AZ

Dinamik və davamlı sosial siyasət: Yeni mərhələ, növbəti hədəflər

Hazırkı tarixi dönəmdə müstəqil dövlətlər üçün uğurlu sosial siyasət vacib faktordur. Bu kontekstdə yüksək rifah cəmiyyətinin yaradılması strateji məqsəd kimi dövlət quruculuğunda özünəməxsus yer tutmaqdadır. Azərbaycan sistemli və ardıcıl olaraq zamanın tələblərinə və müasir dünyanın çağırışlarına uyğun dinamik sosial siyasət yeridən dövlət kimi fərqlənir. Müstəqillik dövrünün təcrübəsi göstərir ki, ölkə rəhbərliyi bu istiqamətdə ən perspektivli nümunələrdən bacarıqla istifadə edir. Daim cəmiyyətin sosial təminatı artırılır, sosial təminat sistemi genişləndirilir və xidmət səviyyəsi yüksəldilir. Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə xüsusi qayğı göstərilir. Bütövlükdə, cəmiyyətin sosial təminatı inkişaf etdirilir.

Dinamik inkişaf

İstənilən cəmiyyətin davamlı inkişafı elm, siyasət və idarəetmə üçün ən aktual məsələlərdən biri sayılır. Qlobal miqyasda da dünya getdikcə daha açıq və dinamik münasibətlər fazasına qədəm qoyur. Hər bir dövlət bu böyük sistemin daxilindədir. Ona görə də xüsusi olaraq bir ölkənin dinamik inkişafı ilə qlobal beynəlxalq sistemin bir-biri ilə ziddiyyət təşkil etməməsi politologiya üçün daha da aktuallaşır.

Bu, cəmiyyətin iqtisadi, sosial və siyasi sferaları arasında müəyyən münasibətlərin qurulmasını tələb edir. Nəzəri və praktiki-idarəetmə aspektlərində məsələ düşünülmüş sosial siyasətin vacibliyini önə çıxarır. Buna görədir ki, indiki mərhələdə hər bir dövlətin uğurlarının miqyası, ilk növbədə, onun yeritdiyi sosial siyasətin mahiyyəti, xarakteri və nəticələri əsasında qiymətləndirilir.

XX əsrin 80-ci illərindən başlayaraq BMT-nin sənədlərində dinamik inkişafa nail olmağın nəzəri və praktiki üsulları intensiv araşdırılmaqdadır. Belə mülahizələr irəli sürülür ki, ilk olaraq, cəmiyyətin bütün sferaları arasında dinamik tarazlıq yaranmalıdır. Bununla yanaşı, cəmiyyətlə təbiətin balansı təmin edilməlidir. Buradan sinxron olaraq müstəqil dövlət üçün iqtisadi, sosial və ekoloji sferalar arasında tərəqqi məsələsinin aktual olması qənaəti formalaşmışdır. Onun əsas təminedici üsulu isə uğurlu sosial siyasət kursudur.

Belə çıxır ki, dinamik inkişaf özündə bir çox elementləri birləşdirir. Onların sırasında iqtisadiyyatda sosial məsuliyyətə canatma ayrıca yer tutur. Burada həm də ekoloji tarazlığın saxlanması, sosial, iqtisadi və texnoloji inkişaf arasında tarazlığın təmini, vətəndaşın rifah halını daim yaxşılaşdırmaq və onu humanistləşdirmək (insan haqları və hüquqlarının təmini) kimi vəzifələr qarşıya çıxır. Bu sırada yüksək sosial göstəricilərə nail olmaq (məşğulluq, sosial təminat, işsizliyin aradan qaldırılması, sosial müdafiə və s.) xüsusi əhəmiyyət kəsb edir. Müasir mərhələdə dövlətin "kimliyi" də bu kimi göstəricilərə əsasən müəyyən edilir.

Beləliklə, sosial siyasət, hər şeydən əvvəl, cəmiyyətdə sosial qruplar və fərdlər arasında münasibətləri tənzimləməyə xidmət etməlidir. Bu siyasəti dövlət institutları həyata keçirir. Həmin siyasətin ümumi kursunu və məzmununu isə dövlət başçısı müəyyən edir. Sosial siyasət vətəndaşların əsas həyati maraqlarını və onların sosial müdafiəsini təmin etməlidir. Hər bir ölkədə bu siyasətin özəl məzmunu və həyata keçirilmə dinamikası ola bilər. Azərbaycan Respublikası da istisna deyildir.

Azərbaycanın milli sosial siyasəti

Faktlar göstərir ki, Prezident İlham Əliyev ölkəmizdə gələcəyə istiqamətlənmiş uğurlu sosial siyasət həyata keçirir. Bu siyasətin başlıca məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdən ibarətdir. Buna görədir ki, dövlət başçısı sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirir. Bu sırada aztəminatlı ailələrə və sağlamlığı məhdud olan vətəndaşlara verilən sosial müavinətlərin davamlı olaraq artırılması əhəmiyyətlidir.

Buradan çıxış edərək Azərbaycanda həyata keçirilən sosial siyasətdə Prezidentin fəallığı ilə dövlətin vətəndaşa diqqət və qayğısının daim artmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaq olar. Bu prosesin faktları haqqında irəlidə bəhs edəcəyik. Burada onu vurğulayaq ki, Qarabağ şəhidləri, qaziləri, aztəminatlı ailələr, fiziki sağlamlığı məhdud olan insanlar və digər qruplarla bağlı Prezident həmişə yeni qərarlar qəbul edir, onların sosial təminatını yüksəldir.

Prezident İlham Əliyevin sosial siyasətinin başlıca prinsipləri Azərbaycan hökumətinin fəaliyyətinə ciddi təsir etməkdədir. Onun konkret təzahürü hökumətin əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün lazımi maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malik olmasında özünü göstərir. Burada, təbii ki, insanların bütün sosial qayğılarla əhatə olunmaları ön sırada yer almaqdadır.

Bu kontekstdə Azərbaycan üçün səciyyəvi olan bir məqamı vurğulamaq lazımdır. Məsələ onunla bağlıdır ki, uğurlu və davamlı sosial siyasətə yalnız güclü iqtisadiyyatın mövcud olduğu ölkədə nail olmaq mümkündür. Ölkə rəhbərliyi daim iqtisadiyyatın dinamik olaraq güclənməsinə böyük diqqət yetirir. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi müddətində bu tezisi tam təsdiq edən çox sayda faktlar vardır. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, davamlı şəkildə iqtisadi göstəriciləri artmışdır və bütövlükdə iqtisadi infrastruktur tam müasirləşmişdir. Hazırda Azərbaycan bu aspektdə postsovet məkanında lider dövlətdir.

Nümunə kimi yoxsulluq səviyyəsinin aşağı salınması və əhalinin məşğulluğunun təmin olunmasını göstərə bilərik. Bu istiqamətlərdə, sözün həqiqi mənasında, nəhəng və faydalı işlər həyata keçirilir. Onlar haqqında irəlidə konkret faktlar əsasında bəhs edəcəyik. Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət müasir dünya iqtisadiyyatının tələblərinə uyğundur. Makroiqtisadi sabitliyin qorunub saxlanması yüksək nəticədir. Enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasının dünya üçün əhəmiyyətini hər kəs bilir. İqtisadiyyatın şaxələndirilməsi ən yüksək inkişaf etmiş ölkələr üçün də çox aktual vəzifədir. Bunlar kompleks halda davamlı inkişaf strategiyasını əmələ gətirir. Strateji baxımdan qeyri-neft sektorunda özünü göstərən dinamizm də xüsusi əhəmiyyətə malikdir.

Sosial siyasətin dinamizmi

Yuxarıdakı nəzəri müddəalar fonunda Azərbaycanda sosial siyasətin bir sıra xüsusiyyətlərinin vurğulanması aspektində dinamik iqtisadi inkişafla güclü sosial siyasətin bir-birini tamamladığı qənaəti yaranır. Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli tərəqqisinə xidmət edən siyasətinin mərkəzində vətəndaş rifahının təminatı dayanır. Ümumiyyətlə, faktlar göstərir ki, “uğurlu xarici və daxili siyasəti nəticəsində ötən 20 ildə Azərbaycan dünya miqyasında rekord templə inkişaf edən və 4 dəfədən çox iqtisadi artım əldə edən, qüdrətli ordu quran, strateji hədəflərinə doğru inamla addımlayan, dünya birliyində layiqli yer tutaraq etibarlı tərəfdaş kimi tanınan, beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqe tutan bir ölkəyə çevrilmişdir.”

Bu ümumi və davamlı inkişafın daxilində sosial sahə xüsusi yer tutur. Belə ki, ölkə rəhbərinin sosial sahəyə xüsusi qayğısı “ötən 20 ildə dövlətimizin sosial siyasətinin ildən-ilə güclənməsinə, dayanıqlı və əhatə dairəsi daim genişlənən etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan vermişdir. Həmin dövrdə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox, minimum əməkhaqqında 38 dəfə, minimum pensiyada 14 dəfə, orta aylıq əməkhaqqında 12 dəfə, orta aylıq pensiyada 18 dəfə, yaşa görə orta aylıq pensiyada 19 dəfə, pensiya üzrə ödənilən illik vəsaitdə 30 dəfədən çox artım baş vermişdir. Hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması təmin olunmuşdur”.

Bu tezisi rəsmi statistik məlumatlar tam təsdiq edir. Rəqəmlər göstərir ki, yaşa görə orta aylıq pensiyanın məbləği (467 manat) pensiyaçılar üçün yaşayış minimumundan (199 manat) 2,3 dəfə artıqdır. Xalis minimum aylıq əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbəti isə 2003-cü ildəki 11,7 faizdən 2018-ci ildə 26,5 faizə, bu ilin əvvəlində isə 41,1 faizə çatmışdır.

Sosial dövlət baxımından əhəmiyyəti çox olan ünvanlı dövlət sosial yardımı ilbəil dinamik yüksəlişdədir Hazırda hər ailəyə düşən orta aylıq məbləğində ünvanlı yardım 11 dəfə artmışdır. Eyni zamanda, ünvanlı yardım proqramının əhatə dairəsi genişləndirilmişdir.

Mütəxəssislər son 20 ildə yeni iş yerlərinin açılmasının daimi xarakter aldığını vurğulayırlar. Bu çərçivədə aktiv məşğulluq proqramları uğurla yerinə yetirilir. Sosial müdafiə və reabilitasiya əhəmiyyətli yeni müəssisələr şəbəkəsinin qurulması təmin olunmuşdur. Prezidentin imzaladığı fərman və sərəncamlar nəticəsində, xüsusilə, son beş ildə mühüm sosial irəliləyişlər əldə edilmişdir. Bu dövrdə 4 milyondan çox vətəndaşı əhatə edən, icrasına əlavə olaraq, illik 7 milyard manata yaxın vəsait ayrılan 4 sosial islahat paketi həyata keçirilmişdir. Bu əsas inkişaf xətti 2018-2023-cü illərdə həyata keçirilən proqramlarda müxtəlif sferalar üzrə öz əyani təzahürünü tapmışdır. Sosial sahənin mütəxəssisləri vurğulayırlar ki, "2018-2023-cü illərdə minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə artırılmışdır. Orta aylıq pensiya 208 manatdan 437 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 467 manata, orta aylıq əməkhaqqı 545 manatdan 921 manata çatmışdır. Median əməkhaqqında 2,2 dəfə, əməkhaqqı fondunda 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə artıma nail olunmuşdur. Ehtiyac meyarı 130 manatdan 246 manata, yaşayış minimumu 173 manatdan 246 manata çatdırılmışdır.

Bunlarla yanaşı, 1,1 milyon insanı əhatə edən pensiya təminatı gücləndirilmişdir. Bu təminat proqramına əlçatanlıq daha da artırılmışdır. Pensiya sistemində humanist yanaşmaların tətbiqi istiqamətində mühüm addımlar atılmışdır.

Bütün bunların fonunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin aşağıdakı ümumiləşdirməsi maraq doğurur: "Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü, bununla ədaləti və beynəlxalq hüququ təmin etmiş qalib dövlət olan Azərbaycan eyni zamanda vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasətə malikdir...

Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə davamlı sosial inkişafa, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilərək ildən-ilə əhəmiyyətli dərəcədə genişlənməsinə, sosial təminat sisteminin dəfələrlə güclənməsinə imkan yaradıb.

2003-cü ildən ötən dövrdə əməkhaqqıları, pensiya və digər sosial ödənişlərin mütəmadi olaraq artırılması, regionların və özəl sektorun inkişafı şəraitində yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının artmasının daimi xarakter alması, əhalinin gəlirlərində ilbəil artım, sosial müdafiə və reabilitasiya əhəmiyyətli yeni müəssisələr şəbəkəsinin qurulması, sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin edilib. Dövlət başçısının qeyd etdiyi kimi, "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik".

Sosial təminatın dairəsi genişlənir

Sosial təminat sisteminin əhatə dairəsinin genişləndirilməsinin hazırda hər bir müstəqil dövlət üçün əhəmiyyətinin böyük olduğu məlumdur. Lakin bu vacib məsələnin praktiki tətbiqi həmişə yaradıcı idarəetmə və davamlı proqramların həyata keçirilməsini tələb edir. Azərbaycanda bu aspektdə faydalı təcrübə toplanmışdır və bu proses uğurla davam edir. Bu baxımdan əlamətdardır ki, həssas qrupların dövlət qayğısı ilə əhatə olunmasının daha bir göstəricisi kimi, son 20 ildə 15, o cümlədən 2018-2023-cü illərdə 10 yeni sosial ödəniş növü təsis edilmişdir. Onların sırasına müharibə veteranlarına, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlərə, Vətən müharibəsi qəhrəmanlarına, işləməyən pensiyaçı elmlər doktorlarına və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa götürən şəxslərə müavinət, himayədar ailələr üçün müavinət və s. daxildir. Nəticədə, yalnız təqaüd təminatı üzrə götürdükdə, son beş ildə bu istiqamətdə ödənişlə təmin edilənlərin sayı 6,5 dəfə artaraq 393 minə çatmışdır.

Qeyd etməliyik ki, sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsi sosial rifah cəmiyyətinin yaradılması istiqamətində mühüm faktorlardan biridir. Çünki əgər sosial təminatın əhatə dairəsi genişlənməsə, faktiki olaraq, sosial siyasət durğun vəziyyətə düşə bilər. Siyasi, nəzəri və ya konseptual aspektdə aktual, əhəmiyyətli proqramlar reallaşmadıqca, onların praktiki tətbiqi inkişaf etmədikcə sosial siyasət reallıqdan uzaqlaşır. Bu halda da müsbət nəticəverici sosial siyasət aparmaq, demək olar ki, mümkünsüz olur. Məhz buna görədir ki, Prezident İlham Əliyev sosial təminat sisteminin əhatə dairəsinin genişləndirilməsini mühüm vəzifə kimi qarşıya qoymuşdur.

Vurğuladığımız aspektdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına layiqincə əməl etməsi vacib məqamı təşkil edir. Bu baxımdan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin belə bir məqamı vurğulaması əhəmiyyətlidir: “Cənab Prezident tərəfindən imzalanan fərman və sərəncamlar... sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. Belə ki, dövlət başçısının şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısının təzahürü olaraq 2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ilin sentyabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü təyin edilib. Ötən dövrdə həmin təqaüdün məbləği şəhid ailələri üçün 6 dəfə artırılaraq 100 manatdan 600 manata, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər üçün 5,6 dəfə artırılaraq 90 manatdan 500 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (II dərəcə) əlilliyi olan şəxslər üçün 5,7 dəfə artırılaraq 70 manatdan 400 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (III dərəcə) əlilliyi olanlar üçün 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata çatdırılıb”.

Burada söhbətin birbaşa şəhid ailələri və müharibə əlillərinə aid edilməsi sosial təminat sisteminin genişləndirilməsi kontekstində təsadüfi deyildir. Çünki Vətən müharibəsindən sonra qalib ölkənin şəhidləri və qaziləri ilə bağlı Prezident İlham Əliyevin xüsusi sərəncamları və fərmanları olmuşdur. Bu istiqamət Azərbaycanda hazırda ən çox diqqət yetirilən və sosial təminatın yüksək olmasına çalışılan sferadır.

Vətən uğrunda canlarından keçmiş qəhrəman insanların ailələri hər bir cəhətdən sosial qayğı ilə əhatə olunurlar. Qazilərimiz daim dövlətin diqqət və qayğısının mərkəzindədirlər. Azərbaycan Prezidenti bu sahəyə çox böyük diqqət göstərir. Ona görə də hazırda sosial təminat sisteminin genişlənməsinin xüsusi cəhətləri vardır. Onları aşağıdakı kimi ifadə etmək olar: 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramı icra edilir. Bu proqram çərçivəsində həmin kateqoriyalara aid 126 min şəxs sosial dəstək yönümlü 322 min xidmətlə təmin edilmişdir. Belə ki, postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarından ibarət 104 min nəfərə 117 min sosial ödəniş təyinatı həyata keçirilmiş, 11 min nəfərə 54,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilmişdir. 453 hərbçi 472 yüksək texnologiyalı son nəsil protezlə, 21,9 min şəxs birdəfəlik ödəmə ilə təmin olunmuşdur. 20 min 500 nəfərin məşğulluğunun təminatı həyata keçirilməklə, onlardan 10 min 300 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulmuşdur.

Postmüharibə dövründə şəhid ailələri və qazilərə ünvanlanan müavinət və təqaüdlərdə də orta hesabla 2 dəfə artım baş vermişdir. Onlara Vətən müharibəsindən sonra 5 min 800, ümumilikdə, 14 min 600 mənzil verilmişdir. Həmçinin qazilərə müharibədən sonra 424, ümumən ötən dövrdə 7 min 600 avtomobil verilmişdir.

DOST milyonların dostuna çevrilir

Vətəndaş məmnunluğu sosial dövlətin əsas əlamətlərindən biridir. İnsanlar yüksək səviyyəli mədəni xidmətdən çox ruhlanırlar. Onlar vətəndaşa verilən qiyməti, ümumiyyətlə, dövlətin "kimliyi"nə aid edirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycan vətəndaşlarında yüksək məmnunluq duyğuları yaradır. Çünki DOST mərkəzlərində, sözün əsl mənasında, müasir tələblər səviyyəsində xidmət göstərilir və problemlərin çevik həllinə nail olunur. Prezident İlham Əliyevin bu baxımdan DOST Agentliyinin və ilk DOST mərkəzinin açılışı tədbirində ifadə etdiyi aşağıdakı fikirlər böyük ümidlər yaradır: “Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.

Faktlar da ümidvericidir. Belə ki, 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunduğu DOST mərkəzlərində ötən dövrdə 2 milyonadək vətəndaşa xidmət göstərilmişdir və həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,1 faizdir. Artıq bir sıra ölkələr Azərbaycanın DOST təcrübəsini öyrənərək, özlərində tətbiq etməyə maraq göstərirlər.

DOST infrastrukturunun ölkə boyu genişləndirilməsi işləri davam edir, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə də DOST xidmətləri qurulur.

Sosial təminat sisteminin genişləndirilməsi ilə DOST konsepsiyasının uğurlarını vahid sosial siyasət kursu sistemində qarşılıqlı əlaqədə təsəvvür edə bilərik. Həqiqətən, sosial dövlətin perspektivli inkişafı kontekstində ümidverici mənzərə yaranır. Azərbaycan rəhbərliyi sosial dövlət quruculuğunu davamlı və dayanıqlı olaraq ciddi elmi əsaslar üzrə həyata keçirir. Bu da, şübhəsiz ki, başlıca strateji məqsədə – yüksək rifah cəmiyyəti quruculuğu işinə əhəmiyyətli töhfələr verməkdədir!

Kamal ADIGÖZƏLOV

Seçilən
35
xalqqazeti.az

1Mənbələr