AZ

Azərbaycanın YENİ QARABAĞ STRATEGİYASI: 30 min insan artıq bu ərazilərdə yaşayır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri ölkəmizin gücünü, iradəsini və əzmini bütün dünyaya nümayiş etdirir. Bu ərazilər uzun illər davam edən erməni işğalından sonra Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və qətiyyətli mövqeyi sayəsində əsl dirçəliş dönəminə qədəm qoyub. Bu gün həmin ərazilərdə 30 mindən çox insan yeni və xoşbəxt həyata qayıdıb, bölgənin tarixi kimliyi, mədəni irsi və təbiəti yenidən canlanmağa başlayıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpasını yüksək səviyyədə təmin etmək üçün hərtərəfli layihələrə başlayıb. Bu layihələrin hər biri milli mədəniyyətin, sosial rifahın və iqtisadi dayanıqlığın təmin olunmasına yönəlib. Prezidentin şəxsən apardığı nəzarət və göstərdiyi diqqət bu bölgələrin inkişafı üçün hərtərəfli dəstəyin təmin edilməsində əvəzsizdir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri bir neçə əsas istiqamətə bölünür. İlk olaraq, infrastrukturun bərpası və inkişafı diqqət mərkəzindədir. Yollar, körpülər, elektrik xətləri, su və qaz təminatı kimi mühüm infrastruktur layihələri sürətlə həyata keçirilir. Prezidentin tapşırığı ilə beynəlxalq səviyyəli mütəxəssislər və modern texnologiyalarla təchiz edilmiş yerli şirkətlər bu işlərə cəlb edilib. Bu, işğaldan azad edilmiş əraziləri müasir yaşayış və turizm mərkəzinə çevirmək üçün atılan mühüm addımlardır.

Azad edilən ərazilərdə həyata keçirilən bərpa işlərinin əsas məqsədlərindən biri 30 minlik əhalinin yurdlarına qayıdışını təmin etməkdir. Bu çərçivədə yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, sosial xidmət mərkəzləri tikilib və bu proses davam etməkdədir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu ərazilərdə bərpa işlərini şəxsən izləyir və yerlərdə həyata keçirilən hər bir layihəyə xüsusi qayğı göstərirlər.

Müasir standartlara uyğun inşa edilən yaşayış kompleksləri vətəndaşların rahatlığını təmin etməklə yanaşı, onların sosial rifahını da yüksəltməyə xidmət edir. Bu, məhz dövlət başçısının “Böyük Qayıdış” layihəsinə və vətəndaşlarının rifahına verdiyi böyük önəmin göstəricisidir. Bu qayıdış həm də Azərbaycanın tarixi kimliyinin, milli-mənəvi dəyərlərinin dirçəlişinə səbəb olur.

Onu da bildirək ki, Prezident İlham Əliyevin xüsusi diqqət göstərdiyi məsələlərdən biri də Qarabağın mədəniyyət beşiyi sayılan Şuşanın və Ağdamın bərpasıdır. Şuşa şəhəri Azərbaycanın mədəni paytaxtı elan olunaraq, burada qədim tarixi-mədəni abidələrin bərpası sürətləndirilib. Şuşada tarixi memarlıq üslubuna uyğun şəkildə tikilən yeni obyektlər, mədəniyyət mərkəzləri və turizm infrastrukturu Azərbaycanın zəngin tarixini dünyaya təqdim etmək üçün əvəzsiz platforma yaradır. Dövlət başçısının xüsusi nəzarəti ilə həyata keçirilən bu layihələr Azərbaycanın qədim və dəyərli tarixini yenidən canlandırır.

Dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə ekoloji məsələlərə də xüsusi diqqət ayrılıb. Bu ərazilərin uzun illər boyunca erməni işğalı altında qalması təbiətə və ekosistemə böyük ziyan vurmuşdu. Bu gün həmin torpaqlarda bərpa işləri ilə yanaşı, ekoloji layihələr də həyata keçirilir. Su mənbələrinin bərpası, meşələrin yenidən salınması, çayların təmizlənməsi kimi mühüm ekoloji addımlar atılır. Çünki Azərbaycanın bu bölgələri “yaşıl enerji” layihələri üçün də nəzərdə tutulub. Prezidentin təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən – külək və günəş enerjisindən istifadə edilməsi planlaşdırılıb. Bu həm regionun enerji müstəqilliyini təmin edəcək, həm də Azərbaycanın ekoloji sabitliyə verdiyi önəmi göstərəcək.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa işləri Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və yüksək idarəetmə qabiliyyətinin birbaşa nəticəsidir. Bu bərpa prosesi Azərbaycanın dövlətinin bu bölgələrə göstərdiyi dərin qayğı və xalqına olan sevgisinin ifadəsidir. Bu gün həmin ərazilərdə yaşayan 30 mindən çox insan yeni və parlaq gələcəyə doğru addımlayır, doğma yurdlarında, işıqlı evlərində firavan həyat sürür.

Onu da demək yerinə düşər ki, bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Maraqlısı budur ki, Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Xülasə, işğaldan azad edilmiş ərazilərdə start götürən təmir-bərpa və quruculuq işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirəndə isə hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insanın məskunlaşdığını deyə bilərik. Bundan başqa, Azərbaycan dövlətinin əsas planlarından biri məhz budur ki, Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülsün.

Qısacası, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixi torpaqlarında milli irsini, mədəniyyətini və təbiətini yenidən dirçəldir. Azərbaycanın işğaldan azad edilmiş əraziləri inkişaf etmiş şəhərləri, güclü infrastrukturu və zəngin turizm potensialı ilə bütün dünyanın maraq dairəsinə çevriləcəkdir. Prezidentin verdiyi tapşırıqlar və göstərdiyi qayğı bu ərazilərin yenidən həyatla dolmasını təmin edir və Azərbaycanın müasir və qüdrətli bir dövlət olaraq gələcəyə inamla addımladığını bir daha sübut edir.

Rafi Müslümov

Seçilən
24
yenicag.az

1Mənbələr