması əmrini bilavasitə özü verib. O, eyni zamanda, hədə-qorxu gələrək, eyni halın təkrarlanacağını da vurğulamışdı. Sözügedən raket atəşi nəticəsində isə onlarca din azərbaycanlı sakin həyatını itirmiş, yaralanmışdı.

İndi Ermənistan rəhbərliyi, xaricdəki ermənipərəstlər bar-bar bağırırlar ki, Arayik və yanındakılar azadlığa çıxmalıdırlar. Erməni apostol kilsəsi isə farmazonluq edib onların həbsdən qurtulmaları üçün dua edəcəyini bildirib. Duanın üzərinə gələcəyik. Hələlik ümumi şəkildə onu bildirək ki, rəsmi İrəvan havadarlarının köməyi ilə paytaxtımızda keçiriləcək COP29 xüsusunda anti-Azərbaycan təbliğatı aparmaqdadır. Bakı həbsxanalarındakı hərbi əsir kimi qələmə verilən şəxslərin azadlığa çıxmaları istiqamətindəki kampaniya da bu təbliğatın mühüm tərkib hissəsidir. Məqsəd nüfuzlu toplantıda iştirak edəcək ölkələrin nümayəndələrinin diqqətini məsələyə cəlb etməyə və ölkəmizə mövcud istiqamətdə təzyiq göstərilməsinə nail olmağa yönəlib.

Görünür, Ermənistanın Rusiyaya yeni təyin edilmiş səfiri Qurgen Arsenyan da kampaniyada iştirak edir. O, etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim etdikdən sonra jurnalistlərə açıqlama verib və deyib ki, Azərbaycandakı “erməni əsirlərin” azad edilmələri İrəvanla Bakının barışmasına kömək olacaq. Əlbəttə, diplomat erməni hakim komandasının üzvü kimi hansı nöqtəni hədəfə aldığını pis bilmir. Diqqət yetirək: “Əgər indi Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru irəliləyirlərsə, bütün dünyaya bəyan edirlərsə ki, iki dövlət, iki xalq sülh və əməkdaşlıq şəraitində yaşayacaq, o zaman biz qiymətləndirilməli addımlardan başlamalıyıq”.

Səfir Arsenyanın haqqında söz açdığı məsələyə etimad quruculuğu demək daha məqbuldur. Ancaq iş ondadır ki, 44 günlük Vətən müharibəsindən ötən müddətdə rəsmi İrəvan bununla bağlı heç bir iş görmədi, yalnız Azərbaycanın təklif və təşəbbüslərinə qarşı çıxdı, habelə müxtəlif təxribatlar həyata keçirərək, qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqla məşğul oldu, hərbi diversiyalara əl atdı. Yeri gəlmişkən deyək ki, Bakıda məhbus ömrü sürən ermənilər sırasında məhz kəşfiyyat-diversiya fəaliyyəti reallaşdırarkən saxlanılanlar da var. Özü də onlar əməllərini 44 günlük müharibədən sonra gerçəkləşdirənlərdir. Bu tip şəxslər hərbi əsir sayıla bilməzlər. O ki qaldı, Qarabağdakı separatçı rejimin sabiq rəhbərlərinə, bu şəxslər Azərbaycanın konstitusiyon dövlət quruluşunu şübhələndirmək niyyətinə düşənlərdir və heç şübhəsiz, belələri də sıravilikdən çıxıblar. Əbəs yerə A.Arutyunyandan söz açmadıq.

Yəni, səfir Arsenyan bu cür adamların azadlığa çıxmaları ilə bağlı məsələni etimad quruculuğu kontekstində dəyərləndirə bilməz. Amma dəyərləndirir və beləliklə manipulyasiyaya yol verir. Tam aydındır ki, diplomat yeni fəaliyyətə başladığı postda mövcud istiqamətdə daha “ciddi” addımlar atmağa başlayacaq. Deməli, Ermənistan və Azərbaycan arasında etimad quruculuğu tədbirlərinə zərbə vuracaq.

Maraqlıdır ki, Q.Arsenyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri və çirkli pulların yuyulması sahəsində ad çıxarmış iş adamı Ruben Vardanyanın həbsdən azad edilməsi xüsusundakı ayrıca sualı şərh etmək istəməyib. Yalnız ümumi şəkildə onu bildirib ki, rəsmi İrəvan üçün Ermənistan vətəndaşları arasında heç bir fərq yoxdur. Amma səfir gözünün içinə qədər yalan deyir. Çünki baş nazir Nikol Paşinyanın və onun komandasındakı şəxslərin R.Vardanyandan zəhlələri gedir. Onlar bu məxluqa Rusiyanın adamı kimi yanaşırlar. Qeyd edək ki, Vardanyan dəfələrlə anti-Paşinyan mövqeyi tutub, hökumət rəhbərini təhqir səviyyəsinə çatan dərəcədə aşağılayıb, hətta Ermənistandakı hakimiyyəti devirməyə çağıran bəyanatlar səsləndirib. Bəs, o birilər?

O birilərdən söz açmazdan əvvəl səfir Arsenyanın “vətəndaşların müdafiəsi” ritorikası üzərində dayanaq. Bəli, Bakı həbsxanalarındakı kəslər Ermənistan vətəndaşlarıdır. Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan ərazisidir. Elə isə ortaya elementar sual çıxır: Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində nə işləri var idi? Yəni, diplomatın məsələni ölkəsinin kimliyi daşıyan şəxslərin azadlığa çıxmaları xüsusunda qoyması düzgün deyil. Belə də erməni diplomatiyası üçün düzgünlük anlayışının tamam başqa parametlərinin olduğunu bilir və Arsenyanın fikirlərinə qətiyyən təəccüblənmirik.

Bəs görəsən nə üçün rəsmi İrəvan A.Arutyunyanla yanaşı, Bako Saakyan, Arkadi Qukasyan, David Manukyan, Levon Mnatsakanyan və David Babayan kimi şəxslərin azadlığa çıxmalarını da istəyir? Axı onlar da zamanında mahiyyətcə Nikola qarşı idilər. Məsələ çox sadədir. Adlarını çəkdiyimiz şəxslərin R.Vardanyan kimi təsir qüvvələri yoxdur. Onun qədər pulları heç yoxdur. Şübhəsiz, bu şəxslər də İrəvanda olsalar, hansısa formada Nikola və tərəfdarlarına problem yarada bilərlər. Ancaq indiki durumda Paşinyan erməni avantürizminin, belə demək mümkünsə, şah damarına işləmək istəyir. Çalışır ki, adları çəkilənlərin azadlığa çıxmalarına nail olmaqla, daxildə nüfuzunu qaldırsın. Hər halda, xəstə erməni cəmiyyətini yaxşı tanıyır. Zaman keçdikcə isə həm Qukasyanı, həm Saakyanı, həm də digərlərini yavaş-yavaş neytrallaşdıra bilər. Nikolun onlara qarşı müxtəlif ittihamlar irəli sürməsi su içimi kimi bir şeydir. Onsuz da “vəzifədə” olduqları müddətdə hər cür əməllərdən çıxıblar və dərin çirkab içərisindədirlər.

İndi isə keçək erməni kilsəsinin Azərbaycandakı hərbi əsir kimi qələmə verilən şəxslərin azadlığa çıxmaları ilə əlaqədar “canfəşanlığına”. Məlum olduğu kimi, bütün ermənilərin katolikosu II Qareginin təşəbbüsü ilə noyabrın 10-da dünyadakı erməni kilsələrində Ermənistanda sülh və ədalət, həmçinin Bakıda “qanunsuz saxlanılan girovların” azad edilmələri üçün dua oxunacaq. “Dua təşəbbüsünə” Kilikiya Böyük evinin katolikosu I Aram və Dünya Kilsələr Şurası da qoşulub. Deməli, bir tərəfdə rəsmi İrəvan, digər yandan isə erməni kilsəsi. Proletar rəhbərlərinin əvvəldə haqqında söz açdığımız şüarını elə-belədən diqqətə çatdırmamışdıq.

II Qareginin “dua təşəbbüsü” barədə məlumat bir neçə gün əvvəldən verilmişdi. İndi o, təşəbbüsünə daha çox ermənini cəlb etmək üçün yenidən çağırış səsləndirib və deyib ki, istəyi noyabrın 11-də Azərbaycanda keçiriləcək COP29 iqlim sammiti ərəfəsində dünyanın diqqətini “məhbuslar” məsələsinə cəlb etməkdir: “Biz ürəkdən ümid edirik ki, bu mənəvi səylər davam edən humanitar böhran haqqında qlobal məlumatlılığı artıracaq və böhranın həqiqətə və ədalətə əsaslanan sülh yolu ilə həllinə töhfə verəcək”.

II Qareginin “təşəbbüsünə” qoşulan Kilikiya Böyük evinin katolikosu I Aram isə bunları deyib: “Biz bütün dini icmaları, beynəlxalq təşkilatları və xoşməramlı insanları dualarımıza qoşulmağa, Bakıdan erməni əsirlərin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etmək üçün səyləri gücləndirməyə çağırırıq. Biz COP29-da iştirak edən beynəlxalq ictimaiyyətə xatırladırıq ki, ədalət və sülh bir-biri ilə sıx bağlıdır və onları ayırmaq olmaz. Biz insan hüquqlarının pozulmasını pisləmədən iqlim ədalətini tələb edə bilmərik”.

Məlumdur ki, tarixən erməni kilsəsi avantürizmi və terroru dəstəkləyib. Qurum bu kimi əməllərin ideoloji mərkəzi rolunu oynayıb. Erməni kilsəsinin hesabında minlərlə günahsız, dinc Azərbaycan və Anadolu türkünün qanı, görünməmiş vandallıqlar, qarətlər və soyğunçuluq əməlləri var. II Qaregin bu xislətli dini qurumun təmsilçisidir, tarixi sələflərinin başladıqları çirkin, anti-bəşəri yolun ardıcılıdır. Özünü din xadimi adlandıran bu şəxsin müharibə çağırışları səsləndirməsi, xalqlar arasında nifaq toxumları səpməsi hər kəsin yaxşı xatirindədir. Ona görə də hazırda erməni kilsəsinin humanizm “zəngulə”lərinə baş vuraraq, ikiüzlülük etməsi, yumşaq desək, ikrah doğurur.

Lakin ikiüzlülük edən təkcə II Qaregin və I Aram deyil. Ümumdünya Kilsələr Şurası (WCC) da “sülhün bərqərar olması, qaçqınlara dəstək və məhbusların azadlığa buraxılmaları üçün Ermənistana həsr olunmuş Dua Gününə dəstək göstərməyə” hazır olduğunu bildirib. WCC-nin baş katibi Cerri Pillay bütün kilsələri noyabrın 10-da duaya qoşulmağa və beynəlxalq ictimaiyyəti mövcud istiqamətdəki dəstəyini davam etdirməyə çağırıb. “Biz Erməni apostol kilsəsi və Ermənistanın ekumenik tərəfdaşları ilə dualı həmrəyliyimizi davam etdiririk”, – deyən C.Pillay vurğulayıb. Yeri gəlmişkən, bildirək ki, Dünya Kilsələr Şurası 400 milyona yaxın xristianı birləşdirən ən böyük beynəlxalq ekumenik təşkilatdır. Bu faktı isə anti-Azərbaycan kampaniyasının və ölkəmizə təzyiq ritorikasının miqyasını təsəvvürə gətirmək üçün açıqladıq. Yəni, ölkəmiz dünya miqyaslı ermənipərəstliyə sinə gərir.

Sinə gərməkdən söz düşmüşkən, sonda onu da vurğulayaq ki, COP29 məsələsində Azərbaycana təzyiq cəhdlərinin heç bir nəticəsi olmayacaq. Ümumən, bu sayaq mənfi halların rəsmi Bakını tutduğu yoldan döndərdiyinə dair presedent qeydə alınmayıb. Ölkəmiz haqlı və ədalətli mövqeyini daim müdafiə edib, gücünü göstərdiyi kimi, iradəsini də nümayiş etdirməyi bacarıb. Yaxşı olar ki, rəsmi İrəvan və havadarları bu barədə düşünsünlər və səmimi davransınlar. Nəzərə alsınlar ki, COP29 noyabrın 11-dən 22-dək davam edəcək. Həmin tarixdən sonra isə Bakıya toplaşanlar dağılışıb gedəcəklər. Hər halda, Ermənistanda bu coğrafiyada doğru-dürüst şəkildə qalmağı, mehriban qonşuluq şəraitində yaşamağı düşünənlərin nəsli kəsilməyib. Yaxşı olar ki, rəsmi İrəvan belələrini ön plana çıxarsın, nə ayrı-ayrı səfirlərə anti-Azərbaycan təbliğatı aparmaq göstərişi versin, nə də dolayı yollarla uşaqbazlıqda qınadığı II Qaregin kimilərini ortaya atsın. Paşinyan Marks olmaq istəməz, II Qaregindən isə Lenin çıxmaz.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
25
xalqqazeti.az

1Mənbələr