AZ

Azərbaycanı dünyada məşhurlaşdıran “Möcüzələr adası”

Neft Daşları – 75

1949-cu ilin payız günlərinin birində Xəzərin coşqun dalğalarını ram edən qəhrəman Azərbaycan neftçilərinin gərgin əməyi öz bəhrəsini verib. Həmin dövr üçün əsl möcüzəyə bərabər ilk dəniz quyusu fontan vurub, “Qara Daşlar”ın köksünü dəlib çıxan “qara qızıl” çətin dəniz şəraitində gecə-gündüz yorulmaq bilmədən çalışan neftçilərin üzünü ağardıb. 942 metr dərinliyində olan hasilat quyusunun istismara verilməsi ilə dünyada ilk dəfə açıq dənizdə neftçıxarmanın əsası qoyulub. Bununla da “qara qızıl”ın vətəni sayılan Azərbaycanda neft sənayesinin yeni inkişaf mərhələsi başlanıb.

Qəhrəman Azərbaycan neftçilərinin bu şücaəti az müddətdə bütün dünyaya səs salıb. Təsadüfi deyil ki, həmin vaxt bir sıra xarici ölkələrin mətbuat səhifələrində bu barədə geniş məlumatlar dərc edilib, Azərbaycanın alim və mütəxəssislərinin yaratdığı möcüzəyə heyranlıq ifadə olunub. İnsan zəkasının şah əsəri olan Neft Daşları “möcüzələr adası”, “dünyanın səkkizinci möcüzəsi” adlandırılıb. Yeri gəlmişkən, Neft Daşları “Ginnesin Rekordlar Kitabı”na düşən ilk dəniz neftçıxarma məkanıdır. Avropada ilk dəfə olaraq dərinliyi 3 min 183 metr, mailiyi 2 min 40 metr olan quyu isə qazma sürətinə görə rekord qazanıb.

Xatırladaq ki, “Neft daşları” yatağı Xəzər dənizində, Bakı şəhərindən 110 kilometr şimal-şərqdə yerləşir. Burada ilk kəşfiyyat quyusunun qazılmasına 1949-cu il iyunun 24-də başlanıb. İstismar müddətini başa vurmuş “Çvanov” gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan “Qala” lay dəstəsinə qazılan quyu noyabr ayının 7-də gündəlik 100 ton debitlə istismara verilib. Beləliklə, Azərbaycanın neft sehrbazları “Qara Daşlar”ın əsrlər boyu gizlətdiyi sirrin üstünü açmağa müvəffəq olublar.

1949-cu ilin soyuq, küləkli dekabr günlərində ilk quyunun buruğunu növbəti qazma sahəsinə keçirən neftçilər böyük çətinliklə üzləşiblər. İlk baxışdan quyunun qazılmasına hazırlıq işləri olduqca çətin görünsə də, peşəkar neftçilərimiz bunun da öhdəsindən məharətlə gəlilər. Tanınmış neft biliciləri Sabit Orucov, Ağaqurban Əliyev və məşhur qazmaçı Yusif Səfərovun təklifi ilə əlavə xərclərə və işçi qüvvəsinə yol vermədən daha 6 köhnə gəmi gətirilərək ərazidə süni ada yaradılıb. Beləliklə, sonradan neftçilərin “Yeddi gəmi adası” adlandırdıqları ərazidə ikinci kəşfiyyat quyusunun qazılmasına başlanılıb. 1950-ci ilin birinci yarısında bu quyunun da uğurla istismara daxil edilməsi ilə “Neft daşları” rayonunda karbohidrogen ehtiyatlarının mövcudluğu tam sübuta yetirilib. Bununla da, yataqda kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət alıb. 1951-ci il fevralın 18-də isə neftlə dolu ilk tanker sahilə yola salınıb. Çətin dəniz şəraitində çalışan, dalğalarla üz-üzə qalan qəhrəman neftçilərimiz bir neçə ildən sonra “Neft Daşları” yatağında, polad dirəklər üzərində əfsanəvi bir məkanın — yeni qəsəbənin bünövrəsini qoyublar.

Ötən müddətdə “möcüzələr adası”nda insan əli ilə əsl xariqələr yaradılıb, neftçilərin normal işləməsi və istirahəti üçün misilsiz işlər görülüb. Belə ki, 1950-ci illərdə tirlər üzərində salınmış 2 qəsəbədə 24 ədəd iki mərtəbəli yataqxana binası və digər lazımi sosial obyektlər tikilib. 1975-ci ildən başlayaraq süni adada 5 ədəd beşmərtəbəli və 2 ədəd doqquz mərtəbəli yataqxana binası, beşmərtəbəli idarə binası, mədəniyyət sarayı, çörək zavodu, xəstəxana, idman meydançası, mağazalar, kitabxana, yeməkxana və başqa obyektlər tikilərək neftçilərin sərəncamına verilib.

Burada polad dirəklər üzərində 200 kilometrə yaxın estakada salınıb, 333 istehsal meydançası quraşdırılıb, 100 kilometrlərlə neft, qaz və su kəmərləri çəkilib. Beləliklə, Xəzərin qoynunda polad dirəklər üzərində salınmış gözoxşayan çoxsaylı estakadalar Azərbaycan neftçiləri üçün əsl sınaq, hünər meydanına çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, “Neft daşları” yatağından indiyədək, təqribən, 180 milyon ton neft və 14 milyard kubmetrdən çox təbii qaz hasil olunub. Bütün bu nəticələr isə dərin insan zəkasının, insan əməyinin nəticəsidir.

Ötən əsrin 70-ci illəri isə “Neft daşları” yatağının inkişafında “qızıl dövr” kimi xarakterizə olunur. Təsadüfi deyil ki, həmin dövrdə üç dəfə “möcüzələr adası”na səfər edən ümummilli lideri Heydər Əliyev Neft Daşlarını Azərbaycanın çoxmillətli zəhmət adamlarının əmək qəhrəmanlığına ucaldılmış möhtəşəm abidə kimi dəyərləndirib.

Azərbaycan neft sənayesini yeni inkişaf mərhələsinə ucaldan Prezident İlham Əliyev də Neft Daşlarını Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəri, çox gözəl inkişaf nümunəsi kimi xarakterizə edib. Dəniz şəraitində müasir infrastruktura malik istehsalat “şəhəri”nə çevrilən Neft Daşlarının öz inkişafının yeni mərhələsini yaşadığını vurğulayan dövlətimizin başçısı yatağın zəngin ehtiyatlarının bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəyini bildirib.

Yeri gəlmişkən, Azərbaycan dəniz neft sənayesinin flaqmanı sayılan “Neft daşları” yatağı işlənmənin son mərhələsində olmasına baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ tükənməyib. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il bundan qabaq “Neft daşları” yatağında illik hasilatın 1,2 milyon tona çatdırılmasını neftçilərin qarşısında mühüm bir vəzifə kimi qoyub. Dövlət başçısının tapşırığından irəli gələn məslələrin həlli istiqamətində görülən işlərin nəticəsidir ki, qocaman “Neft daşları” yatağı indi özünün yeni yüksəliş dövrünü yaşayır.

Bu gün “möcüzələr adası”nda çalışan 4 minədək insanın normal yaşayışı və fəaliyyəti üçün hər şey var. Ən başlıcası isə, çətin dəniz şəraitində çalışan neftçilər getdikcə artmaqda olan dövlət qayğısını daha çox hiss edirlər. Bütün bunlar şərəfli peşə sahiblərində ölkənin, onun neft sənayesinin gələcək inkişafına inamı artırır, onları yeni-yeni nailiyyətlərə ruhlandırır. Elə ilin əvvəlindən uğurlu start götürən neftçilər özlərinin ikinci evi saydıqları Neft Daşlarının 75 illik yubileyini də uğurlu texniki-iqtisadi göstəricilərlə qeyd edirlər.

 

Seçilən
32
1
xalqqazeti.az

2Mənbələr